Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Oktyabr, bazar, Bakı vaxtı 14:57

Ulduzlar sosial mediada necə davransın


Justin Bieber

Yeni evlənmiş müğənni Justin Bieber-in hamilə qalması haqda 1 aprel zarafatı sosial media istifadəçilərinin xoşuna gəlməyib.

David BeckhamKris Jenner kimi məşhurlar və hətta Bieber-in anası Pattie Mallette onun bu zarafatını gülməli saysalar da, çoxları onu «biabırçı» və «iyrənc» adlandırıblar.

BBC yazır ki, müğənni bu zarafata görə üzr istəyib, daha sonra övlad sahibi ola bilməyən insanlara qarşı hissiyyatsız davranmaq niyyətində olmadığını yazıb.

«Mən zarafatcılam və bu, 1 aprel zarafatı idi», - o əlavə edib.

İstifadəçilərin həssaslığının günümüzdə bu qədər artması sosial medianın hər şeyi şişirtmək imkanları ilə məşhurları izləmə mədəniyyətinin sintezinin nəticəsidir.

«Sosial medianın unudulmuş ironiyası»

ABŞ-da yerləşən Media Psixologiyasını Araşdırma Mərkəzinin direktoru Pamela Rutledge deyir ki, sosial media şəbəkələrinin mahiyyəti fanatların parasosial münasibətlər formalaşdırmasına, başqa sözlə, postların sayəsində həmin məşhuru şəxsən tanıdığını düşünməsinə yol açır.

Ulduzlarsa bundan öz səslərini sosial qruplara daha çox çatdırmaq üçün istifadə edirlər. Rəqəmsal era başlananadək bu imkanların bugünkü miqyasını təsəvvür etmək belə qeyri-mümkün idi.

Pamela Rutledge-in sözlərinə görə, cəmiyyət çox zaman mediada görünənləri mühüm insanlar kimi qəbul edir və bu prosesdə məşhurlar rol model və influenser kimi görülür. O, bu halı «sosial medianın unudulmuş ironiyası» adlandırır.

Rutledge deyir ki, ulduzlar çox vaxt onları yüksəyə qaldıran şeylərin onların özəl həyatına və son nəticədə həm də ifadə azadlığına mane olduğunu unudurlar.

Sosial mediadakı münasibətlərdən qaynaqlanan güclü bağlılıq hissi bir çox fanatın hər şeyə şəxsi reaksiya verməsinə yol açır. Onlar ulduzu başqalarının hücumlarından qorumağa cəhd edə, yaxud da məşhur şəxsin onların dünyagörüşünə zidd davranışına kəskin reaksiya verə bilərlər.

«Şişirtmədən mənfəət gözləyib əlacsız duruma düşməmək mümkün deyil», - Rutledge deyir.

Bu qütbləşmə sosial medianın mexanikası sayəsində daha da dərinləşir. Əvvəllər qəzəb kiçik qruplarla məhdudlaşırdısa, indi internet hər şeyi milyonların arasında yayır.

Yel Universitetinin professoru Molly Crockett-in rəqəmsal erada əxlaqi qəzəb mövzusunda məqaləsində qeyd edilir ki, internet platformaları qəzəb və informasiya mübadiləsinin motivlərini kökündən dəyişib.

Qəzəb və pul

Justin Bieber sosial mediada paylaşılmış bir postun gözlənilməz mənfi reaksiyası ilə üzləşən yeganə adam deyil.

Platformalar geniş yayılmanı təmin edən alqoritmlər vasitəsilə bir-biri ilə yarışa giriblər. Başqa sözlə, qəzəb doğuran kontent daha çox pul gətirir.

İstifadəçilərin reaksiyası da eyni cür işləyir. Real həyatda hansısa aqibətlə üzləşmə ehtimalının olmaması, özünüifadənin asanlığı ifrat şərhlərə yol açır. Məsələn, Facebook-un reaksiya düymələri həmin bu məqsədə xidmət edir. Bir növ, layk və izləmələrin sayının artması bu qəzəbi qiymətə mindirir.

Psixoloq Geraldine Joaquim sual edir ki, daim əyləncə, öyrənmək və təəccüb axtarışında olan auditoriya ilə üzləşən ulduzlar bunun öhdəsindən necə gəlməlidirlər?

«5W» ictimai əlaqələr şirkətinin rəhbəri, böhran menecmenti mütəxəssisi Ronn Torossian deyir ki, sosial media dövründə «zaman sizin tərəfinizdə deyil».

«İctimai üzr istəməyiniz, bir qayda olaraq, insidentdən sonrakı ilk 24 saat ərzində gözlənilir. …Əlbəttə, Bieber bu qədər ziddiyyət doğurmaq istəmirdi. Ancaq böhranı heç vaxt əvvəldən görmək olmur. Böhranı böhran edən də budur», – o deyir.

XS
SM
MD
LG