Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:26

Professorun evinə basqın edənlərə hökm oxundu


Həbs
Həbs

Bakıda fəaliyyət göstərən «Uroloji Mərkəz» klinikasının sahibi, professor Kamal Abdullayev və həyat yoldaşının əl-qolunu bağlayıb, evlərini talamaqda təqsirləndirilən beş nəfərə ümumilikdə 57 il 6 ay həbs cəzası verilib. İyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu hadisə ilə bağlı hökm çıxarılıb.

Təqsirləndirilən beş nəfərdən biri professorun sürücüsü Firdovsi Əliyevdir. İttihamda yazılıb ki, evi talamaq təklifi də ondan gəlib. O biri təqsirləndirilən Anar Əmirova deyib ki, K.Abdullayev klinikanı böyük tikinti şirkətlərindən birinə satıb və 2 milyon pul alıb. Evdə çoxlu pul, qızıl-brilyant var. A.Əmirov da bu işə Natiq Musayevi və onun əmisi oğlu Elməddini, Bəhruz Hacızadəni cəlb edib. Bir müddət professoru izləyiblər. Qərar veriblər ki, hadisədən sonra orada olduqlarını sübut edəcək iz qalmasın deyə, telefonlarını Elməddinə versinlər, o da onları avtovağzalda gözləsin. İşi başa çatdırandan sonra Bərdə rayonuna getməkdən ötrü taksi də danışıblar.

«İki ay işlədim, maaşımı vermədi»

İttihamda yazılıb ki, bu adamlar maskalı vəziyyətdə evə daxil olanda K.Abdullayev və həyat yoldaşı yatıbmış. Onların əllərini başlayıb, 2 milyonun yerini soruşublar. Ancaq klinika sahibi o qədər pulu olmadığını deyib.

Evdən 5 min dollar, 2 min 200 manat, qiymətli ətir və kəmər, üç telefon, 20 min manata dəyərləndirilən «Franck Muller» qızıl saatı və K.Abdullayevin qaz tapançasını aparıblar.

Professorun keçmiş sürücüsü isə deyir ki, ittihamda yalan yazılıb, onun ümumiyyətlə, bu hadisəyə aidiyyəti olmayıb: «İki ay sürücüsü işlədim, pulumu vermədi. Həmin gün maaşımı almağa gəlmişdim, yenə verməyəndə əsəbi çıxdım, Anarla qarşılaşdım. Hirsimdən Anara dedim ki, filan qədər pulu, maşınları var, mənim pulumu vermir. Bundan sonra heç nədən xəbərim olmayıb. Bir dəfə polisə çağırdılar, mən də getdim. Kamal Abdullayev 350 manat maaş verəcəkdi, onu da radarlara görə çıxmışdı».

Təqsirləndirilən Anar Əmirov da bildirib ki, Elməddin Musayevlə Firdovsi Əliyevin evə basqından xəbəri olmayıb: «Hadisədən 2-3 ay əvvəl Kamal Abdullayevin xəstəxanasının qarşısında Firdovsi ilə qarşılaşdım. Maaşını almaq üçün gəlmişdi, daha 2 ay onu görmədim».

A.Əmirovun sözlərinə görə, zərərçəkmiş professor hadisə vaxtı onlardan birini tapança ilə vurub: «Qadına dedim ki, səninlə işimiz yoxdur. İki-üç dəqiqə sonra nəsə partlayış səsi gəldi. Kişi qaz tapançası ilə Natiqi sinəsindən vurdu. Qadının ürəyi sıxıldı, mən onu otaqdan çıxardım. Sonradan Kamaldan tapançanı da, xəncəri də aldıq».

A.Əmirov əlavə edib ki, professor və həyat yoldaşının əl-ayağını bağlamayıblar: «Kişidən pulun yerini soruşdum, dedi, aşağıdadır. İki konvert var idi, biri dollar, biri manat. Saymadan götürdüm. Sonra baxdıq ki, 5 min dollar, 2 min 200 manat idi».

Ancaq Bakı Ağır Cinayətlər Məhkəməsi onların beşini də quldurluqda təqsirli bilib. A.Əmirov və N.Musayevin hər biri 12 il 6 ay, B.Hacızadə 11 il 6 ay, F.Əliyev 11 il, E.Musayev isə 10 il azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG