Keçid linkləri

2017, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:24

Baş həkim: 'Xəstələrimiz öləndə xoşbəxt ölürlər'


Psixiatrik xəstəxanada bir xəstə

Psixiatriya xəstəxanasında 7 nəfər soyuqdan ölüb

Ukraynada Axtırka psixiatriya xəstəxanasının baş həkimi həbs olunub. Son bir ayda bu xəstəxananın 7 pasiyenti vəfat edib. İstintaq baş həkimi xəstələri bilərəkdən soyuqda saxlamaqda və onların sətəlcəmdən ölmələrinə səbəb olmaqda günahlandırır. Baş həkim isə iddiaları təkzib edir. Ona qarşı ittihamı “siyasi sifariş” adlandırır. Bu barədə “Currenttime.TV”nin saytı yazır.

Sumı vilayətindən Axtırka xəstəxanasının yerləşdiyi yaşayış məntəqəsinə 80 kilometrdən çox var. Kənddə yollar bərbad, evlər yarıuçuq durumdadır. Vilayətin ayrı-ayrı yerlərindən psixi pozğunluğu olan xəstələri buradakı 2 saylı xəstəxanada müalicə edirlər.

Xəstəxana
Xəstəxana

Rəhbərlik susub

Pasiyentlərdən Sergey Lutsenko xəstəxanadakı şəraiti belə xatırlayır:

“Çox soyuq idi. Kömür də bilmirik, hara yoxa çıxıb. Hamı donurdu. Şükür Allaha, indi bir az yaxşıdır”.

Soyuqdan ölən xəstələrdən biri də 59 yaşlı Viktor Gladenko olub. Bacısı Raisa Lujanova-nın dediklərindən:

“Milis xəbər verməsəydi, özüm də onun ölümündən xəbər tutmayacaqdım. Qardaşıma sonuncu dəfə payızda baş çəkmişdim. Elə bir dənə “salam” deyib getdi. Çox içdiyinə görə həkim onu bu xəstəxanaya yazmışdı. Necə olub ki, donublar – Allah bilir”.

Xəstəxananın sənədlərindən də görünür ki, noyabrdan palatalarda dözülməz soyuq temperatur olub. Bununla belə, vilayət səhiyyə idarəsinin bildirdiyinə görə, baş həkim bu barədə lazımi orqanları bilgiləndirməyib.

Səhiyyə idarəsinin rəisi Sergey Butenko deyir ki, yalnız yanvarın 10-da ictimai fəallar və xəstə yaxınları ona zəng ediblər. Problemi olduğu kimi çatdırıblar:

"Xəstələr orda donurmuş, amma rəhbərlik bu barədə susub”.

Soyuqdan ölüblər

Alexander Glyadchishin
Alexander Glyadchishin

İstintaq çərçivəsində prokurorluq dekabrda ölmüş 7 pasiyentin meyitini eksqumasiya edib. Onlardan beşinin soyuq nəticəsində irinli sətəlcəmdən öldüyü bəlli olub. Hərçənd, tibbi sənədlərdə tamam başqa səbəb göstərilib.

Vilayət prokurorluğunun şöbə rəisi Aleksandr Glyadchishin deyir ki, ölüm səbəbi kimi, əsasən, ürək-damar xəstəlikləri göstərilib:

"Üç cəsəddə guya patoloji-anatomik müayinə aparılıb. Əslində isə cəsəd yarılsa da, daxili orqanlar heç müayinə edilməyib”.

Ekspertlər daha bir pasiyentin – bir il öncə vəfat etmiş 28 yaşlı qadının da cəsədini eksqumasiya ediblər. Sənədlərdə onun intoksikasiyadan keçindiyi göstərilib. Ancaq əslində, ölümə qabırğalardakı sınığın və kəllə-beyin travmasının səbəb olduğu aşkarlanıb.

Baş həkim: "Son vaxtlar mənə təzyiqlər olurdu ki, istifadəmizdə olan 100 hektar torpaqdan imtina edim"

Baş həkim Liliya Neofitnaya bütün ittihamları rədd edir:

“Bizdə xəstələrə çox yaxşı baxırlar. Onları hər şeylə təmin edirik. Sizi əmin edirəm ki, xəstələrimiz, belə demək olarsa, öləndə xoşbəxt ölürlər”.

Onun dediyinə görə, istilik sistemi ilə bağlı problem yarananda xəstələrə isti çay içirdiblər. Onlara adyal və isti paltar veriblər. Həkim ona qarşı səsləndirilən iddiaları isə “siyasi sifariş” adlandırır:

“İstifadəmizdə 100 hektar torpaq var. Bu torpaqlardakı təsərrüfat fəaliyyətindən əldə etdiyimiz gəlirlə xəstələrimizin əlavə təminatını gerçəkləşdiririk. Son vaxtlar mənə təzyiqlər olurdu ki, bu torpaqdan imtina edim. Üstəlik, bizə verilməli olan 1200 ton kömürün yalnız yarısını ala bilmişik”.

Səhiyyə idarəsi baş həkimin bu sözlərini təkzib edir. Bildirir ki, Liliya Neofitnaya ötən il dörd dəfə kömür üçün maddi yardım istəyib. Hər dəfə də müraciəti təmin olunub.

Hələlik, məhkəmə baş həkim barəsində aprelin 28-dək həbs qətimkan tədbiri seçib. O, pasiyentlərinə işgəncə verməkdə və onları dözülməz şəraitdə saxlamaqda ittiham olunur. İttiham sübut olunarsa, baş həkimi 8 ilədək həbs gözləyir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG