Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba ilk taxıl yükünün yola salınmasını “dünya üçün yüngüllük” adlandırıb.
“Bu, dünya, xüsusilə Yaxın Şərq, Afrikadakı dostlarımız üçün yüngüllükdür. Rusiyanın aylarla çəkən blokadasından sonra Odessadan Ukraynanın ilk taxıl yükü yola salınıb. Ukrayna daim etibarlı tərəfdaş olub, Rusiya sazişin öz hissəsinə sayqı göstərərsə, belə də qalacağıq”, – Kuleba tvitində yazıb.
Türkiyənin Müdafiə naziri Hulusi Akar avqustun 1-də Anadolu dövlət xəbər agentliyinə deyib ki, Razoni avqustun 2-də birgə təftiş üçün İstanbul sahilində lövbər salacaq.
BMT-nin Baş katibi Antonio Quterres, sözçüsünün avqustun 1-də dediyinə görə, xəbəri “ürəkdən” alqışlayıb.
***
Ukrayna taxılını daşıyan ilk gəmi avqustun 1-də Odessa limanından çıxıb.
İnfrastruktur naziri Oleksandr Kubrakov Razoni gəmisinin Odessadan çıxdığını, avqustun 2-də İstanbula çatacağının gözlənildiyini bildirib.
O, Twitter-də İstanbul razılaşmasının icrasında dəstəyə görə tərəfdaş ölkələrə və BMT-yə təşəkkür edib.
Razonidə 26 min tondan çox qarğıdalı var. Məlumatı İstanbulda yerləşən, ixraca nəzarət edən Birgə Koordinasiya Mərkəzi yayıb.
***
Türkiyənin Müdafiə Nazirliyi avqustun 1-də Razoni gəmisinin Odessadan çıxdığını bildirir. Ancaq Ukrayna hələlik, xəbəri təsdiqləməyib.
Gəminin avqustun 2-də Türkiyə sularına girəcəyi, təftişdən sonra Livanın Tripoli limanına yollanacağı bildirilir.
***
Avqustun 1-də səhər Odessa limanından Ukrayna taxılının ilk partiyasının yola salınacağı gözlənir. Məlumatı Türkiyə yayıb. Bu arada Rusiya qüvvələri Ukraynanın cənubunu bombardman etməkdədir.
Türkiyənin Müdafiə Nazirliyinin məlumatına görə, yerli vaxtla 8:30-da Sierra Leonenin bayrağı ilə üzən və qarğıdalı yüklənmiş Razoni yük gəmisi Odessa limanını tərk etməlidir. “Dəniz dəhlizi” ilə digər karvanların da yola düşəcəyi bildirilir.
Türkiyə və BMT-nin nəzarətilə...
Ukrayna və Rusiyanın iyulun 22-də Türkiyə və BMT ilə imzaladığı razılaşmalara görə, Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan blokadaya salınmış üç liman – Odessa, Çornomorsk və Yujnedə hərəkət bərpa olunur.
Bu razılaşma ilə milyonlarla ton taxıl və gübrənin dünya bazarlarına yolu açılır.
Türkiyə Prezidenti Receb Tayyib Ərdoğanın sözçüsü iyulun 31-də demişdi ki, “böyük ehtimalla” avqustun 1-də Ukraynadan ilk taxıl daşıyan gəmi çıxacaq.
Prezident Volodimir Zelenski ötən həftə bildirib ki, Ukrayna cənub limanlarından milyonlarla ton taxılı göndərməyə hazırdır və əməliyyatın başlaması üçün daşımalara nəzarət edəcək Türkiyə və BMT-ni gözləyir.
Ukrayna və Rusiya dünyanın ən böyük taxıl ixracatçılarıdır.
Cənub bombardman olunur
Bu arada Rusiya iyulun 31-də Ukraynanın cənubundakı Nikolayev liman şəhərini raket atəşinə tutub, “Nibulon” kənd təsərrüfatı şirkətinin qurucusu və sahibi Aleksey Vadaturski və həyat yoldaşı həlak olub.
Ukraynanın cənubundakı Nikopol şəhəri də atəşə tutulub. Nikopolda yaşayış məntəqələrinə 50 Qrad raketinin atıldığı, bir nəfərin yaralandığı, evlərin, qaz və su borularının dağıdıldığı bildirilir.
Rusiya qüvvələri Ukraynanın şərqində Baxmut istiqamətində taktiki hücum cəhdləri edirlər. Britaniyanın Müdafiə Nazirliyi avqustun 1-də gündəlik bülletenində Rusiyanın ləng irəlilədiyini bildirir.
Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya Donbasdakı hücumu nizamlamağa çalışır. Apreldən başlanan planda qətiyyətli irəliləyiş əldə olunmayıb.
Zelenski evakuasiyaya çağırır
Zelenski isə Donetsk vilayətinin qalan sakinlərini təcili evakuasiyaya çağırıb, bunun “hökumətin qərarı” olduğunu deyib.
“Hər şey təşkil olunur. Tam dəstək, tam yardım – həm logistik, həm də ödənişlər. Bizə yalnız adamların, qərara gələ bilməyənlərin qərarı lazımdır”, – o, iyulun 31-də gecə müraciətində deyib.
“Bu nə qədər tez edilsə, Donetsk vilayətini nə qədər çox adam tərk etsə, Rusiya ordusu daha az adam öldürəcək”, – Zelenski vurğulayıb.
Rusiyanın işğal etdiyi Sevastopolda isə Rusiyanın beş donanma üzvünün mümkün ehtimal olunan dron zərbəsi nəticəsində yaralandığı bildirilir. Məlumatı Rusiya mediasına Krımdakı limana Moskvanın təyin etdiyi qubernator Mixail Razvoşayev verib.