Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 03:27

Bolqarıstan sərhədini 500 min ukraynalı qaçqın keçib, amma...


Ukraynalı qaçqınların Bolqarıstanda etiraz aksiyası
Ukraynalı qaçqınların Bolqarıstanda etiraz aksiyası

Ömür boyu anesteziologiya şöbəsində tibb bacısı işləmiş Svetlana Deniçenko müharibədən qaçaraq Bolqarıstana gedib. Ancaq orada peşəkar bacarıqlarının gərəkmədiyini hiss etməyə başlayıb. Buna görə də ona təklif olunan xidmətçi, təmizlikçi və aşpaz köməkçisi işlərini qəbul etməli olub.

"Varnadakı bütün xəstəxanalara iş üçün müraciət etdim, ancaq mənə zəng vurmadılar”, - Deniçenko AzadlıqRadiosunun Bolqarıstan xidmətinə deyib.

6,5 milyon əhalisi olan Bolqarıstan Avropa İttifaqının (Aİ) ən yoxsul ölkəsidir. Bolqarıstanda ukraynalı qaçqınlarla işləyən könüllülər və mütəxəssislər AzadlıqRadiosuna uyğun iş təcrübəsi olan qaçqınların, həkim və tibb bacısı qıtlığı yaşandığı halda səhiyyə sektorunda iş tapa bilmədiyini deyirlər.

Bolqarıstanda siyasi müzakirə iş yerlərindən çox, qaçqınların yerləşdirilməsi məsələsinə fokuslanıb. Qaçqınların turist otellərinə yerləşdirilməsi proqramı bağlanmaq təhlükəsi ilə üz-üzədir. Qaçqınlara ya pul ödəməli, ya da evə dönməli olduqları deyilir.

Ödənişlər dayandırılacaq

Oktyabrın 31-də Daxili İşlər Naziri İvan Demerdjiyev dövlətin Ukrayna qaçqınlarına yer verən otellərə pul ödəməyi dayandıracağını elan edib. Bu plana görə öz ciblərindən ödəniş edə bilməyən qaçqınlar dövlətə aid evlərə köçürüləcək.

Ancaq Demerdjiyevin açıqlamasına baxmayaraq, Bolqarıstanın Nazirlər Şurası noyabrda otel proqramını 2023-cü il fevralın 24-dək uzadıb. Bolqarıstan Aİ-nin üzvü olduğundan birliyin Müvəqqəti Qoruma Direktivinə əməl etməlidir. Direktivdə deyilir ki, qaçqınların üç il ərzində işləmək, ev (daldalanacaq), təhsil, maliyyə dəstəyi almaq və tibb xidmətlərinə çıxış hüququ var.

Aİ-nin verdiyi imtiyazlar praktikada uğurlu nəticələrin olması demək deyil. Üstəlik, Bolqarıstanda problem ev, yerləşdirilmə məsələsindən qat-qat daha böyükdür.

500 min ukraynalı sərhədi keçsə də...

Rusiyanın Ukraynaya hücuma başlamasının üstündən 9 aydan çox vaxt keçsə də, Bolqarıstanın hələ də qaçqınların cəmiyyətə inteqrasiyası ilə bağlı strategiyası yoxdur. Bir-birini əvəzləyən hökumətlər bu sahədə tələsik və xaotik qərarlar qəbul edirlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, müharibə başlanandan bəri 500 mindən artıq ukraynalı qaçqın Bolqarıstan sərhədini keçib. Ancaq UNHCR və UNICEF-in iyula aid rəqəmlərinə görə, qaçqınların yalnız 87 mini Bolqarıstanda qalıb.
Kiyevdən bir saatlıq məsafədə yerləşən Çerniqovdən olan Deniçenko Varnaya mayda gəlib. Varnada yaşayan tanışı ona qalmağa yer təklif edib.

"Müharibədə könüllü kimi döyüşən 26 yaşlı oğlum var. Təhlükəsiz yerdə olmağım üçün məni ölkədən çıxmağa məcbur etdi”, – deyən Deniçenko altı aydır ki, Bolqarıstanda yaşadığını və heç nədən şikayətinin olmadığını əlavə edir. Yeganə şikayəti burada peşəsini işlədə bilməməsidir.

