Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:49

Ukrayna ordusunun buryat əsgəri: ‘Moskvada mənə ‘qıyıqgöz’ dedilər’


Ukrayna ordusunun "Buryat" ləbəli könüllü əsgəri
Ukrayna ordusunun "Buryat" ləbəli könüllü əsgəri

Ukrayna silahlı qüvvələrində “Sibir” adlı könüllü batalyon yaradılıb. Bu batalyonda Uralarxası, Sibir və Uzaq Şərqin köklü xalqlarının nümayəndələri olan Rusiya vətəndaşları xidmət edirlər.

AzadlıqRadiosunun CurrentTime layihəsi yazır ki, indiyədək Ukrayna ordusunun tərkibində bir neçə yüz Rusiya Federasiya vətəndaşından ibarət iki birləşmə vardı.

Bunlar “Rusiyanın azadlığı” legionu və Rus Könüllü Korpusudur (RKK). İndi bunlara üçüncüsü – “Sibir” batalyonu da əlavə olunub.

"Mən Ulan-Ude şəhərində doğulub boya-başa çatmışam” – bunu batalyon könüllülərindən biri deyir. Onun döyüş ləqəbi “Buryat”dır.

Buryatiyadan olan başqa bir könüllünün ləqəbi isə”Şair”dir. “Varqan” ləqəbli döyüşçü Yakutiyada, kənddə doğulub.

“Buryat”, “Şair” və “Varqan”

Bunlar “Sibir” batalyonuna ilk qoşulan könüllülərdir. Onların hər birinin Rusiyada yaxşı təhsili və işi olub, amma Ukraynaya köçüb onu müdafiə etmək üçün hərəsinin bir səbəbi var.

“Buryat” ləqəbli döyüşçü izah edir:

"Rusiyanın tarix dərsliklərində yazılıb ki, Rusiyanın bütün respublikaları Rusiyaya könüllü birləşiblər. Amma əslində bu, belə deyil. Mən özüm tarix fakültəsində oxumuşam və Buryatiyanın tarixini, onun necə kommunistləşdirildiyini, bütöv tayfaların necə məhv edildiyini də oradakı arxivdən öyrənmişəm”.

“Şair” ləqəbli döyüşçünün dediklərindən:

"Bütün ömrümü Rusiyada yaşamışam və Rusiya xalqlarının əzildiyini həmişə hiss etmişəm. Adamlar ədalətsizlik şəraitində yaşayır, bütün pullar isə yalnız Moskvaya gedir”.

“Varqan” ləqəbli döyüşçünün də öz sözü var:

"Rusiya xalqı yoxsulluqdan çürüyüb. Onlar pula doğma analarını da satmağa hazırdırlar. Ordularında da hər cür tör-töküntü döyüşür. Vəhşi sadistlər qeyri-insani dəhşətlər törədirlər”.

Yakutiyalı "Varqan"
Yakutiyalı "Varqan"

“Moskoviyaya” axan pullar

Üç əsgər onların respublikalarından Moskvaya axan və heç vaxt geri qayıtmayan böyük pullardan danışır. Onlar Rusiyada özlərinin və yerlilərinin hansı şəraitdə yaşamasından bəhs edirlər.

“Buryat” söhbətə başlayır:

"Moskvadan 50 kilometr aralanan kimi əsl Rusiyanı, onun necə yaşadığını görürsünüz. Hər şey məhv edilir. Biz dotasiya ilə yaşayırıq, hərçənd respublikamız zəngindir. Mən öz respublikamdan danışacağam. Bizdə nefrit, qızıl, meşələr var. Amma bunların hamısının sahibi Moskoviyadır. Bizsə ondan tula payı gözləyirik”.

“Şair” ləqəbli döyüşçü də rusiyalıların ağır həyatından danışır:

"Bəzi Sibir şəhərlərində, hətta paytaxtlarda ayaqyolu bayırda yerləşir. Şəhərin mərkəzində! Elə götürək Çita şəhərini. Orda ikimərtəbəli taxta barak evləri olan rayon var. Onlar ayaqyoluna gedirlər. Sonra yazda qar əriyəndə adamlar nəcisin üstündə gəzməli olurlar”.

