NATO-nun baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Ukraynanın müttəfiqlərini Rusiyanın təcavüzünə qarşı müharibədə rəsmi Kiyevə gərəkən bütün hərbi dəstəyi davam etdirməyə çağırıb.
Stoltenberq bununla yanaşı, müttəfiqləri uzun sürən döyüşə hazır olması barədə xəbərdarlıq edib.
Hərbi alyansın baş katibi bu açıqlamaları Berlində Almaniyanın Kansleri Olaf Şoltsla görüşün ardından verib.
"Biz ukraynalılara bu gün döyüş meydanında güclü qalmaları üçün lazım olan silahları verməyə davam etməliyik ki, onlar sabah danışıqlar masası arxasında güclü ola bilsinlər", - NATO baş katibi deyib.
"Bu töhfələr Ukraynanın öz azadlığınn müdafiəsinə və Avropanın təhlükəsiz qalmasına kömək edir", - Stoltenberq əlavə edib.
Lakin Stoltenberq Almaniyanın DPA xəbər agentliyinə müsahibəsində qeyd edib ki, Ukrayna və müttəfiqlərinin məqsədlərinə çatması uzun müddət çəkə bilər.
“Biz uzunmüddətli müharibəyə hazır olmalıyıq. Müharibələr öz təbiəti etibari ilə gözlənilməzdir. Dəqiq bildiyimiz odur ki, danışıqlar masası arxasında baş verənlər döyüş meydanındakı vəziyyətlə birbaşa bağlıdır”, - Stoltenberq bildirib.
Ukraynanın əks hücumu ilə bağlı narahatlıqlar
Müttəfiqlərinin hərbi təchizatının köməyi ilə Ukrayna Rusiyanın səbəbsiz işğalından bəri itirdiyi əraziləri geri qaytarmaq üçün bu ilin yazından əks-hücum əməliyyatına başlayıb.
Ancaq Ukraynanın əks-hücumu gözlənildiyindən daha ləng irəliləyir və Kiyevin Qərb müttəfiqləri, xüsusən də Ukraynanın əsas hərbi və maliyyə dəstəkçisi olan ABŞ-da “müharibə yorğunluğu” ilə bağlı narahatçılıqlara səbəb olur.
NATO-nun baş katibi DPA-ya müsahibəsində deyib ki, Rusiyanın hazırlıq üçün vaxtını nəzərə alsaq, döyüşün çox çətin olacağı əvvəldən aydın idi.
"Biz bilirdik ki, Rusiya aylardır müdafiə xətləri hazırlayıb -- minalarla, tank səngərləri ilə, çoxlu müdafiə mövqeləri ilə..."
Onun sözlərinə görə, Ukrayna qoşunları döyüş meydanında üzləşdiyi çətinliklərə baxmayaraq, “daha çox ərazini azad edə biliblər”.