Ukrayna ötən gecə Qara dənizdə Rusiyanın MiQ-29 qırıcı təyyarəsini və iki gəmisini vurub. Bunu avqustun 24-də Ukraynanın dron qüvvələrinin komandanı Robert Brovdi bildirib.
Brovdi “Telegram”da yazıb ki, gəmilərdən biri tanker, digəri isə quru yük gəmisi olub.
“Ozon” hədəfdə
Rusiyanın ikinci ən böyük “Ozon” onlayn pərakəndə satış şirkəti isə dörd logistika mərkəzinin Ukrayna dronlarının hədəfinə çevrildiyini bildirib. Şirkət avqustun 22-dən bəri altı obyektinin hücumların hədəfinə çevrildiyini açıqlayıb.
“Ozon”un məlumatına görə, Dağıstanın Mahaçqala şəhərindəki logistika mərkəzində dron hücumundan sonra yanğın başlayıb. Adıgey Respublikasının Adıgeysk şəhərində və Stavropol diyarının Nevinnomıssk şəhərindəki anbarların əməkdaşları isə təxliyə edilib.
“İlkin məlumata görə, bir neçə nəfər xəsarət alıb”, – şirkət Mahaçqaladakı obyektlə bağlı açıqlamasında bildirib. Həmin logistika mərkəzinin fəaliyyəti dayandırılıb.
Şirkət Krasnodar diyarının Enem qəsəbəsindəki obyektində güclü yanğın baş verdiyini də açəqlayıb. bildirib. Adıgey və Stavropoldakı obyektlərə isə ziyan dəymədiyi bildirilib.
Hücum xəbərlərindən sonra Moskva Birjasında “Ozon”un səhmləri 12 faizədək ucuzlaşıb. Şirkətin əsas səhmdarlarından olan AFK “Sistema”nın səhmləri isə təxminən 13 faiz dəyər itirib.
“Ozon” rəqibi “Wildberries”dən sonra Rusiyada Ukrayna dronlarının hücumlarının hədəfinə çevrilən ikinci böyük elektron ticarət şirkətidir.
Avropa Komissiyası Ukraynaya 6,1 milyard avro ayırıb
Bu arada Avropa Komissiyası Ukraynanın hava hücumundan müdafiə sistemləri, raketlər, sursat və radarlar kimi yeni müdafiə sistemləri alması üçün əlavə 6,1 milyard avro (7,12 milyard dollar) ayırmağı təsdiqləyib.
Avropa İttifaqı (Aİ) bildirib ki, bu son yardım paketi daha əvvəl təsdiqlənmiş 16 milyard avroluq planlara əlavədir. Həmin vəsaitin 8,35 milyard avrosu artıq ödənilib.
“Rusiya hücumlarını gücləndirdiyi bir vaxtda Ukraynaya əhalisini və hava məkanını qorumaq üçün köməyimizi artırırıq. Avropa Ukraynanın yanındadır və ona gərəkəni, lazım olanda çatdıracağıq”, – Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bəyanatında bildirib.