“Buryat” isə deyir ki, qaz kəməri Baykalın şimalından və cənubundan keçib Çinə gedir, amma Buryatiyaya qaz verilmir.

“Bu dövlət mənə düşməndir”

Könüllülər Rusiyada dərin oturuşmuş nasizm barəsində, öz başlarına gələn əhvalatlar barsəində danışırlar.

“Buryat” deyir ki, indiyədək üç dəfə Moskvada olub:

"Üç dəfə Moskvada olmuşam. Üç dəfə də mənə ya “çurka”, ya “qıyıqgöz”, ya da “çinli” deyiblər. Sanki heç Rusiya vətəndaşı deyiləm. Amma Ukraynada belə münasibətlə bir dəfə də qarşılaşmamışam. Bir dəfə də...”

Könüllü döyüşçülər deyirlər ki, hadisələri 2014-cü ildən izləyirlər. Onlar heç cür başa düşə bilmirlər ki, Moskva niyə belə edir.

“Varqan” deyir ki, özünü rusiyalı saymır:

"Bu dövlət mənə düşməndir. Amma silah götürüb Ukrayna ilə döyüşməyə gələn yakutlar heç bir qəhrəman deyillər. Onlar bura pula görə öldürmək və zorlamaq üçün gəlmiş adi qatillərdir”.

"Şair" ləqəbli döyüşçü
"Şair" ləqəbli döyüşçü

“O boyda Kamçatkası olanın Krım nəyinə lazımdır?”

“Şair” deyir ki, bir vaxtlar “Beynəlxalq əlaqələr universitetində” oxuyub. Bundan əvvəl Kamçatkada da olub. O sual edir ki, özünün o boyda Kamçatka yarımadası olan Rusiyanın Krım yarımadası nəyinə lazımdır? Onun fikrincə Rusiya Kamçatkanı inkişaf etdirsə daha yaxşı olardı.

Məqalədə qeyd olunur ki, üç könüllüdən heç biri Rusiyada etiraz aksiyalarında iştirak etməyib. Onların fikrincə bugün bu tamamilə mənasızdır. Əsgərlər parçalanmış Rusiya müxalifətinə də inanmırlar. Elə buna görə də vətənlərini tərk ediblər.

“Buryat” deyir ki, Rusiyanın Ukraynada apardığı müharibəyə görə xəcalət çəkir.

Varqan isə deyir ki, o “Kremlin bütün dünyada yaratdığı xaosun” qarşısını almağa çalışıb:

“Səfərbərlik elan ediləndə əvvəlcə Monqolustana, sonra isə Türkiyəyə getdim. İndi isə, budur, Ukraynadayam”.

“Rusiya parçalanacaq”

Məqalədə deyilir ki, ukraynalılar “Sibir” batalyonun əsgərlərini diqqətlə yoxlayır, onların Rusiya xüsusi xidmətləri ilə əlaqələrinin olub-olmadığını öyrənirlər.

Ukraynanın hərbi rəsmiləri bildirirlər ki, batalyona qəbul prosesini sürətləndirməyə çalışırlar.

“Buryat” bu batalyon barədə internetdə öyrənib, daha sonra isə anket göndərib:

"Mən özümünkülərə, buryatlara müraciət etmək istəyirəm. Əgər sizi Ukraynaya müharibəyə gətiriblərsə, təslim olun. Çöldə ölməkdənsə, bu müharibənin sonunu əsir olub gözləmək yaxşıdır. Amma əgər sizə Rusiyada çağırış gəlibsə, ölkədən gedin. Bu cinayətkar ölkədir və sizi də beynəlxalq canilər kimi mühakimə edəcəklər. Bu nəticə Ukraynanın qələbəsi ilə baş verəcək”.

Hazırda “Sibir” batalyonunun könüllüləri döyüş hazırlığı keçirlər. Onlar deyilər ki, Ukraynanın qələbəsindən sonra Rusiya bir neçə milli respublikalara parçalanacaq. “Buryat”, “Şair” və “Varqan” inanırlar ki, onların regionları öz müqəddəratını müəyyən edə biləcək.

XS
SM
MD
LG