Keçid linkləri

2026, 28 Avqust, cümə, Bakı vaxtı 18:24

Ünvanlı sosial yardım alanlarn sayı da azalıb, adambaşına məbləği də. Pensiyaçılar da azalır

Ünvanlı sosial yardım almaq məşəqqəti...
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Ünvanlı sosial yardım almaq məşəqqəti...

Bir nəfərə düşən orta aylıq məbləq 97,94 manat təşkil edib

Azərbaycanda son bir ildə də ünvanlı sosial yardım (USY) alanların sayı azalıb. Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatlarında bununla bağlı bütün məlumatlar yer alır.

DSK-nın sonuncu hesabatında qeyd edilir ki, 2026-cı il iyulun 1-i vəziyyətinə 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Onun bir nəfərə düşən orta aylıq məbləği 97,94 manat təşkil edib.

Halbuki, bu qurum ötən il açıqlamışdı ki, həmin ilin iyulun 1-i 80,3 min aztəminatlı ailənin 353,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Onun bir nəfərə düşən orta aylıq məbləğ də 100,37 manat olub.

Görünür, təkcə ÜSY alan ailələr azalmayıb, üstəlik, onun bir ailə üzvünə düşən məbləği də azalıb.

ÜSY alanların sayında son 10 ildə daha kəskin azalma müşahidə edilir. 2017-ci il iyulun 1-də ölkədə 120.3 min aztəminatlı ailənin 498.4 min üzvünə ÜSY verildiyi açıqlanmışdı.

Azərbaycanda ÜSY verilməyə başlayanda (2006-cı il) uşaqpulu kəsilmişdi. Bəzi sosial şəbəkə istifadəçiləri belə bir sual verirlər: Ünvanlı sosial yardım alanlar azalırsa, uşaqların sosial müdafiəsi gücləndirilməli deyilmi?

Son illər bir çox müxalifət partiyaları da aylıq uşaq müavinətlərinin verilməsinin bərpa edilməsini təklif edirlər. Amma, hələlik, parlamentdəki hakim çoxluq belə təkliflərə müsbət yanaşmır.

Pensiyaçıların sayı da azalır

DSK-nın məlumatına görə, 2026-cı il iyulun 1-də Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 100 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1103,3 min) pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,7 faizini təşkil edib.

Pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594,4 manat təşkil edib və orta aylıq əməkhaqqının 50,6 faizinə bərabər olub.

Son illər Azərbaycanda pensiyaçıların sayında da azalma müşahidə edilib.

Müqayisə üçün, 2023-cü ilin əvvəlində ölkədə pensiyaçıların sayı 1 milyon 114 min 200 nəfər idi. Azərbaycanın müstəqillik qazandığı 1991-ci ildə isə bu göstərici 1 milyon 127 min nəfər olub. Ən yüksək həddə isə pensiyaçıların sayı 2006-cı ildə çatıb – 1 milyon 398.8 min nəfər.

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliyə əsasən, pensiya yaşı hər il altı ay artırılırdı. Kişilər üçün bu proses 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək davam edərək 65 yaş həddində dayanıb. Qadınların pensiya yaşı isə 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla 65-ə çatdırılıb.

Müxalifət və bəzi müstəqil iqtisadçılar ölkədə pensiya yaşının artırılmasını tənqid ediblər.

XS
SM
MD
LG