Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 18:20

Ukraynada səfərbərlik qanunu dəyişdirilə bilər


Ukrayna Verxovna Radası
Ukrayna Verxovna Radası

Ukrayna hökuməti ölkə parlamenti – Verxovna Radaya səfərbərlik və hərbi qeydiyyatın təkmilləşdirilməsi haqqında qanun layihəsi təqdim edib.

Qanun layihəsi və onu izah edən sənəd parlamentin saytında yerləşdirilib.

Qanun layihəsinə görə hərbi xidmətə ən yuxarı yaş həddi 27-dən 25-ə endirilir. Bu yaşdan sonra kişilər müddətli xidmətə deyil, səfərbərliyə çağırılır.

Hərbi xidmətdən 6 aylıq fasilə müddəti hüququ yalnız I və II qrup əlillərə, habelə sağlıq durumuna görə müvəqqəti olaraq xidmətə yararsız olanlara, hamilə qadınlara, üç il müddətinə dekret məzuniyyətində olanlara, Ukraynanın həqiqi xalq deputatlarına verilə bilər.

Layihəyə görə məmurlar, İqtisadi Təhlükəsizlik Bürosunun işçiləri, Ukrayna icra hakimiyyətinin əməkdaşları güzəştli fasilə müddətindən məhrum edilirlər.

Bundan başqa hərbi vəziyyət zamanı xidmət etmiş, ehtiyata göndərilmiş və ya əsirlikdən qayıtmış hərbçilər iki il müddətində çağırışa cəlb edilə bilməzlər.

Qanun layihəsində hərbi mükəlləfiyyəti olan şəxslərə çağırış vərəqələrinin çatdırılmasının müxtəlif yolları nəzərdə tutulur.

Bu məqsədlə hər bir çağırışçı, hərbi mükəlləfiyyəti olan şəxs və ehtiyatda olan hərbçilər, o cümlədən daimi olaraq xaricdə yaşayan ukraynalılar üçün elektron formada xüsusi sənədlər tərtib edilir.

Vətənə “borcluların” vahid reyestri

Layihəyə görə Ukraynanın xaricdəki nümayəndəlikləri 18 yaşından 60 yaşınadək olan kişilərə və çağırışçılara, hərbi mükəlləfiyyətli sayılanlara və ehtiyatda olanlara yalnız onların hərbi qeydiyyat sənədləri olduqda konsul xidməti göstərməli, onların pasport almasını təmin etməlidirlər.

Çağırış vərəqəsində göstərilmiş vaxtda hərbi komissarlığa gəlməməyə yalnız təbii fəlakət kimi maneələr, xəstəlik və ya yaxın adamın vəfatı üzrlü səbəb üçün əsas sayıla bilər.

Hərbi mükəlləfiyyətli şəxs və ya ehtiyatda olan hərbçi qanunun tələbinə tabe olmayıbsa belələri “borcluların” vahid reyestrinə daxil edilir. Belə şəxslərə məhdudiyyətlər tətbiq edilə bilər.

Bu məhdudiyyətlərə xarici səfərə, habelə daşınmaz əmlakın alqı-satqısına, sürücülük vəsiqəsi alınmasına və avtomobilin idarə edilməsinə qoyulan qadağan daxildir. Belələri habelə banklardan kredit almaqdan, dövlət müavinətlərindən və güzəştlərindən məhrum edilməlidirlər.

Qanun layihəsində həmçinin inzibati və cinayət məcəllələrinə düzəlişlər edilməsi, o cümlədən cərimələrin artırılması təklif olunur.

Mövcud qaydalar

Ukraynanın mövcud qanunlarına görə hazırda səfərbərlikdən yayınmağa görə 3-5 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Lakin hüquqşünaslar deyirlər ki, məhkəmələr adətən belə hallarda yüngülləşdirici məqamlar tapmağa və şərti cəza verilməsinə çalışırlar.

Ukrayna prezidenti Volodimir Zelenski bu yaxınlarda səfərbərliyin çox “həssas mövzu” olduğunu vurğulamışdı.

Prezident demişdi ki, o hərbi komandanlığa orduya 450-500 min nəfərin səfərbər edilməsi planının hazırlanmasını tapşırıb.

Zelenski əlavə etmişdi ki, hazırda təkcə səfərbərlik deyil, həm də iki ildir döyüşənlərin ordudan tərxis olunması haqqında düşünmək lazımdır.

O “orduda qadınların qulluq etməsini nəzərdə tutan səfərbərlik qanununa qol çəkəcəkmi” sualına “yox” cavabı vermişdi.

Statistika

Müharibə dövründə ölkədən çıxışa qoyulmuş qadağana baxmayaraq orduda xidmətdən yayınmaq məqsədilə Ukraynanı 20 min kişi qanunsuz olaraq tərk edib.

Bu barədə Rumıniya, Moldova, Polşa, Macarıstan və Slovakiya sərhədlərinin qanunsuz keçilməsinə dair məlumatlara istinadən BBC yazıb.

Ukraynanın rəsmi məlumatlarına əsasən həmin dövr ərzində ölkə sərhədini qanunsuz keçməyə çalışan 21 min nəfər saxlanıb.

Onların əksəriyyəti və ya daha dəqiq deyilərsə, 14 min nəfəri sərhədi sadəcə olaraq sərhədboyu çayları keçməklə pozmağa cəhd göstərib. Qalan 6800 nəfər isə ölkədən saxta sənədlərlə çıxmağa çalışıb.

Ukrayna Dövlət Statistika Xidmətinin 2022-ci ilə olan məlumatına görə ölkədə həmin dövrdə 18 yaşından 60 yaşınadək olan azı 11 milyon kişi yaşayıb.

Opendatabot layihəsi Dövlət Sərhəd Xidmətinin 2023-cü ilin avqustuna olan məlumatına istinadla bildirib ki, 2.4 milyon ukraynalının ölkəni tərk etməsi və geri qayıtmaması qeydə alınıb.

XS
SM
MD
LG