Ukrayna prezidenti Petro Poroşenko, Kiyev və separatçılar arasında əsirlərin dəyişdirilməsinin ardınca öz hökumətinə Rusiyada saxlanan Ukrayna vətəndaşlarının qaytarılmasına dair Moskva ilə danışıqların “dərhal” bərpasına göstəriş verib.
Dekabrın 28-də Odessa regionuna baş çəkən prezident, Rusiyada və ya “işğal olunmuş ərazilərdə” girov saxlanan bütün ukrayna vətəndaşlarının vətənə qaytarılması üçün əlindən gələni edəcəyini deyib.
Poroşenko deyib ki, “biz onlara xəyanət edə bilmərik, onları unuda bilmərik”.
Bundan əvvəl hələ Kiyevdəykən bəyanat verən prezident demişdi ki, dekabrın 27-də keçirilmiş əsir dəyişdirilməsində hökumət heç bir Rusiya vətəndaşını qaytarmayıb.
Poroşenko işarə edib ki, Rusiya vətəndaşları, yalnız Rusiyada saxlanan Ukrayna vətəndaşları qaytarılan zaman təhvil veriləcək.
Dekabrın 1-də Ukrayna ombudsmanı Valeriya Lutsenko demişdi ki, hazırda Rusiyada 2 min Ukrayna vətəndaşı saxlanır.
Mart ayında Avropa Parlamenti Rusiyada və Krımda həbsxana və ya təcridxanalarda olan 30-dan çox Ukrayna vətəndaşının Kiyevə verilməsinə çağırmışdı.
Poroşenko qaytarılması tələb edilən Ukrayna vətəndaşlarının arasında kinorejissor Oleq Sentsov və jurnalist Roman Suşşenkonun da adlarını çəkib. Bu iki nəfər müvafiq olaraq 20 və 8 il müddətinə azadlıqdan məhrum edilib.
Dekabrın 27-də keçirilən əsirdəyişmə zamanı Ukrayna ölkənin şərqindəki separatçılara 233 dustağı təhvil verib. Separatçılar Kiyevə 74 Ukrayna vətəndaşını qaytarıblar.