Keçid linkləri

2024, 14 İyul, bazar, Bakı vaxtı 02:24

Ali Radanın sədri istefaya göndərilib


Razumkov (solda) və Zelenski (kollaj)
Razumkov (solda) və Zelenski (kollaj)

Deputatların fikrincə, Rada rəhbərinin özünün siyasi ambisiyaları yaranıb, hətta prezident postuna gözü düşüb

Ukrayna Ali Radasının sədri Dmitri Razumkov deputatlar tərəfindən istefaya göndərilib. İstefa təşəbbüsünü Prezident Volodimir Zelenskinin “Xalqın qulluqçusu” partiyası irəli sürüb.

İstefanı gözlənildiyindən artıq deputat, gərəkən 226 nəfərin yerinə 284 nəfər səs verib. Spikerin istefasını təkcə “Xalqın qulluqçusu” deyil, bir sıra digər partiya təmsilçiləri, həmçinin Yulia Timoşenko tərəfdarlarını da dəstəkləyiblər.

Razumkov 2019-cu il seçki kampaniyası vaxtı Zelenskinin yaxın müttəfiqi idi, Radaya seçkilərdə onun partiyasından siyahının başında gedirdi. Ancaq hazırda onun prezident idarəsi ilə konfliktdə olduğu bildirilir. Zelenskinin tərəfdarları Razumkovu prezidentin bəzi təşəbbüslərini, o cümlədən “oliqarxsızlaşdırma” qanununu sabotaj etməkdə suçlayırlar. O, oliqarxların siyasətə və biznesə təsiri məhdudlaşdırmağı nəzərdə tutan qanunvericiliyin sürətlə qəbuluna qarşı çıxıb.

Deputatların fikrincə, Rada rəhbərinin özünün siyasi ambisiyaları yaranıb, hətta prezident postuna gözü düşüb.

Qarşıdurma

Bu həftə deputatlar Razumkovu iclas aparmaqdan kənarlaşdırıblar. O isə oktyabrın 7-də hakimiyyəti hüququn aliliyi prinsiplərindən imtinada, söz azadlığına hücumda suçlayıb.

Razumkov həmçinin bu günlərdə yayılmış “Pandora Sənədləri” adlı araşdırmaya eyham vurub. Beynəlxalq jurnalistlər konsorsiumu prezident Zelenski ilə əlaqəli olduğu bildirilən şirkətləri də üzə çıxarıb.

Zelenski isə oktyabrın 3-də Razumkovu açıq tənqid edərək deyib ki, o, “daha bizim komandanın üzvü deyil”. Bundan sonra hakim partiya onu vəzifəsindən kənarlaşdırmağa başlayıb.

Radanın elə bu gün yeni spiker seçəcəyi onun “Xalqın qulluqçusu” partiyasından Ruslan Stefançuk olacağı gözlənilir. O, Razumkovun müavini idi.

XS
SM
MD
LG