Oktyabrın 26-da məcburi şəkildə hərbi xidmətə aparıldığı bildirilən Ülvi Həsənli bu gün, noyabrın 12-si hərbi and içir.
AzadliqRdaiosuna bu barədə andiçmə mərasimində Ülvi Həsənlini ziyarət edən NİDA Vətndaş Hərəkatının koordinatoru Samir Əsədli danışıb.
Samir Əsədli bildirib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən Ülvi Həsənlinin durumu qənaətbəxşdir, heç bir təzyiq yoxdur. Andiçmədən sonra onun hərbi xidmətini harda davam edəcəyi məlum olacaq.
Buna da bax: Məhkəmə Ülvi Həsənlinin şikayətinə baxmayıb
XATIRLATMA
İctimai-siyasi fəal gənclərin birliyi olan NİDA Vətəndaş Hərəkatınınfəalı Ü.Həsənli oktyabrın 26-sı hərbi xidmətə aparılıb. Bununla bağlı hərəkat məlumat yaymışdı.
Məlumatda vurğulanırdı ki, müayinədən ötrü getdiyi xəstəxanada onu hərbi polis saxlayıb.
Verilən məlumata görə, revmatizm və böyrək ağrılarından əziyyət çəkən Ülvi Həsənli sonuncu dəfə bu ilin əvvəlində tibbi müayinədən keçib. Ona 2019-cu ilədək möhlət hüququ verilib.
Ancaq oktyabrın əvvəlində onu yenidən hərbi komissarlığa dəvət ediblər.
“Hərbi Komissarlıqda təkrar müayinə zamanı onun böyrəyində daş və iltihab olduğu təsdiqlənsə də, Ülvi Həsənliyə əlavə müayinələr təyin olunub“, – deyə hərəkatın açıqlamasında qeyd edilirdi.
Oktyabrın 25-i keçirilən əlavə müayinələr zamanı isə onunböyrəyinin sağlam olduğu bildirilib.
Hərəkatdan həmçinin vurğulayıblar ki, Ü.Həsənli sağlıq durumu imkan verdiyi halda, hərbi xidmətə hazır olub.
Vəkillərinin deməsinə görə isə, Ülvi Həsənli deyib ki, ona saxlanarkən fiziki güc tətbiq edilib.
Ancaq əlaqəli rəsmi qurumlardan gəncin işgəncəyə məruz qalması ilə bağlı deyilənlərə, hələ ki, münasibət almaq mümkün olmayıb.
NİDA Vətəndaş Hərəkatı ictimai-siyasi fəal gənclərin birliyidir. Təşkilatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir. Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.