Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:27

Ukrayna Rusiyanın daha bir gəmisinin məhv edildiyini bildirir


Sevastopol buxtası (Arxiv fotosu)
Sevastopol buxtası (Arxiv fotosu)

Ukrayna hərbi dəniz qüvvələrinin komandanlığı mayın 19-a keçən gecə Rusiya Qara dəniz donanmasının “Kovrovets” minaaxtaran gəmisinin məhv edildiyini bildirib.

Bu barədə komandanlığın rəsmi saytında məlumat verilsə də təfərrüatlar açıqlanmır.

Bu məlumat habelə Ukrayna silahlı qüvvələri baş qərargahında da təsdiq edilib, lakin Rusiya tərəfindən hələlik heç bir şərh yoxdur.

Bununla belə Rusiya Müdafiə Nazirliyi mayın 19-da gecə ilhaq olunmuş Krım üzərində ABŞ istehsalı 9 ATACMS əməliyyat-taktiki raketinin vurulduğunu bildirib.

Rusiya MN-ə yaxın “Rıbar” teleqram kanalı yazır ki, hücumun hədəfi Sevastopol buxtası olub. Teleqram kanalının məlumatına görə Ukrayna hərbçiləri bura 12 ATACMS raketi atıblar, onlardan 9-u vurulsa da, üç raket buxtanın körpülərindən birinə düşüb. Bu körpüdə Rusiya Qara dəniz donanmasının bir gəmisi dayanmışdı.

Ukraynanın “Krımski veter” teleqram kanalı bundan əvvəl ehtimalən Sevastopol buxtasına raket hücumunu əks etdirən video dərc etmişdi.

Suriya müharibəsinin iştirakçısı

AzadlıqRadiosu bildirir ki, “Kovrovets” gəmisi minaaxtaran gəmilərin 266M Akvamarin-M layihəsindəndir və Rusiya, Suriya və Yəmənin hərbi dəniz donanmalarında xidmət edir.

Bu gəmilər məxsusi olaraq dəniz minalarının axtarışı, aşkar olunması və zərərsizləşdirilməsi, habelə gəmilərin mina sədlərindən keçirilməsi üçün nəzərdə tutulub.

“Kovrovets” gəmisi 2016-cı ildə Rusiyanın Suriyada apardığı əməliyyatlarda iştirak edib.

Gəminin uzunluğu 61 metr, heyət sayı 70 nəfərdir. Hələlik gəmi heyətinin taleyi haqqında nə Ukrayna, nə də Rusiya tərəfi məlumat verməyib.

Bu arada ilhaq edilmiş Krımın Sevastopol buxtasına raket hücumu zamanı “Kovrovets” minaaxtaran gəmisinin yox, Rusiya Qara dəniz donanmasına aid başqa bir gəminin – “Siklon” kiçik raket gəmisinin vurulduğu xəbər verilib.

Siklon raketdaşıyan gəmisi (Arxiv fotosu)
Siklon raketdaşıyan gəmisi (Arxiv fotosu)

Bu barədə məlumatı mənbələrə istinadla Astra və “Krımski veter” teleqram kanalları yayıblar.

Məhz “Siklon” gəmisinin vurulmasını Ukrayna cənub hərbi dairəsinin mətbuat katibi Dmitri Pletençuk da istisna etməyib.

Onun sözlərinə görə, Rusiyanın Qara dəniz donanması ehtimalən Krımdakı sonuncu raketdaşıyan gəmisini itirib.

Amma Pletençuk məlumatın hələ dəqiqləşdirilmədiyini əlavə edib.

Hansı gəmi?

Mayın 19-da gecə dərc olunmuş videolarda gözqamaşdırıcı parıltılar görünür, partlayış və atışma səsləri eşidlirdi.

“Krımski veter” teleqram kanalı abunəçilərə istinadla yazırdı ki, partlayışdan Kurinaya körpüsünün binasına ciddi zədə dəyib. “Siklon” raketdaşıyan gəmisi məhz bu körpüyə bağlanmışdı.

Məhz bu gəminin zədələnməsi və ya batmasına dair rəsmi məlumat hələki yoxdur.

AzadlıqRadiosu yazır ki, hərbi strategiya baxımından raketdaşıyan gəmi minaaxtarandan daha mühüm hədəf sayılır.

“Siklon” gəmisinin göyərtəsində “Pantsir-M” zenit raket qurğusu, müasir radiolokasiya sistemi, habelə raketlər var.

Rusiyanın Qara dənizdə zədələnn ə ya batan gəmiləri
Rusiyanın Qara dənizdə zədələnn ə ya batan gəmiləri

Bundan əvvəl Ukrayna hərbi kəşfiyyatı məlumat vermişdi ki, Ukraynanın dəniz dronları ilhaq olunmuş Krımın sahillərində “Sergey Kotov” keşikçi gəmisini vuraraq batırıblar.

Fevral ayında Ukrayna hərbçiləri bildirmişdilər ki, yenə də Krım sahillərində Ukrayna dronları ilə Rusiyanın ən böyük desant gəmilərindən biri olan Sezar Kunikov vurulub və raketdaşıyan Ivanovets gəmisi batırılıb.

Bu da xəbər verilirdi ki, Rusiya hərbi gəmilərini raket zərbələrindən yayındırmaq üçün donanmasının bir hissəsini Sevastopoldan Novorossiyskə keçirib.

Rusiya Ukraynanın bu iddialarını şərh etməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG