Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:28

Azərbaycanda uroloq-cərraha qarşı 1 milyonluq məhkəmə iddiası


İllüstrativ foto
İllüstrativ foto

Böyrək daşı əməliyyatından sonra ikitərəfli beyin insultu keçirən paytaxt sakini Anar Gözəlov indi özünü idarə edə bilmir.

Onun xanımı, uzun illər “Lider” telekanalında aparıcı, ardından da bu ilin fevralınadək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində mətbuat katibi çalışmış Günel Gözəlova beş verənlərə görə cərrah-uroloq Araz Bayramovu günahkar sayır. Bu üzdən, həkimi məhkəməyə verərək, 1 milyon təzminat tələb edir.

İddianı Nərimanov rayon Məhkəməsində hakim Vüqar Quliyev araşdırır. İddiaçının nümayəndəsi qismində çıxış edən Günel Gözəlova deyir ki, həyat yoldaşı 2021-ci ilin fevralında əməliyyata girəndə böyrək ağrılarından başqa heç bir şikayəti yox idi:

“Əməliyyatdan sonra uzun müddət yoldaşımı bizə göstərmirdilər. Onu görəndə, sanki insan cildində deyildi. Keçmiş polis əməkdaşı, Prezident Qvardiyasında xidmət etmiş adam anlaqlı vəziyyətdə əməliyyata daxil olub, anlaqsız vəziyyətdə çıxdı. Araz həkimə güvənimiz həyat yoldaşımın əlil olmasıyla nəticələndi. Həyatımız darmadağın oldu. Yoldaşım məni tanımır, qışqırırdı...”

“Sağlam girdi, beyin insultuyla çıxdı”

Gözəlovanın sözlərinə görə, qan analizlərinin nəticələri, əslində, həmin vaxt həyat yoldaşının əməliyyata hazır olmadığını göstərib. Amma onlar tibb işçisi olmadıqlarından bunu bilməyiblər. Həkimin özü isə buna diqqət yetirməyib və ya əhəmiyyət verməyib:

“Nəticədə sağlam adam əməliyyata girib, beyin insultu ilə çıxdı”.

Cavabdeh həkim məhkəməyə qatılmasa da, onu nümayəndəsi və vəkili Asif Mədətov təmsil edib.

Vəkil iddia ərizəsinə etirazını bildirib və Gözəlovun bu duruma düşməsində müvəkkilinin günahıolmadığını söyləyib:

“Bu haqda yazılı əsaslandırmamızı da növbəti iclasda təqdim edəcəyik”.

Məhkəmə əməliyyatın diskinə baxacaq

Hakim cavabdehin vəkilindən əməliyyatın diskini istəyib, çünki iddiaçı tərəfin dediyinə görə, belə əməliyyatlar normalda təxminən iki saat çəkir. Sözügedən halda isə əməliyyat 6 saata yaxın sürüb. Bu iddia ilə razılaşmayan vəkil Asif Mədətov əməliyyatın diskini məhkəməyə təqdim edəcəyinə söz verib.

Gözəlovlar ailəsi həkimdən Nərimanov rayon prokurorluğuna da şikayət edib.

Əməliyyat “Buta” klinikasında baş tutub. Klinikanın baş həkimi, cərrah Araz Bayramovun atası Eldar Bayramovdur.

Araz Bayramov ünvanına səslənən ittihamları təkzib edib. O bildirib ki, Anar Gözəlovun hazırkı durumunun – keçirdiyi beyin insultunun böyrək əməliyyatıyla əlaqəsi olmayıb:

“Xəstə klinikada yatdığı günlərdə daim yoxlanılıb. Axşam saatlarında bitən əməliyyatdan sonra xəstənin ümumi vəziyyəti keçirdiyi əməliyyata və aldığı narkoza tam uyğun olub. Gecə saatlarında xəstə yatdığına görə növbəti gün təkrar yoxlandıqda danışığında qeyri-adekvatlıq sezilib və dərhal nevropatoloqun göstərişi əsasında beyin kompüter tomoqrafiyası edilib. Beyində xroniki işemik insult ocaqların birinin yarımkəskinləşməsi aşkar olunub. Bu problemlə əlaqəli bütün lazımi tədbirlər və müalicələr edilib”.

XS
SM
MD
LG