Ukraynanın təhlükəsizlik xidməti SBU Kiyevdə 2014-cü ildə Donbas üzərində sərnişin təyyarəsinin məhv edilməsi ilə bağlı olduğu iddia edilən şübhəlinin saxlandığını bildirib.
AzadlıqRadiosunun Rus xidməti iyulun 7-də yazıb ki, Ukrayna mediasında “K” kimi təqdim olunan şübhəli 2014-cü ildən 2020-ci ilədək Ukraynada Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) separatçı “Donetsk Xalq Respublikasındakı” (DXR) yerli rəhbərlərin kuratoru olub.
Ukrayna mediası DXR-i “terrorçu təşkilat” adlandırır.
Bu da iddia edilir ki, Rusiya xüsusi xidmətlərinin ştatdankənar nümayəndəsi, Ukrayna vətəndaşı “K” “DXR-ın kəşfiyyat idarəsinin” yaradılmasında iştirak edib.
Ukrayna Baş Prokurorluğu bildirir ki, sözü gedən strukturun Malayziya Hava Yolları şirkətinin MH17 təyyarəsinin məhv edilməsində birbaşa rolu olub.
Bu hadisə nəticəsində Boeing təyyarəsində olan 298 nəfərin hamısı həlak olub.
Telefon danışıqlarının yazısı
UNIAN xəbər agentliyi bildirir ki, saxlanmış vətəndaş “K” terrorçu qrup yaratmaqda şübhəli bilnir.
Bu da qeyd edilir ki, yaxın günlərdə ona rəsmi ittihamnamə təqdim olunacaq.
Prokurorluğun məlumatında deyilir ki, “K”-nin telefon söhbətlərinin yazısı Rusiyanın GRU və FTX kəşfiyyat qurumları arasında separatçı komandirlərə nəzarət üstündə qızğın rəqabət getdiyini göstərir.
Məlumatda qeyd olunur ki, telefon danışıqlarında FTX-nin direktoru Aleksandr Bortnikovun və onun müavinləri Andrei Burlakın və Sergei Smirnovun, habelə Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun, DXR-in rəhbərləri Aleksandr Zakharchenko-nun, Aleksandr Borodayın və başqalarının adları çəkilir.
Bu da bildirlir ki, SBU-nun ixtiyarında olan telefon danışıqlarının arasında xüsusilə maraq doğuranı “K”-nın GRU-nun general-mayoru Sergei Dubinksy (ləqəbi Xmurıy) və Leonid Kharchenko (ləqəbi Krot) ilə söhbətləridir.
Onların hər ikisi Boeing təyyarəsi ilə bağlı beynəlxalq axtarışdadır.
Baş Prokurorluğun məlumatına görə, Rusiya xüsusi xidmətlərinin başqa bir ştatdankənar əməkdaşı Kiyevin nəzarətində olan ərazilərdə terror aktları və təxribatlar törədən agentura şəbəkəsinə başçılıq edirdi.