Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Universal insan kimdir


Tarixən universal insanlar ən azı üç fərqli sahəyə ciddi töhfə veriblər. Leonardo da Vinci rəssam, ixtiraçı və anatom olub.
Tarixən universal insanlar ən azı üç fərqli sahəyə ciddi töhfə veriblər. Leonardo da Vinci rəssam, ixtiraçı və anatom olub.

1930-cu illərin sonu – 40-cı illərin əvvəllərində Hedy Lamarr Hollivudun gözü idi. Onun yaratdığı fam-fatal obrazları məşhur idi. Ancaq Lamarr-ın müasirləri arasında çox az adam onun həm də ixtiraçı olduğunu bilirdi. BBC yazır ki, o, daha öncə sevgilisi, aviasiya maqnatı Howard Hughes üçün təyyarələr dizayn etmişdi.

Lamarr özü kimi mühəndisliyə maraq göstərən avanqard pianoçu, bəstəkar və yazıçı George Antheil-la dostlaşır. Bir dəfə onlar düşmənlərin müttəfiqlərin radiosiqnallarını qarışdırdığını görüb çıxış yolu axtarmaq qərarına gəlirlər. Nəticədə siqnalların yeni transmissiya üsulunu ixtira edirlər. «Tezliyi aşan yayılma spektri: (frequency-hopping spread spectrum (FHSS)) kimi tanınan bu üsul Lamarr-ın adına patentləşdirilib. Bu üsuldan bu gün də simsiz texnologiyaların çoxunda istifadə olunduğu bildirilir.

Universal insan

Alimlərin apardığı yeni tədqiqat göstərir ki, müxtəlif sahələrə maraq göstərmək insanın həyatdan zövq almasına, məhsuldarlıq və kreativliyin artmasına yol açır.

Əksər insanlar Lamarr və Antheil kimi uğur qazana bilməsə də, öz sahəsindən fərqli işlərlə məşğul olmağın hamıya faydası var.

«Universal insan» anlayışının kökləri qədim Yunanıstana gedib çıxır. Alimlərin çoxu iddia edir ki, «universal insan» bir-birindən fərqli ən azı iki sahədə bacarıqlarını sübut etməlidir.

Waqas Ahmed bu il çapdan çıxmış «Universal insan» (The Polymath) kitabında bu məsələni araşdırıb.

Ahmed-in özü iş həyatında fərqli sahələrdə çalışıb. Bakalavr dərəcəsini iqtisadiyyat sahəsində alan Ahmed beynəlxalq münasibətlər və nevrologiya sahəsində magistr dərəcələri alıb. Sonradan diplomatik jurnalist və şəxsi məşqçi kimi çalışıb. Məşqçi peşəsini Britaniya silahlı qüvvələrində öyrənib. Bu gün o, dünyanın ən böyük şəxsi incəsənət kolleksiyalarından birinin sənət direktorudur. O, həm də peşəkar rəssamdır.

Buna baxmayaraq o, özünü universal insan saymır. O qeyd edir ki, tarixən universal insanlar ən azı üç fərqli sahəyə ciddi töhfə veriblər. Leonardo da Vinci rəssam, ixtiraçı və anatom olub.

Johann Wolfgang von Goethe böyük şair kimi tanınsa da, eyni zamanda, botanika, fizika və mineralogiya sahəsində dərin biliklərə malik olub. Müasir tibb bacısı sənətinin əsasını qoyan Florence Nightingale isə, eyni zamanda, uğurlu statistik və teoloq idi.

Fərdiyyətçilik, ətraf mühitin təsiri

Ahmed bu bioqrafiyaları və psixologiya sahəsində yazılmış kitab və məqalələri araşdıraraq universal insanları bu səviyyəyə gətirib çatdıran keyfiyyətləri müəyyən edib.

Ahmed-in sözlərinə görə, orta səviyyədən üstün zəka mühüm rol oynasa da, açıqfikirlilik və hər şeylə maraqlanmaq da vacib keyfiyyətlərdir. Bundan başqa, universal insan çox vaxt özünə güvənir, maraqlandığı sahələri müstəqil öyrənməyə çalışır. O, həm də fərdiyyətçidir – onun əsas motivi öz maraq və bilik ehtiyacını təmin etməkdir.

Üstəlik, bu keyfiyyətlər daha bütöv dünyagörüşünün bir hissəsidir. «Universal insan təkcə fərqli sahələr arasında hərəkət etmir, o, həm də bu sahələr arasında fundamental əlaqələr axtarır, hər biri haqda dərin unikal biliklər əldə etməyə çalışır», – Ahmed deyir.

Ahmed ətraf mühitin təsirini də vurğulayıb. Onun sözlərinə görə, uşaqlar təbii olaraq fərqli sahələrlə maraqlanırlar. Ancaq məktəb, universitet, sonradan iş bizi daha çox ixtisaslaşmağa məcbur edir. «Demək, düzgün yol göstərilərsə, əslində daha çox insanın universal olmaq bacarığı var», – BBC yazır.

Corc Vaşinqton Universitetinin doktorantı Angela Cotellessa müasir universal insanlardan müsahibə götürüb və belə nəticəyə gəlib ki, belə insanlar təkcə hər şeylə maraqlanmır, onlar həm də yüksək emosional çevikliyə malikdirlər. «Cəmiyyət bizə ixtisaslaşmalı olduğumuzu deyir. Bu adamlar bunu etməyənlərdir. Onlar öz yollarını kəşf ediblər», – o deyir. İnsanların çoxunda cəmiyyətin qoyduğu normalara qarşı çıxmaq üçün kifayət qədər iradə və özünənəzarət bacarığı yoxdur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG