Rusiya iki həftə öncə Ukraynaya hücuma başlayanda bütün dünyada belə bir fikir vardı ki, Prezident Vladimir Putin qərb qonşusu üzərində sürətli və asan hərbi qələbə qazanacaq.
Amma Rusiya qüvvələri ukraynalıların sərt müqaviməti ilə üzləşdilər. Paytaxt Kiyevə hücumun gözləndiyi bir vaxtda “The Washington Post” qəzeti yazır ki, Bayden administrasiyası və müttəfiqləri bu münaqişənin hərbi fazasının necə bitəcəyini aydın görə bilmirlər. Qəzet 17 administrasiya rəsmisi, diplomat, siyasətçi, ekspertdən müsahibə alıb.
Qalib olmayacaq
Ölümlərin artacağı, dirənişin daha da uzanacağı, Ukraynada dağıntıların çoxalacağı, kütləvi humanitar böhranın dərinləşəcəyi güman edilir.
Qəzet istənilən halda müharibənin birmənalı qalibin olmayacağını yazır. Hətta Rusiya məğlub olsa belə, Ukrayna xarabalıqlar içində qalacaq, Avropadakı qonşuları humanitar böhranın yükünü çəkməli olacaq.
“Müharibə nə qədər uzansa, bu, Rusiyanın sonucda məğlub olacağı, amma ölü sayının artacağı deməkdir”, – adının çəkilməsini istəməyən bir diplomat deyib.
Qəzetin digər müsahibləri də neytral fikir səsləndirə bilmək üçün adlarının çəkilməsini istəməyiblər.
Kommunikasiya kanalları açıqdır
Co Bayden administrasiyasının aparıcı rəsmiləri deyirlər ki, ABŞ-ın strategiyası Rusiyaya mümkün qədər ağır və davamlı iqtisadi zərbə vurmaqdır. Amma ABŞ Rusiya ilə birbaşa qarşıdurmaya getmək istəmədiyindən, Ukraynaya məhdud hərbi yardım göstərir, NATO müttəfiqləri ilə birlikdə Ukraynanın səmanı bağlama çağırışlarına da dirəniş göstərir.
Administrasiyanın aparıcı rəsmisi ABŞ hökumətinin müharibə başlayandan rusiyalılarla kommunikasiyanı saxladığını bildirir. Fransa, İsrail, Türkiyə və Ukrayna da Kremllə kommunikasiya kanallarını açıb. Amma hələ ki, müzakirələrdə konstruktiv razılaşma əldə olunmayıb. Xarici diplomatlar Putini Ukraynanın “tam demilitarizasiyası” ilə bağlı tələblərini yumşaltmaq üçün dilə tutmaq istəyirlər, amma ABŞ və Fransa rəsmiləri bu danışıqların fayda verəcəyinə skeptik yanaşır, məqalədə deyilir.
Dövlət Departamentinin aparıcı rəsmisi deyib ki, “hazırda rusiyalıların ciddi diplomatiya əhvalında deyillər”.
ABŞ danışığa başqalarını göndərməsin...
Amma qəzetə danışan bəzi təhlilçilər Bayden administrasiyasının oturub Moskvayla danışıqlara digərlərini göndərmək kimi imtiyazı olmadığını düşünürlər. Axı, Rusiya Ukraynanın ən böyük yaşayış mərkəzlərini bombalaya bilər.
“Rusiyalılar fransızlar, türklər, israillilər, yaxud ukraynalılarla bir masada əyləşib güzəştə gedən deyillər”, – Avropa Xarici Əlaqələr Şurasından Ceremi Şapiro deyib.
Şapironun fikrincə, “danışıq yoluyla əldə edilən sülh zorakılığı, eskalasiya riskini azalda, çoxsaylı həyatı xilas edə, hər iki tərəf üçün yumşaq eniş yarada bilər ki, daha sonra onlar daha geniş barışığa gedə bilsinlər”.
Avropadakı rəsmilər Kremlin danışıqlara hazır olmasına skeptik yanaşırlar. Onları hazırda ictimai fikir də təhrik edir, çoxu Rusiyaya sərt addımlar tərəfdarıdır.
“Bunun necə bitəcəyini görmək çətindir”, – bir aparıcı avropalı diplomat deyib. O, bəzi məsələlərdə liderlərin güzəştə gedə bilmədiyini vurğulayıb. Onlardan biri Ukraynanın neytrallığıdır, çünki bunu Ukrayna özü istəmir.