Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:03

Ukrayna ona qələbə üçün lazım olan silahın sayını dedi


Ukrayna hərbçiləri Donetsk yaxınlığında M777 haubitsalarından atəş açırlar
Ukrayna hərbçiləri Donetsk yaxınlığında M777 haubitsalarından atəş açırlar

Növbəti aylar ərzində çay keçmə əməliyyatları “müharibənin gedişatını müəyyənləşdirən əsas faktorlardan olacaq”

Ukrayna prezidenti administrasiyası başçısının köməkçisi Mihaylo Podolyak iyunun 13-də Twitter-də yazdığı postda Ukrayna ordusunun Rusiya ordusu ilə paritet yaradıb ona üstün gəlməsi üçün lazım olan hərbi texnikanın kəmiyyəti barədə dəqiq məluimat verib.

O bildirir ki, bunun üçün Ukraynaya bir neçə min ədəd ağır texnika, o cümlədən 155 mm çaplı 1000 ədəd haubitsa topu, 300 ədəd MLRS (yaylım atəşli raket zenit sistemi), 500 tank, 2000 ədəd PDM (piyadaların döyüş maşını) və 1000 ədəd dron lazımdır.

Podolyakın fikrincə Ukraynaya bu kəmiyyətdə silahların verilməsi onun müharibədə qələbəsini təmin edə bilər.

O bildirib ki, bu məsələnin müdafiə nazirlərindən ibarət Kontakt Qrupunun iyunun 15-də Brüsseldə keçiriləcək iclasında müsbət həll olunacağına ümid edir.

Qərb Ukraynaya silahların verilməsinə hələ Rusiyanın bu ölkəyə müdaxiləsindən əvvəl başlayıb.

Bundan sonra göndərilən texnikanın sayı kəskin artırılıb.

Nə verilib, nə veriləcək?

Prezident Co Bayden mayın 9-da “Ukraynada demokratiyanın müdafiəsi üçün lend-liz qanununu” imzalayıb.

Ukraynaya indiyədək 100 ədəd Switchblade-300, 10 ədəd Switchblade-600 kamikaze dronları, bir neçə ədəd Mi-17 və 108 ədəd M777 artilleriya topları verilib.

Daha dörd ədəd HIMARS yaylım atəşli raket zenit sisteminin verilməsi iyun ayına planlaşdırılıb.

İyunun 6-da Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, London da Ukraynaya MLRS sistemləri verəcək.

Polşa, Çexiya və Bolqarıstan Ukraynaya müxtəlif komplektasiyalı 200 ədəd T-72M tankları veriblər.

Almaniya Ukraynaya IRIS-T müasir hava hücumundan müdafiə sistemləri verəcəyini bildirib.

Bunlar Ukraynaya 2022-ci ilin sonlarına qədər çatdırılmalıdır.

Kiyev silah göndərilməsinin tezləşdirilməsini və çeşidinin daha çox Qərb silahları hesabına genişləndirilməsini istəyir.

Amnesty Rusiyanın Xarkovda hərbi cinayət törətdiyini deyir

Rusiya Ukraynanın Xarkov şəhərində hərbi cinayətlər törədib, yaşayış məskənlərinin hədəfsiz bombardman olunması nəticəsində yüzlərlə dinc sakin öldürülüb, yaxud şikəst edilib, dəfələrlə klastr bombalarından istifadə olunub. Bunu “Amnesty International” insan haqları təşkilatı iyunun 13-də bildirib.

“Qadağan olunmuş klastr bombalarından dəfələrlə istifadə edilməsi sarsıdıcı, dinc sakinlərin həyatına tam sayqısızlıqdır”,“İstənilən anda istənilən adam ölə bilər” adlı hesabatda deyilir.

Qurum 1.4 milyon sakini olan Xarkovda Rusiya qüvvələrinin dəfələrlə 9N210 və 9N235 klastr bombalarından və səpələnən minalardan istifadə etməsinə dəlil tapdığını qeyd edir.

Klastr bombalarından onlarla bombacıq ətrafa yayılır, yüzlərlə kvadratmetr əraziyə səpələnir.

