Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 08:04

Ukraynalılara qeyri-leqal Rusiya dərmanı: 'Sxemı' preparatlar satan qaçaqmal şəbəkəsini üzə çıxarıb


"Elfarm" şəbəkəsinin apteki
"Elfarm" şəbəkəsinin apteki

AzadlıqRadiosu Ukrayna xidmətinin araşdırma qrupu "Sxemı"nın jurnalistləri Kiyevdə tammiqyaslı müharibə zamanı, bütün qadağalara baxmayaraq, Rusiyada hazırlanan dərmanlar satan aptekin olduğunu üzə çıxarıb. Aptek özəlliklə Rusiya bazarı üçün istehsal edilən Qərb dərmanları da satırmış.

"Sxemı" Ukrayna ərazisinə qaçaqmal yolu gətirilən və, deməli, yoxlanılmamış dərmanların keçirildiyini üzə çıxarıb. Belə yasaq dərmanlar lisenziyalı apteklərin piştaxtalarına gedib çıxır və ukraynalılara satılır.

Kiyevdə 1500-dən artıq aptek fəaliyyət göstərir

On milyardlarla qrivna həcmində gəlir gətirən bu iri əczaçılıq biznesini dövlət tənzimləyir (10 milyard qrivna indiki kursla 243.5 milyon ABŞ dollarıdır - red.). Ancaq dövlət heç də həmişə bu vəzifənin öhdəsindən gələ bilmir. Qadağa və tammiqyaslı savaş olsa da, bəzi apteklər Rusiyada istehsal edilən dərmanlar satır.

Kiyevdə fəaliyyət göstərən və "Sxemı"nın üzə çıxardığı belə əczaçılıq şirkətlərindən biri "Elfarm" apteklər şəbəkəsidir. Dövlət lisenziyası olan bu şəbəkə artıq altı ildir iş başındadır.

Şəbəkə girişlərindəki lövhə rus dilində də olan iki aptekdən ibarətdir. Halbuki Ukraynada küçə reklamlarının yalnız dövlət dilində olmasına dair dil qanunu var. Üstəlik, bu apteklər qıraqdan da fərqli görünür.

"Klassik apteklərə bənzəməməsi qəribə təsir bağışlayırdı, çünki vitrinlərə çox az dərman vasitəsi, dərman və s. qoyulmuşdu. Adama elə gəlirdi ki, bu, olsa-olsa, görünüş üçündür. Bir də məni təəccübləndirən aptekə adamların bir-bir buraxılması idi. Yəni sən girirsən, …başqası gözləməlidir", - "Elfarm" aptekinin bir müştərisinin sözləridir. O öz güvənliyindən narahat olduğuna görə adının çəkilməməsini istəyib.

Həkim onun qohumuna qanı durultmaqdan ötrü "rus" dərmanı yazıb. O, dərmanı internetdə axtararkən "Elfarm" aptekinə rast gəlib.

"Bu dərman Kiyevdə, demək olar, bir neçə aptekdə idi. Eyni şəbəkə idi. Dərman da vitrində deyildi. Onu anbardan gətirdilər. Görünür, Ukrayna bazarı üçün deyildi. Bu, Rusiya bazarı üçün Rusiya istehsalı idi. Təlimat rus dilində, istehsalçının cizgi-kodu Rusiya", - həmin müştəri belə deyir.

"Biznesdə aqressor ölkəyə havadarlıq halı sübuta yetirilərsə…"

Ukraynada Rusiya və Belarusda istehsal edilən dərmanlar 2022-ci ilin iyunundan bəri qadağandır. Qanunun pozulmasına görə lisenziyadan məhrumetmə və 1700 qrivna (təxminən 42 dollar -red.) məbləğində cərimə cəzası nəzərdə tutulub. Di gəl, bəzən cəza bundan da ciddi ola bilər: Rusiya Federasiyası ilə biznesdə aqressor ölkəyə havadarlıq halı sübuta yetirilərsə, buna görə 12 ilədək həbs cəzası almaq olar.

"Sxemı" aşkar edib ki, bu apteklər şəbəkəsi satışı yalnız Ukraynada yasaqlanan, xarici bazar üçün nəzərdə tutulan dərmanların satışı ilə məşğuldur. Qıt və qadağan edilmiş preparatlar "Elfarm"ın iş sahəsidir.

İnternet forumlarında hələ 2019-cu ildə bu barədə yazsalar da, "Elfarm" 2022-ci ilədək dərman vasitələri üzrə dövlət xidmətinin keçirdiyi bütün yoxlamaları uğurla keçib.

O zamandan - Rusiyanın tammiqyaslı müdaxiləsindən bəri dövlət xidmətinin yoxlamaları məhdudlaşdırılıb. Yoxlamalar yalnız insanların həyat və sağlamlığına təhlükə törədəcək pozuntu əlamətləri olarsa, aparılır.

Bəs yasaq sayılsa da, Rusiya bazarı üçün istehsal edilən dərmanlar Ukraynaya necə gəlib çıxır? Baş Prokurorluğun əməkdaşı bildirir ki, qaçaqmalçılar bundan ötrü üçüncü ölkələrin ərazilərindən yararlana bilərlər.

"Məsələn, Belarus, Avropa və ya Türkiyədən keçən bəlli çatdırma zənciri var. Dərmanlar Türkiyə, Aİ, Asiya ölkələri və istənilən ölkə ərazisində satın alına, daha sonra kiçik partiyalarla Ukraynaya gətirilə bilər. Bunun üçün heç bir məsuliyyət nəzərdə tutulmayıb", - Baş Prokurorluğun prokuroru Valeri Zimoqlyadın sözləridir.

Eşqin və Elvin Bağırovlar
Eşqin və Elvin Bağırovlar

"Elfarm" iki qardaşın adına qeydiyyatdan keçirilib

Qardaşların hər ikisi Azərbaycan vətəndaşıdır - 26 yaşlı Eşqin və 29 yaşlı Elvin Bağırovlar Kiyevdə yaşayırlar.

Onlar dövlət xidmətindən aptek biznesi üçün ilk lisenziyalarını 2018-ci ildə alıblar. Elə o vaxtdan da dərman alış-verişində çalışırlar. Elvin Bağırov "Sxemı" əməkdaşlarının araşdırma məqsədilə sifariş etdiyi Rusiya istehsalı olan "Korteksin" preparatını onlara öz adından poçtla göndərmişdi. Jurnalistlər bu dərmanı telefonla Bağırovların aptekinə zəng vuraraq sifariş etmişdilər.

Şəbəkəyə daxil iki aptekin hərəsi potensial olaraq ildə 6 milyon qrıvna (146 min dollar) qazana bilər.

"Sxemı" Bağırovların tapılmayan dərmanları bazar qiymətindən üç-dörd dəfə baha satdığını üzə çıxarıb.

Bağırov qardaşları tələbəlik illərindən Kiyevdə yaşayırlar. Sosial şəbəkələrdə Kiyevdəki bir ali təhsil ocağında oxuduqlarını yazıblar.

Hüquqi şəxslərin reyestrindən götürülmüş bilgiyə görə, Bağırov qardaşları Kiyevdə, kiçik qardaş Eşqinin evində qeydiyyatdadırlar. Rusiya istehsalı olan dərmanları isə müştərilərə evlərinin yanındakı poçt şöbəsindən göndərirlər.

Məhkəmə reyestrindəki çoxsaylı işlər böyük qardaş Elvinin narkotik vasitə istifadəçisi olmasına işarə edir.

Bir məhkəmə qərarında Elvin Bağırov barədə belə deyilir: "Nəqliyyat vasitəsini – "Mercedes" markalı avtomobili narkotik sərxoşluq halında idarə edib. Göz bəbəkləri genişlənib və işığa reaksiya vermir, üzü solğundur, əl barmaqlarında gözəçarpacaq titrəmə var. Sürücü… iki şahid önündə narkotik sərxoşluq halı ilə bağlı müayinədən boyun qaçırıb…".

Bağırovların evində axtarış aparılıb
Bağırovların evində axtarış aparılıb

Rusiya dərmanlarını satmadığını deyib

Polis Elvini ilk dəfə 2020-ci ilin fevralında narkotik sərxoşluq halında avtomobilin sükanı arxasında saxlayıb. Sonradan bu hal iki dəfə təkrarlanıb. Son nəticədə məhkəmə Elvini üçilliyinə avtomobil sürmək hüququndan məhrum edib.

"Sxemı" aptek biznesi ilə bağlı suallarını vermək üçün Bağırovlarla əlaqə saxlayıb.

"Sxemı" jurnalistinin "Elfarm" aptekinin nə üçün Ukraynada yasaqlanan Rusiya dərmanları satması haqda sualına cavab olaraq, Elvin Bağırov əvvəlcə ukraynaca anlamadığını deyib. Eyni sual ona rus dilində veriləndə o, Rusiya dərmanları satmadığını deyib. Halbuki "Sxemı"nın əlində bunun əksini sübut edən dəlillər var.

Son nəticədə Bağırov dəstəyi asıb.

"Sxemı"nın müxbirləri dövlət xidmətinə üz tutaraq "Elfarm"ın qanunsuz preparatlar sata bilməsinin səbəbini soruşub. Xidmətin əməkdaşları bildiriblər ki, son altı ildə vətəndaşlardan gələn on şikayət üzündən "Elfarm" apteklərində səkkiz yoxlama aparılıb. Bu yoxlamalar zamanı üç dəfə pozuntular aşkar edilib, hüquq-mühafizə orqanları həmin pozuntular barədə bilgiləndirilib və qardaşlar cərimələnib.

"Bir çox həkim… onlardan öz faizlərini alır"

Ancaq göründüyü kimi, bütün bunlar "Elfarm" apteklərinin bağlanmasına və lisenziyalarının ləğvinə səbəb olmayıb. Onlar hələ də qanunsuz dərmanlar satmağa davam edirlər.

"Bir çox həkim belə dəllallarla əməkdaşlıq edərək onlardan öz faizlərini alır. Bunlar açıqlanmayan istintaq hərəkətlərinin icrası zamanı müəyyən edilən faktlardır", - Baş Prokurorluğun prokuroru V.Zimoqlyad deyir.

"Sxemı" hüquq-mühafizə orqanlarına da müraciət edib və onların "Elfarm"ın qanunsuz dərman satışlarından xəbəri olub-olmadığını soruşub. Nəticədə Bağırovların apteklərində axtarış aparılıb.

"Elfarm"dan alınmış "Wobenzym"in qutusunun üzərində Rusiya Federasiyasının qeydiyyat sertifikatının nömrəsi var. İstehsal tarixi: Noyabr 2022
"Elfarm"dan alınmış "Wobenzym"in qutusunun üzərində Rusiya Federasiyasının qeydiyyat sertifikatının nömrəsi var. İstehsal tarixi: Noyabr 2022

Polis Bağırovlardan çoxu Rusiyada istehsal olunan 50-dən artıq dərman vasitəsini müsadirə etdiyini bildirib. Hüquq-mühafizə orqanlarında çalışan mənbələrdən əldə edilən məlumata görə, "Elfarm"dan müsadirə edilən preparatlar arasında "Korteksin" və "Vobenzim" də olub. "Sxemı" daha öncə həmin aptekdə bu preparatın olduğunu üzə çıxarmışdı. Bundan başqa, müsadirə edilən dərmanlar arasında İsveçrənin "Roche" şirkətinin yalnız Türkiyə bazarı üçün istehsal etdiyi "Altuzan" da olub. Ukraynada satış sertifikatı almayan bu dərmanın Türkiyənin özündə belə 2020-ci ildən bəri yalnız bəzi onkoloji xəstəliklərin müalicəsi üçün istifadəsinə icazə verilir.

Onlarla insan kor olub

Ötən ilin martında Lvovun NGL.Media nəşri qaçaqmal yolu ilə gətirilən və saxtalaşdırılan "Altuzan"dan oftalmoloji müalicə üçün istifadə nəticəsində Ternopol vilayətində onlarla insanın kor olması haqda xəbər dərc edib.

Hüquq-mühafizə orqanları "Elfarm"dan müsadirə edilən dərmanların ekspertizaya göndərildiyini bildirib. Araşdırma davam edir, ancaq Bağırov qardaşları şübhəli şəxs elan edilmədiklərindən Azərbaycan vətəndaşı olaraq sərbəst şəkildə sərhədi keçə bilərlər. Ölkədəki hərbi vəziyyət və açılmış cinayət işi onlara mane ola bilməz.

"Sxemı" "Elfarm"ın polis yoxlamasından sonra yasaq Rusiya dərmanlarının satışını dayandırıb-dayandırmadığını yoxlamaq üçün eksperiment keçirib və yenə Rusiya istehsalı olan "Korteksin"i ala bilib. Bu isə onu deməyə əsas verir ki, "Elfarm" gerçəkdən cinayət məsuliyyətindən çəkinmir.

XS
SM
MD
LG