Oktyabrın sonunda ona bir əczaçılıq şirkətinin anbarında iş təklif olunanda dərhal qəbul edib.

Svetlana Deniçenko
Svetlana Deniçenko

Tibb işçisi qıtlığı

Bolqarıstanın səhiyyə sektorunda iş qıtlığı yoxdur. Çox sayda həkim və tibb bacısı, xüsusən də karyeralarının ilkin mərhələlərində olanlar daha yaxşı maaş, yüksək yaşayış standartları, daha yaxşı karyera imkanları üçün xaricdə işləməyə üstünlük verirlər.

Bolqarıstanın Milli Statistika İnstitutunun məlumatına görə, 2021-ci ildə ölkədə tibb bacılarının sayı 2019-cu ildəkinə nisbətən 1730 nəfər azalıb. Bu, iki ildə 6% azalma deməkdir. İyunda Bolqarıstan Radiosu ölkə boyu kəskin tibb işçisi qıtlığı haqda xəbər yayıb. Açıq Cəmiyyət İnstitutunun hesabatına görə, bolqarıstanlı həkimlərin yalnız 5%-nin yaşı 30-dan aşağı olub. Hesabatda həmçinin deyilir ki, Bolqarıstanda həkimlərin 1/3-i təqaüd yaşına çatıb.

Ölkədəki siyasi qeyri-sabitlik nəticəsində siyasətçilər Ukrayna qaçqınları ilə bağlı normal strategiya işləyib hazırlaya bilməyiblər.

1500 ukraynalıdan 150-si

2020-ci ildən bəri Bolqarıstanda dövlət korrupsiyası ilə bağlı etirazlar baş verir. Mühafizəkar “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı naminə” (GERB) təşkilatı və onun lideri Boyko Borisov bu etirazların əsas hədəfinə çevrilib. Borisov 2010-cu illərdə Bolqarıstanın baş naziri olub.

Ancaq oktyabrın 2-də Bolqarıstan xalqı 18 ayda dördüncü dəfə seçkiyə gedərək GERB-ə 25%-dək səs verib. Bu isə o deməkdir ki, hələ də ölkədə qəfil seçkilər keçirilə bilər.

Bəzi siyasətçilər hökumətin ukraynalı qaçqınlarla bağlı siyasətini tənqid ediblər. AzadlıqRadiosuna danışan millət vəkili Kremena Kuneva deyir ki, tibb sektorunda çalışan 1500 ukraynalı Bolqarıstana gəlsə də, onların ancaq 150-si qalıb. “Ölkəmiz bu insanları saxlamaq üçün qətiyyən heç bir şey etməyib”, – korrupsiya əleyhinə, Aİ tərəfdarı “Demokratik Bolqarıstan” seçki alyansının üzvü olan Kuneva deyir.

O, oktyabrın sonlarında baş nazir səlahiyyətlərini icra edən Qalab Donevə, habelə səhiyyə, əmək və sosial siyasət nazirlərinə suallarını göndərdiyini deyir. Onun suallarından biri hökumətin ukraynalı qaçqınların inteqrasiyası ilə bağlı hər hansı planlarının olub-olmaması haqdadır.

Xarici diplomların qəbulu

Kunevanın sözlərinə görə, Bolqarıstanda əsas problemlərdən biri səhiyyə və təhsil sektorlarında xarici diplomların qəbul edilməsidir. Avropa Komissiyasının tövsiyələrinə rəğmən, Bolqarıstan heç vaxt Ukraynadan qaçan insanların xarici dərəcələrinin qəbulu ilə bağlı sadələşdirilmiş prosedurları qəbul etməyib.

Bolqarıstan Helsinki Komitəsinin Qaçqın və miqrantların hüquqi müdafiəsi proqramının direktoru İliana Savova da siyasətçilərin məsələyə yanaşmasının qeyri-effektiv olduğunu deyir.

O deyir ki, hökumət rəsmiləri problemin müvəqqəti olduğunu düşünərək qaçqınlar üçün yer məsələsi ilə məşğul olmağı vacib saymayıblar. "Burada məsələ insanlara özlərini dolandırmaq və müəyyən qədər normal həyat sürmək imkanının, o cümlədən işləmək hüququnun verilməsidir”, – o deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG