ABŞ ordusunun istefada olan briqada generalı, ABŞ dövlət katibinin siyasi-hərbi məsələlər üzrə keçmiş köməkçisi Mark T.Kimmittin fikrincə. ABŞ yarımillik mübahisələrdən sonra, axır ki, Ukraynaya hərbi yardım paketini təsdiqlədi. Di gəl, bu yardım həm çox gec oldu, həm də çox yetərsizdir.
"İki il əvvəl nüfuzlu hərbi təhlilçi Set Cons qeyd etmişdi ki, Rusiya ordusu dağılmaqdadır. Ancaq bəzi şeylər dəyişdiyindən o, indi qat-qat daha təlaşlı baxışını dilə gətirir. Deyir ki, Ukrayna ordusunun rus işğalçılarına qarşı mövqeyi get-gedə daha qorxulu duruma düşməkdədir. Yenilgini dartışmaq hələ çox tez olsa da, Cons ABŞ-nin aydın strategiyası və Qərbin davamlı silah, kəşfiyyat və təlim dəstəyi olmasa, cənab Putinin üstün gələ biləcəyini çox düzgün müşahidə edib.
"Azı, üç elementə ehtiyac var"
Belə bir strategiyanın Rusiyanın irəliləyişini yavaşıdıb geri çevirməsi üçün, azı, üç elementə ehtiyac var: Birincisi, ABŞ administrasiyası və onun NATO müttəfiqləri Qərbin göndərdiyi avadanlığa qoyduqları məhdudlaşdırıcı qaydaları yüngülləşdirməli, Ukraynanın bu avadanlıqdan tam potensialına görə istifadəsinə icazə verməlidir. Britaniya artıq istifadə qaydalarını yüngülləşdirib. "Digər məhdudiyyətlərə də son qoyulmalıdır", - general "Politico" xəbər portalında dərc olunan məqaləsində belə yazır.
Onun fikrincə, münaqişənin Rusiyaya sıçraya biləcəyi ilə bağlı narahatlıq Qərbin özünü fəaliyyətsizliyə sürükləyib: "Avtokratlar təmkin və ehtiyatı zəiflik əlaməti sayır; onlar gücü qətiyyətdə görür.
İkincisi, …Ukraynada məğlubiyyət bizim Koreya kimi yerlərdəki əsgərlərimizin aparmağa hazır olduğu müharibələri qızışdıra bilər. Şimali Koreya lideri Kim Çen In kimi düşmənlər ABŞ-ın öz dostları və müttəfiqlərinin arxasında durmaqla bağlı tərəddüdünü görür. Gözü Tayvan boğazının digər tərəfində olan Çin də eləcə. Ukrayna prezidenti Volodimir Zelenskinin daha çox silaha-sursata ehtiyacı var…".
Müəllif bildirir ki, ABŞ ordu rəsmiləri Ukraynaya dəstəklə bağlı riskin "idarə edilə bilən" olduğunu desələr də, mümkün yenilginin qarşısını almaq üçün daha çox riskə getməyin və silah arsenalına daha çox əl atmağın vaxtıdır: "Müharibələri qazanmaq baha başa gəlir, ancaq onları uduzmaq qədər baha başa gəlmir".
"İkinci savaş fəlakət olardı"
"İndi biz bilirik ki, ABŞ və avropalı müttəfiqlərinin hərbi istehsal bazası hətta Ukrayna kimi orta miqyaslı konvensional müharibəni dəstəkləmək üçün də çox kiçikdir. İkinci müharibə fəlakət olardı.
…ABŞ administrasiyası Qərbi bu döyüşdə qalmağa həvəsləndirmək üçün indikindən xeyli çox liderlik ortaya qoymalıdır. Demokratik dövlətlər səbirsizdir və dünyada baş verən digər hadisələr çox vaxt diqqəti yayındırır. Artıq Qəzza və Yaxın Şərqdə regional müharibə potensialı, ABŞ-də qarşıdan gələn prezident seçkiləri və keçmiş prezident Donald Trampın məhkəməsi Ukraynada pisləşməkdə olan durumdan diqqəti yayındırır.
Bayden administrasiyası hər fürsətdə Amerika xalqına Ukraynada baş verə biləcək məğlubiyyətin nələrin bahasına başa gələcəyini xatırlatmalıdır. Özü də bura bu müharibədəki ciddi qeyri-tarazlıq haqda informasiya kampaniyası da daxil edilməlidir – hazırda Rusiyanın əlində olan hərbi insan gücü baxımından 3:1 nisbətində üstünlüyü var. Başqa sözlə, ukraynalılar yenilmək təhlükəsi ilə üz-üzə olduqlarını bildikləri halda, Rusiya belə bir dilemma ilə üz-üzə deyil.
Putin Rusiyasında müxalifətin ağır nəticələrlə üzləşdiyi yaxşı bilinsə də, Rusiyanın nəhəng itkilərinin yerini doldurmaq üçün gərəkən məcburi çağırışa etiraz yaratmağa …mühüm imkanlar var. Qərb artıq illərdir Rusiyanın təbliğatına və psixoloji müharibəsinə məruz qoyulur. Ancaq bizim də eyni dərəcədə güclü alətlərimiz var. İndi onlardan yararlanmağın vaxtıdır".
"Ukraynada indiki aşınma savaşı Putin strategiyasının xeyrinədir"
"…Ukraynanın son zamanlardakı geriləməsinin ardınca baharın sonu, yaxud yayda Rusiyanın tam əks-hücumunun baş verməsinə imkan verilməməlidir. Putin hələ də inanır ki, Tolstoyun bir zamanlar yazdığı kimi, "zaman və səbir mənim ən güclü döyüşçülərimdir". Ancaq bu, həmin ifadənin doğru çıxacağı mövsüm ola bilməz.
Konqresin əlavəsi zəruri idi. Ancaq o, Ukraynada pisləşməkdə olan durumu geri çevirmək üçün yetərsizdir. Zelenskinin qollarına bağladığımız qandalları boşaltmağın və verdiyimiz silah və avadanlıqdan istifadə etməsinə imkan verməyin vaxtıdır. Riskə gedib, müharibə arsenalımızdan Zelenski və əsgərlərinə ehtiyacları olanları verməyin vaxtıdır. Putinin öz ölkəsinə hər gün dediyi şeyi bu ölkəyə xatırlatmağın vaxtıdır – Ukraynada məğlubiyyət bizim öz təhlükəsizliyimizə təhdiddir", - general Mark T.Kimmitt belə yazır.