Ukraynadakı müharibədə öldürülən rusiyalıların sayı ölkənin şərqində ukraynalı döyüşçülər arasındakı itkiləri sanki kölgədə qoyub. “The New York Times” qəzetində Endrü Kramer Ukrayna qüvvələrinin Rusiyanın amansız atəşinə məruz qalmasından yazır.
Yaralı əsgərlərlə dolu ambulansda Ukrayna ordusunun serjantı Vladislav Qonçarenko səngərdə başına gələnləri danışıb. “Çox güclü partlayışlar eşidirsən. Torpağın dərinliyinə girmək istəyirsən. Qəlpələr üstündə milçək kimi uçuşur. Əsgərlər bunun sadəcə dayanmasını istəyirlər”, – o deyib.
Hazırda döyüşlər Donbas regionunda gedir, Rusiya qüvvələri Sevedonetsk şəhərini tutmaq üzrədir, şəhərin 80 faizinin ələ keçirildiyi bildirilir. Prezident Volodimir Zelenski bu həftə deyib ki, günə 60-100 ukraynalı döyüşçü öldürülür, 500 əsgər isə yaralanır.
Sursat yoxdur, artilleriya susur
Qəzet yazır ki, Ukrayna artıq Ərazi Müdafiə Qüvvələrinin minimum təlim görmüş könüllülərini cəbhəyə göndərməyə başlayıb. Bir bölümün yaydığı videoda pis şəraitə etiraz bildirilir.
Əsgərlər isə müsahibələrində bəzən artilleriya silahlarının sursat olmadığına görə susduğunu deyiblər.
Qərb artıq Ukraynaya artilleriya sistemləri söz versə də, onların çatdırılması bir neçə həftə çəkə bilər, bu silahların Rusiyanın geri oturdulmasından ötrü vaxtında Ukraynaya çatıb-çatmayacağı aydın deyil. Ötən həftə Ukrayna Svitlodarsk şəhəri yaxınlığında, səkkiz ildir Rusiyanın dəstəklədiyi separatçılarla müharibədə müdafiə olunduğu mövqelərdən çıxarılıb.
Müharibə başlayanda Ukrayna ordusunun Donbasda 30 minədək əsgəri vardı, amma hazırkı rəqəmlər bəlli deyil. İtki sayına gəlincə, Prezident Zelenski apreldə 3 mindən az əsgərin öldürüldüyünü deyirdi. Onun son bəyanatları isə itki sayının xeyli yüksək olduğunu göstərir.
Narazılıq
Müəllif könüllü döyüşçülər arasında, azından bəzi hissələrdə narazılıq yarandığını yazır. Onlar müharibənin ilk günlərində yalnız öz doğma şəhərlərini qorumaq üçün silahlı dəstələrə yazılıblar. Aralarında müəllim, proqramçılar, taksi sürücüləri var. İndi isə bəzilərini şərqə döyüşməyə göndərirlər. Mayın 3-də qəbul olunmuş qanun döyüşçülərin doğma regionlarından kənarda döyüşə göndərilməsinə icazə verir. Bəziləri yalnız cəbhəyə çatandan sonra təlim görür.
Rusiyanın da müharibədə itkisi ağır olub. Bir ABŞ rəsmisinin bu həftə dediyinə görə, Rusiya ordusunun ümumi döyüş qüvvəsi 20 faizədək azalıb. NATO martın sonunda 7 mindən 15 minədək Rusiya əsgərinin öldürüldüyünü hesablamışdı.
Bəzi hərbi təhlilçilər isə indilik müharibənin sonunu görmürlər.
“Bu müharibədə torpağa nəzarət dəyişəcək, münaqişədə məntiqi dayanma nöqtəsi, pat vəziyyəti görünmür. Uzun müharibə olacaq”, – Arlinqtonda C.N.A. tədqiqat institutunun Rusiya araşdırmaları üzrə direktoru Maykl Kofman deyib.