Amnesty-dən Donatella Rovera deyir ki, bu dəhşətli hücumlar üçün məsuliyyət daşıyanlar hərəkətləri üçün cavab verməli, qurbanlar və ailələri isə tam təzminat almalıdırlar.

***

Ukrayna ordusunun iyunun 13-də bildirdiyinə görə, qüvvələri Donbasdakı Severodonetsk şəhərinin mərkəzindən çıxarılıb. Son günlər bu şəhərə nəzarət uğrunda qızğın döyüşlər gedirdi.

Məlumatda deyilir ki, Rusiya qüvvələri şəhər mərkəzini artilleriya atəşinə tutub, qalan ukraynalı əsgərlər də şəhəri tərk etməli olub.

“Hər metr” uğrunda savaş

Prezident Volodimir Zelenski bundan bir neçə saat öncə deyirdi ki, şəhəri müdafiə edənlər “hər metr” uğrunda savaşırlar. Rusiyalılar isə əsas körpünü partladaraq dinc sakinlər və əsgərlərin potensial çıxış yolunu kəsmişdi.

Zelenskinin gecə videomüraciətində dediyinə görə, Rusiya ordusu Donbasa qüvvələr atmağa çalışır. Onun sözlərinə görə, Rusiya təlim görməmiş əsgərləri yerləşdirir, “çox ağır” döyüşdə gənclərdən “top yemi” kimi istifadə edir.

“Orada Ukrayna torpağının hər qarışı qanla örtülüb, təkcə bizim deyil, həm də işğalçıların qanıyla”, – Zelenski deyib

Luqansk vilayətinin qubernatoru Sergey Qayday isə iyunun 12-də deyib ki, Rusiya qüvvələri Severodonetski Lisiçansk şəhəri ilə birləşdirən Severski Donets çayı üzərindəki üç körpüdən ikincini də partladıb.

Çay keçmə əməliyyatları

Növbəti aylar ərzində çay keçmə əməliyyatları “müharibənin gedişatını müəyyənləşdirən əsas faktorlardan olacaq”. Bunu isə Britaniyanın Müdafiə Nazirliyi iyunun 13-də yaydığı kəşfiyyat bülletenində qeyd edib.

Britaniyanın kəşfiyyatının mövqeyincə, Rusiya indiyədək “atəş altında uğurlu və irimiqyaslı çay keçmə əməliyyatları üçün vacib koordinasiya” nümayiş etdirməyə çalışıb.

Vəziyyətin getdikcə çətinləşməsinə baxmayaraq, Prezident Zelenski mübariz ruhunu saxlayıb. Onun sözlərinə görə, Ukrayna qüvvələri Rusiyanın Ukraynanın şərqini sürətlə ələ keçirməsini önləyib.

“Yadınızdadırmı, mayın əvvəlində Rusiyada ümid edirdilər ki, Ukraynanın şərqi Donbas regionunun tamamilə ələ keçirəcəklər. Artıq müharibənin 108-ci günüdür, artıq iyundur. Donbas hələ də dayanıb”, – Zelenski deyib.

Severodonetsk də Mariupol liman şəhəri kimi xarabalığa çevrilib. Mariupol uzun çəkən qanlı döyüşlərlə ötən ay tutulub.

Yanvarda ağır silahlar versəydilər...

Bu arada Zelenskinin müşaviri ABŞ Prezidenti Co Baydenin bəyanatını rədd edib. Bayden deyib ki, fevralın 24-də işğal başlayanadək Zelenski ABŞ kəşfiyyatının gözlənən Rusiya hücumu haqda xəbərdarlığını gözardı edirdi.

Mixaylo Podolyak Twitter postunda Qərb ölkələrini Ukraynanı daha öncə ağır silahlarla təmin etmədiyinə görə tənqid edib.

“Digər ölkələr Moskvanın planlarını bilə-bilə neylədilər – sual budur. Əgər yanvarda bizə ağır silahlar verməyə başlasaydılar, indi vəziyyət fərqli ola bilərdi”, – o yazıb.


Zelenski isə dünənki müraciətində Qərb ölkələrini silah çatdırılmasını sürətləndirməyə səsləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG