Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:14

Ukraynayla Polşanın məzar mübahisəsi


Lvovda polyak hərbçilərin məzarları
Lvovda polyak hərbçilərin məzarları

«Ukraynayla münasibətləri tarixi həqiqət üzərində qurmaq lazımdır. Ancaq bəzi hadisələri unutmaq olmaz». Polşanın yeni baş naziri Mateucz Mirawiecki özünün ilk bəyanatlarından birində belə deyib. Tarix, özəlliklə də İkinci Dünya müharibəsinin tarixi son zamanlar Polşa və Ukrayna siyasətçilərinin sərt bəyanatlarının mövzusuna çevrilib.

Lvovda yerləşən hərbi məzarlıqda Polşa ilə Ukrayna arasında 100 il bundan öncə baş vermiş müharibədə həlak olan polyaklar dəfn edilib. Demək olar, hər qəbrin üzərində tarixən Polşa krallarının tacqoyma mərasimində istifadə olunmuş rəmz – xaçlı qılınc var. Öz tarixini başqa ölkənin ərazisində necə təqdim etmək haqda diskussiya bu gün də davam edir. Belə ki, əslində burada qələbə rəmzi olan qılınc olmamalıdır. Ukrayna tərəfinin təsdiqlədiyi layihədə də qılınc yox, xaç göstərilib. Son bir neçə ay ərzində sərhədin hər iki tərəfindəki abidələr ictimai qarşıdurma üçün zəmin olub.

«UPA-nı (Ukrayna Üsyan Ordusu) Polşada təbliğ edən bütün rəmzlər qeyri-qanuni qoyulub. Onların mövcud olmağa haqqı yoxdur. Düşünürəm ki, onlar yerli hökumətlər tərəfindən söküləcək. Bu, aydın məsələdir. Biz tarixin saxtalaşdırılmasına və qətllərin qəhrəmanlıq kimi qələmə verilməsinə imkan verə bilmərik», – deyə Polşa Xarici İşlər Nazirliyinin siyasi kabinetinin rəhbəri Jan Parys bəyan edib.

İqtisadi əməkdaşlıq davam edir

Məhz Polşanın cənub-şərqindəki Peremışl şəhəri yaxınlığında Ukrayna Üsyan Ordusu döyüşçülərinə qoyulmuş xatirə abidəsinin sökülməsi iki ölkə arasında münasibətlərin kəskinləşməsinə yol açıb. Varşava bu addımın tamamilə qanuni olduğunu düşünür. Buna cavab olaraq, Ukrayna öz ərazisində qanunsuz qoyulmuş Polşa abidələrinin leqallaşdırılması ilə bağlı bütün prosedurları dayandırıb. Qarşılığında Polşa xüsusi siyahı tərtib edərək, tarixi yaddaş siyasətinə cavabdeh olan bəzi ukraynalı məmurların öz ərazisinə daxil olmasını yasaqlayıb.

«Belə başa düşürəm ki, kimsə özünün ani üstünlük və mənfəətini düşünür, ancaq gələcəkdə bunun mənfi nəticələri olacağını anlamır və görmür. Buna görə də biz... ssenari ilə oynamayacağıq və simmetrik cavab verməyəcəyik. Mənə elə gəlir, bu, ən yaxşı strategiyadır», – ukraynalı millət vəkili, Ukrayna-Polşa parlamentlərarası qrupunun rəhbəri Oksana Yurynets deyib.

Bütün bunlara baxmayaraq, tarixi qarşıdurma iki ölkə arasındakı iqtisadi əməkdaşlığı dayandırmayıb. Polşa Milli Bankı Ukraynada bir milyard avroluq kredit xətti açıb. Yeni dəmir yolları və hava reysləri işə salınır. Ukrayna hərbçiləri Polşadakı birgə Ukrayna-Polşa-Litva batalyonunun tərkibində təlim keçirlər.

Tarixçə

UPA İkinci Dünya müharibəsi zamanı mövcud olmuş, «Bandera hərəkatı» kimi tanınan Ukrayna Millətçi Təşkilatının silahlı qanadı olub. 1941-1945-ci illərdə UPA dəstələri sovet partizanlarına və gizli Polşa ordularına qarşı fəaliyyət göstərib. Eyni illər ərzində UPA hissələri Polşa ilə Ukrayna arasındakı etnik münaqişədə fəal iştirak edib. Polşanın «Armiya Krayova» kimi tanınan ordusunun Volın vilayətinin ukraynalı əhalisini məhv etməsinə cavab olaraq «Volın qırğını»nı törədib. Ukrayna ərazisində sovet hökumətinin bərpasından sonra UPA Qızıl Ordunun döyüşçülərinə, NKVD-nin daxili və sərhəd qoşunlarına, təhlükəsizlik orqanlarının əməkdaşlarına, partiya və kolxoz fəallarına, «şərq»dən gələn ziyalılara, sovet hökumətini dəstəkləyən adi insanlara qarşı hərəkət etməyə başlayıb.

UPA-nın qərargah və hissələrinin fəaliyyətinə rəsmən 1949-cu ildə son qoyulsa da, ayrı-ayrı xırda dəstələr 1956-cı ilədək fəaliyyətini davam etdirib. Ukrayna mənbələrində 1944-cü ildə UPA-nın şəxsi heyətinin sayının 20 minə çatdığı bildirilir.

2016-cı ildə Polşa parlamenti UPA əsgərlərinin Polşa əhalisinə qarşı törətdiyi qırğınları soyqırımı kimi tanıyıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG