Keçid linkləri

2026, 02 İyun, çərşənbə axşamı, Bakı vaxtı 12:10

Rusiyanın Kiyev və Dneprə zərbələri: azı 12 ölü

Kiyev raket və dron zərbəsindən sonra
Kiyev raket və dron zərbəsindən sonra

Rusiya bazar ertəsi yerli vaxtla saat 18:00-dan başlayaraq Ukraynaya 73 raket və 656 pilotsuz uçuş aparatı (PUA) buraxıb. Bu barədə məlumatı Ukrayna Hərbi Hava Qüvvələri yayıb.

"Telegram" kanalında yayılan bəyanatda deyilir ki, hücum zamanı 40 raket və 602 pilotsuz aparat vurulub və ya zərərsizləşdirilib. Hücumun əsas hədəfinin paytaxt Kiyev olduğu bildirilir. Məlumatda həmçinin qeyd edilir ki, raket və dron zərbələri nəticəsində Ukrayna ərazisindəki 38 obyektə ziyan dəyib.

+++

Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, Rusiyanın iyunun 2-də Kiyevə hücumu nəticəsində azı dörd nəfər ölüb, uşaqlar da daxil olmaqla 58 nəfər yaralanıb.

Dnepr şəhərinə endirilən zərbələrdə isə azı səkkiz nəfər həlak olub, uşaqlar da daxil olmaqla ən azı 25 nəfər yaralanıb.

Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitro Lubinets X platformasında yazıb: "Rusiya Ukraynanın mülki əhalisinə qarşı terrorunu davam etdirir".

"Bu hücumları dayandırmaq üçün dünya hərəkətə keçməlidir. Gecikdirilən hər gün insan həyatına başa gəlir", - o əlavə edib.

+++

Rusiyanın Ukraynaya irimiqyaslı hava zərbələrindən azı 9 nəfər həlak olub, 60-dan çox insan yaralanıb. Rəsmilər hücumların iyunun 2-də səhər saatlarında həyata keçirildiyini bildirirlər. Son günlər Moskva böyük bir hücuma hazırlaşdığı barədə xəbərdarlıq edirdi.

Dnepr şəhərinə raket və dron hücumu nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb. Dnepropetrovsk vilayətinin rəhbəri Oleksandr Hanya Telegram-da yazıb ki, yaralananların hamısı orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, dağıdılmış yaşayış binalarının, yanmış avtomobillərin, zədələnmiş uşaq meydançasının fotolarını da paylaşıb.

Kiyevin meri Vitali Kliçko paytaxtda azı 4 nəfərin öldüyünü, aralarında uşaqlar olmaqla 51 nəfərin yaralandığını bildirib.

Kliçkonun sözlərinə görə, 24 mərtəbəli yaşayış binası raketlə endirildiyi bildirilən zərbədən çöküb, dağıntılar altında insanların qaldığı güman edilir.

O əlavə edib ki, raket qalıqlarının düşməsi nəticəsində digər binalar, o cümlədən doqquzmərtəbəli yaşayış binası da yanıb.

İyunun 2-də səhər ölkənin böyük hissəsində hava həyəcanı siqnalları verilib.

“Kəşfiyyat xəbərdarlıqları qüvvədə qalır”

Ukrayna prezidenti Volodimir Zelenski bir gün əvvəl mümkün genişmiqyaslı hücum barədə bir daha xəbərdarlıq etmişdi.

“Rusiya zərbələri ilə bağlı kəşfiyyat xəbərdarlıqları qüvvədə qalır. Kütləvi hücum mümkündür. Onlar buna hazırlaşıblar”, – Zelenski gecə videomüraciətində söyləyib.

Rusiya ötən həftə bildirib ki, Kiyevdə Ukrayna ordusu ilə əlaqəli obyektlərə və qərar qəbuletmə mərkəzlərinə “sistemli zərbələr” endirəcək, xarici vətəndaşlar şəhəri tərk etməyə çağırıb.

Moskva bunun səbəbi kimi ötən ay Rusiyanın nəzarətində olan Luqansk vilayətində yataqxanaya dron zərbəsini göstərib. Həmin hücum nəticəsində 21 nəfərin öldüyü bildirilir. Ukrayna isə bu hücumda əli olmadığını deyir.

Ukraynanın şimal-şərqi Xarkov vilayətinə dron və raket hücumları nəticəsində bir uşaq daxil olmaqla 10 nəfər yaralanıb.

Rusiyaya dron zərbələri

Rusiyanın Krasnodar vilayətində isə İlski neft emalı zavodu dron hücumundan sonra yanmağa başlayıb. Məlumatı yerli hakimiyyət orqanları yayıb.

Rusiyanın işğal etdiyi Krımın Sevastopol şəhərində də hava hücumundan müdafiə sistemlərinin dron hücumlarını dəf etdiyi bildirilib.

“Reuters” bu məlumatları müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edir.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğala başlayıb. Münaqişənin dayandırılması üçün diplomatik səylər nəticəsiz qalıb. ABŞ Prezidenti Donald Tramp administrasiyasının diqqəti hazırda əsasən Yaxın Şərqdəki münaqişələrə yönəlib.

XS
SM
MD
LG