NATO-nun baş katibi Mark Rutte ABŞ-nin vasitəçiliyi ilə danışıqlar öncəsi Ukrayna paytaxtı Kiyevə gedib.
Sabah- fevralın 4-də Əbu-Dabidə danışıqlar gözlənilir.
ABŞ prezidenti Donald Tramp fevralın 2-də Ağ evdə jurnalistlərə deyib ki, Ukrayna və Rusiyadan "yaxşı xəbərlər" gözləyir.
Medianın yazdığına görə, ABŞ-ni danışıqlarda Trampın xüsusi elçisi Stiv Uitkoff təmsil edəcək.
M.Rutte isə fevralın 3-də Ukrayna parlamentində çıxış edib.
"[Rusiya prezidenti Vladimir] Putin uzun müddət düşünürdü ki, vaxtı uzatmaqla bizi tükəndirə bilər. Ukraynanın zəif olduğunu, tərəfdarlarımızın yorulacağını, iradəmizin sarsılacağını düşünürdü. O, ciddi yanılıb. Ukrayna güclüdür və dəstəyimiz sarsılmazdır", – Rutte deputatlara deyib.
Rutte qeyd edib ki, Ukraynanın Prioritet Tələbləri Siyahısı (PURL) vasitəsilə milyardlarla dollar dəyərində kritik ABŞ hərbi texnikası Ukraynaya çatdırılır, bunu Kiyevin müttəfiqləri və tərəfdaşları maliyyələşdirir.
"Keçən yay PURL proqramına başlayandan bu mexanizm Ukraynanın "Patriot" batareyaları üçün bütün raketlərin təxminən 75 faizini, digər hava hücumundan müdafiə sistemlərində istifadə olunan raketlərin 90 faizini təmin edib", – o vurğulayıb.
"Bilirəm ki, bundan da çoxuna təcili ehtiyac var. Biz daha çoxunun tez bir zamanda çatdırılmasına çalışırıq", – Rutte əlavə edib.
Ruttenin səfəri və Əbu-Dabi danışıqları öncəsi Rusiya Kiyevi və Ukraynanın digər şəhərlərinə raket və dron zərbələri endirib. Azı doqquz nəfər xəsarət alıb, çoxmərtəbəli yaşayış binalarına ziyan dəyib.
Kiyev meri Vitali Kliçko paytaxtda 1170 yaşayış binasının istiliksiz qaldığını deyib.
Energetika naziri Denis Şmıqal səkkiz vilayətin hədəfə alındığını, bunun "qış soyqırımı cəhdi" olduğunu deyib. "Sərt qış şəraitində yüzlərlə ailənin, uşaqların istilik təminatı bilərəkdən kəsilib", – Şmıqal X-də yazıb.
2 fevral
Zelenski: Əbu-Dabidə danışıqlar fevralın 4-5-də davam edəcək
BƏƏ-nin Əbu-Dabi şəhərində Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundu fevralın 4-5-də keçiriləcək. Bu haqda fevralın 1-də Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.
O, məlumatı danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətindən aldığını bildirib. Zelenski fevralın 1-də Əbu-Dabidə görüşün keçirilib-keçirilmədiyini açıqlamayıb. Daha öncə Rusiya, ABŞ və Ukrayna danışıqların yeni raundunun bazar gününə planlaşdırıldığını bildirmişdi.
Moskva və Vaşinqton, hələlik, Zelenskinin açıqlamasını şərh etməyib.
Bundan öncə Rusiya prezidentinin xüsusi elçisi Kirill Dmitriyev Florida ştatında ABŞ təmsilçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb. Tərəflər danışıqları "məhsuldar və konstruktiv" adlandırıb.
Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə danışıqların ilk raundu yanvarın 23-24-də Əbu-Dabidə keçirilib. Tərəflər irəliləyiş olduğunu bildiriblər, amma ərazi məsələsində hələ də razılığa gəlmədiklərini etiraf ediblər.
16 şaxtaçı həlak olub
Fevralın 1-də Ukraynanın cənub-şərqi Dnepropetrovsk vilayətində iki dron zərbəsində azı 18 nəfər həlak olub, azı 7 nəfər yaralanıb.
Pavloqradda avtobusa dron zərbəsində 16 nəfər, Dneprdə fərdi evə zərbədə isə iki nəfər öldürülüb. Pavloqradda ölənlər növbədən qayıdan şaxtaçılar imiş.
Fevralın 1-də Rusiya dronları Ukraynanın Dnepropetrovsk vilayətində Pavloqrad rayonunda kömür mədəninə hücum edib. Dronlardan biri mədən işçilərinin olduğu xidməti avtobus yaxınlığında partlayıb. Hücuma azı 4 "Şahed" dronunun cəlb olunduğu bildirilib.
Rusiya hərbçiləri hücumu hələlik şərh etməyiblər.
Yenə bazar günü Rusiya hərbçiləri Zaporojye şəhərində doğum evinə hücum ediblər. İkisi pasiyent olmaqla 6 nəfər yaralanıb.
Son 24 saat ərzində Rusiyanın zərbələrindən Dnepropetrovsk vilayətində azı 3 mülki şəxs həlak olub.