Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 22:47

Yaxında bəzi universitetlər Bakıdan köçürülə bilər


İnternet kəsildisə, "qayib" hazırdır - Azərbaycan universitetləri distant təhsil proqramlarını necə seçir?
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

İnternet kəsildisə, "qayib" hazırdır - Azərbaycan universitetləri distan təhsil proqramlarını necə seçir?

Son illər Azərbaycanda regionların inkişafı və milyonlarla insanın yaşadığı Bakıda tıxacların azaldılması məqsədilə bəzi nazirliklərin, universitetlərin rayonlara köçürülməsi ilə bağlı təkliflər səslənir. Dünən, noyabrın 23-də də ölkə parlamentində yenidən bu məsələ gündəmə gətirilib.

F.Mustafa
F.Mustafa

"Elə nazirliklər var ki, rayonda da…"

Belə təkliflərin müəlliflərindən Milli Məclisin deputatı Fazil Mustafa "Turan"a bildirib ki, ağıllı təkliflərin dərhal dəyərləndirilməsi ənənəsi çox da yoxdur: "Gərək tam bankrot ola, gərək tam o sahədə çöküş olsun ki, bunun bərpası haqqında düşünək".

Onun sözlərinə görə, müəyyən müəssisələr Bakıdan regionlara köçürülməlidir: "Elə nazirliklər var ki, rayonda da fəaliyyət göstərə bilər, onun regional dəyəri daha çoxdur. Elə universitetlər də var ki, onları regionlara yaymaq lazımdır".

Onun fikrincə, bu məsələləri daha çevik həll etmək lazımdır: "Çünki vaxt keçdikcə məsələ daha da ağırlaşır".

C.Məmmədov
C.Məmmədov

"Köçürmədən daha çox…"

Deputat Ceyhun Məmmədov isə hesab edir ki, köçürmədən daha çox, bölgələrdə yeni universitetlərin və müəssisələrin yaradılması barədə düşünmək lazımdır: "Bölgələrdə çoxlu yeni iş yerlərinin yaradılması Bakıda əhalinin sıxlığının azaldılmasına ciddi töhfə verə bilər. Hazırda bölgələrdə bir sıra universitetlər fəaliyyət göstərir. Ora qəbulun artırılması və müvafiq infrastrukturun yaradılması məqsədəuyğun olar".

Onun sözlərinə görə, bu baxımından Qarabağ Universitetinin yaradılması xüsusi önəm daşıyır. Nazirliklərin bölgələrə köçürülməsinə gəlincə, deputat bunu hazırda məqsədəuyğun hesab etmir: "Çünki bir sıra hallarda vətəndaş paytaxta gələrək burada bir neçə quruma ona lazım olan müraciətləri edir. Belə olanda bir məsələ üçün bir rayona, digər məsələ üçün başqa rayona getməlidir".

N.Cəfərli
N.Cəfərli

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, köçürülmə planlaşdırılmış şəkildə olmalıdır: "Buna həm Bakının yükünün azaldılması və həm də regionların iqtisadiyyatda rolunun artırılması kimi baxmaq lazımdır. Ölkə gəlirlərinin formalaşmasında regionlar cəmi 11 faiz paya malikdir. Bu, regionlarının inkişaf etmədiyinin, bu vaxta qədər qəbul edilən üç regional dövlət proqramının yerinə yetirilmədiyinin bariz nümunəsidir".

"Universitetlər iqtisadi fürsətləri yaradan alətdir"

Onun sözlərinə görə, müəyyən dövlət və hökumət institutlarının regionlara köçürülməsi həmin rayonlara olan cazibənin artmasına səbəb olur: "Universitetlər iqtisadi fürsətləri yaradan bir alətdir. Bir universitetdə 10-15 min tələbə oxuyursa, minə yaxın müəllim və texniki işçi çalışırsa, bu, böyük bir qəsəbənin yaranmasına səbəb olur. Bunun ətrafında kafelər, restoranlar, hostellər və bununla da iqtisadi fürsətlər yaranır".

İqtisadçının fikrincə, regionlarda xarici universitetlərin filiallarını açmaq daha məntiqli olardı: "Bununla da Bakıdakı universitetlərə maraq azalardı və paytaxtda əhalinin sayı da azalardı".

K.Əsədov
K.Əsədov

Ali məktəblərin çoxu Bakıdadır

Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna deyib ki, hazırda respublika üzrə 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət göstərir: "Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Ölkədə ümumilikdə 167 min 662 tələbə bakalavr, 13 min 442 tələbə isə magistr pilləsi üzrə təhsil alır. Tələbələrdən 142 min 687 nəfər Bakıda təhsil alır".

Ekspert deyir ki, paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur: "Danılmazdır ki, ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi paytaxtda tıxac probleminin həll edilməsində vacib amillərdən biri ola bilər".

"Kampusların yaradılması nəzərdə tutulur"

K.Əsədov qeyd edib ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların (təhsil kоmpleksi və ya şəhərciyi) yaradılması nəzərdə tutulur: "Bu o deməkdir ki, yaxın vaxtlarda biz universitetlərin Bakıdan kənara köçürülməsinin şahidi ola bilərik. Artıq Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıdakı filialı və Bakı Ali Neft Məktəbi şəhər ətrafına köçürülüb".

Ekspert hesab edir ki, önəmli olan təhsilin keyfiyyətidir.

XS
SM
MD
LG