Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:42

Universitetin kafedra müdirindən 80 min niyə alınıb?


Pul
Pul

Azərbaycan Kooperasiya Universitetinin kafedra müdiri Fazil Abbasov oğlu Anarı kolleclərdən birinin rəhbəri təyin etdirmək istəyib. Bundan ötrü 80 min manat da pul verdiyini deyir. Amma pul da gedib, iş də düzəlməyib. Çoxsaylı danışıqlardan sonra həmin pulun 29 min 500 manatını ala bilib.

Kafedra müdiri özü Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə ərizəsində belə yazıb. Prokurorluqda da belə ifadə verib.

Bu məsələ hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Bu işə görə təqsirləndirilən şəxs kimi hakim önünə iki nəfər çıxarılıb - Əvəz Babayev Süleyman İbrahimov. Ə.Babayev cinayət məsuliyyətinə cəlb olunana qədər Maliyyə Nazirliyi Aparatında çalışıb. Ondan öncə isə nazirliyin regional şöbələrindən birində işləyib. Onların hər ikisinə CM-nin 178 (dələduzluq) və 34.312 (rüşvət verməyə təhrik) maddələri ilə ittiham verilib. Amma heç biri özünü təqsirli bilməyib.

«Pulumu geri ala bilmirdim»

Aprelin 17-də məhkəmədə kafedra müdiri şahid kimi dindirilib. O, pulun verilmə səbəbiylə bağlı ərizəsində yazdığından və istintaqdakı ifadəsindən fərqli danışıb. Deyib ki, Ə.Babayevə 80 mini meyvə-tərəvəz biznesindən ötrü vermişdi: «Sonra iş alınmadı, pulun 29 min 500 manatını geri qaytardı».

Kafedra müdirinə onun ərizəsini və prokurorluqdakı ifadəsini xatırladıblar.

«Əvəz nazirliyin Aparat rəhbərliyində işləyəndə oğlumla əlaqə saxlayıb, işləyib-işləmədiyini soruşub. Oğlum da işsiz olduğunu deyib. Əvəz Babayev oğluma Bakıda kolleclərin birinə işə düzəldəcəyini vəd edib. Buna görə Əvəz Babayevə oğlum Anar və qohumum Zöhrabla birlikdə 80 min manat pul verdik», – istintaqa ifadəsi belədir.

F.Abbasov məhkəmədə deyib ki, pulun verilmə səbəbiylə bağlı bilərəkdən elə ifadə verib: «Pulumu geri ala bilmirdim. Fikirləşdim ki, elə ifadə versəm, yaxşı olar».

Prokuror onun yadına salıb ki, istintaqda da, məhkəmədə də dindirilməmişdən öncə yalan ifadəyə görə cinayət məsuliyyəti haqda xəbərdar olunub. Bir halda ki, özü yalan danışdığını etiraf edir, cinayət məsuliyyətinə cəlb edilə bilər.

Bundan sonra kafedra müdiri təsdiqləyib ki, oğlunun işə düzəldilməsini istəyib: «Süleymanı da Əvəzin vasitəsilə tanımışam. Onlardan xahiş etdim ki, nüfuzunuzdan istifadə edib, oğlumu işə düzəldin...».

Ali Məhkəmənin Plenumunun qərarı var ki, əgər şəxs pulu qanunsuz işlər görmək üçün rüşvət kimi veribsə, bu halda o, zərərçəkən kimi tanına bilməz. Prokuror deyib ki, görünür, F.Babayev də bu üzdən ifadəsini dəyişməyə cəhd edirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG