Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:37

Prezidentliyə namizəd Facebook işini necə qurur


Ukraynalı komediya ustası və prezidentliyə namizəd Volodymır Zelensky-nin seçki qərargahında gənc könüllülər gözlərini kompüter ekranlarına zilləyərək oturublar. Onların işi eyni zamanda həm sosial media saytlarını yalançı hesablardan və öz namizədləri haqda “saxta xəbərlərdən” təmizləmək, həm də rəsmi seçki kampaniyasının səhifələrini mənfi rəylərlə dolduran botlarla mübarizə aparmaqdır.

Seçkiyə cəmi 13 gün qalmış siyasi gərgin mühitdə bu, çox yorucu, heç zaman bitməyən, ancaq həm də çox vacib işdir.

POROSHENKO-NUN TƏKLİFİ

Ölkədə mühüm prezident seçkiləri ərəfəsində “saxta xəbərlər” və xarici müdaxilə ilə mübarizə aparmaq üçün siyasi reklamların sponsorlarından öz kimliklərini ictimaiyyətə açıqlamaları tələb olunur.

ABŞ, Britaniya, Braziliya, Hindistan və İsraildə də bu yaxınlarda buna bənzər tələblər qoyulmağa başlayıb. Facebook iyunun sonunadək bu qaydaları bütün dünyada tətbiq etmək niyyətində olduğunu bildirib.

Ukrayna ilk dəfə 2015-ci ildə Facebook-u Rusiyanın sosial şəbəkədə öz hərbi müdaxiləsinə bəraət qazandırmaq üçün dezinformasiya və yalan xəbərlər yayması barədə xəbərdar edib.

Hazırda yenidən seçilmək üçün mübarizə aparan prezident Petro Poroshenko 2015-ci ilin mayında paylaşdığı bir postda Facebook-un yaradıcısı Mark Zuckerberg-ə şirkətin Ukraynada yerli ofisini açmağa söz verib. O bu ofisdə mövcud siyasi vəziyyətdən və Rusiyanın bu platformadan sui-istifadəsindən xəbərdar adamların çalışacağını bildirib.

Onun bu xahişi iki gün sonra Facebook-un Silikon vadisindəki baş qərargahında keçirilən daxili iclasında səsləndirilib və gülüşlə qarşılanıb.

Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

Dörd il keçib və Ukraynada hələ də Facebook-un ofisi yoxdur. Şirkətin Varşavada yerləşən Ukrayna üzrə ictimai siyasət meneceri postu isə boş qalıb.

Rating Group-un keçirdiyi son sorğunun nəticələrinə görə, Zelensky martın 31-i səs vermək niyyətində olan ukraynalılar arasında 24,7 faizlə irəlidədir.

Onun ardınca 18,3 faizlə keçmiş baş nazir Yulia Tymoshenko, daha sonra isə 16,8 faizlə hazırkı prezident Petro Poroshenko gəlir. Digər 36 namizədin heç biri 10,3 faizi keçə bilməyib.

Şəxsiyyətin təsdiqi zamanı reklam sifarişçiləri ikimərhələli identifikasiya prosesindən keçir, sonra isə hökumətin çıxardığı şəxsiyyəti təsdiqləyən sənədi, daha iki rəsmi sənədi, yaxud da Facebook-un təsdiqlədiyi formanı təqdim etməlidirlər. Proses bütövlükdə 48 saatdan 72 saata qədər çəkə bilər.

XÜSUSİ DATA BAZA YARADILIR

Siyasi müşavirlər öz şəxsiyyətlərini təsdiqləməkdən başqa, həm də öz reklamlarının siyasi olduğunu və ödənişin kim tərəfindən edildiyini göstərməlidirlər. Facebook sonradan bunu təsdiqləməlidir. Bundan başqa, Ukraynadakı xüsusi səlahiyyətli Facebook səhifələri isə səhifə administratorlarının yerləşdiyi məkanları “İnformasiya və reklamlar” bölməsində qeyd etməlidir.

Zelenskyy-nin rəqəmsal komanda üzvü Mikhail Fedorov
Zelenskyy-nin rəqəmsal komanda üzvü Mikhail Fedorov

Əlavə olaraq, Facebook Ukraynaya aid bütün siyasi reklamları xüsusi data bazasına toplayacaq. Bu baza yeddi il ərzində ictimaiyyətə açıq olacaq. Diskleymeri olmayan reklamlar da şikayət ediləcəkləri halda bu data bazasında saxlanacaq.

Yanvarda Facebook Ukraynanın xaricində sifarişli siyasi reklamların bu ölkədə görünməsinin qarşısını alacağını bildirmişdi.

"Biz bilirik ki, (Rusiya və digər yerlərdən) bir sıra qara niyyətli oyunçular seçki kimi vacib ictimai hadisəni hədəfləməyə çalışacaqlar. Məqsədimiz Ukraynadakı seçkiləri qorumağa kömək etməkdir. Xarici müdaxilədən mühafizə və xarici ərazilərdən seçki reklamları qəbul etməmək də bura daxildir”, – Facebook-un Mərkəzi və Şərqi Avropa üzrə korporativ əlaqələr departamentinin rəhbəri Jan Sciegienny deyir.

Ukraynada bəziləri Facebook-un Krım, Donetsk və Luqanskdan gələn reklamları da qadağan edib-etməyəcəyini sual edib. Sciegienny AzadlıqRadiosuna bildirib ki, bu ərazilərdən sifariş olunan siyasi reklamlar da yasaqlanacaq:

"Ukrayna qanunlarına görə, bu regionlara hazırda Ukrayna hökuməti tərəfindən nəzarət olunmur”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG