AzadlıqRadiosunun müxbiri Sergey Andryuşko yazır ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK-nın) bir üzvü Rusiyanın Ukrayna üzərinə tammiqyaslı hücumundan bəri ölkə xaricində çalışıb. AzadlıqRadiosu Ukrayna xidmətinin araşdırma qrupunun (Sxemı) əldə etdiyi dəlillər onun ABŞ-ın Florida ştatında çalışdığını üzə çıxarıb.
"Sxemı" avqustda bu araşdırmanı dərc edəndən sonra Yuri Buhlak MSK-dakı vəzifəsindən getməyə ərizə versə də, hələlik, öz işində qalır.
Ötən ilin martında işğalçı Rusiya ordusu Kiyevə doğru hərəkət edərkən məsafədən iş rejiminə keçən MSK görüşlərini də videokonfrans vasitəsilə keçirirdi.
Avqustda - hesabatın dərc edilməsindən az öncə, "Sxemı"ya telefon müsahibəsi verən Buhlak Ukraynanın xaricindən işləməsini bununla əsaslandırıb.
Ancaq MSK-nın məsafədən çalışmaq qərarı xaricdən işləməyi nəzərdə tutmayıb. Mərkəzi Seçki Komissiyası haqda Ukrayna qanununun 30.4-cü maddəsinə görə, "Ukrayna xaricində daimi yaşayış yerinə köçmək" parlamentə üzvlük müddəti bitməmiş MSK üzvünü vəzifəsindən kənarlaşdırmağa əsas verir.
Buhlakın 57 yaşı var. O, vaxtilə keçmiş prezident Petro Poroşenkonun partiyasından parlamentə seçilmiş və Poroşenkonun şirniyyat şirkəti – "Roshen"in idarə heyətinin sədri olmuşdu.
Ukrayna sərhədlərini keçənlərə dair bilgilərə çıxışı olan yetkili şəxslərin verdiyi məlumata görə, o, ötən il fevralın 12-də - Rusiyanın müharibəyə başlamasından 10 gün öncə Kiyevdən İstanbula uçub.
Buhlakın uçuşundan iki gün öncə prezident Volodimir Zelenski bütün dövlət nümayəndələrinə, o cümlədən parlament üzvlərinə üz tutaraq onları ölkə sərhədlərində toplanan on minlərlə Rusiya əsgərinin yaratdığı təhlükəyə dirənmək üçün vətənə dönməyə çağırmışdı. ABŞ həftələrlə Rusiyanın istənilən an Ukraynaya hücum edə biləcəyinə dair açıq xəbərdarlıq edirdi.
"Mən nə oliqarxam, nə də deputat"
Buhlak "Sxemı"ya bu müraciətin ona aid olmadığını düşündüyünü deyib: "Mən oliqarx deyiləm və deputat da deyiləm".
Həmin vaxt onun 2022-ci il martın 9-dək davam edəcək məzuniyyəti olub. Ancaq bundan sonra Buhlak bir daha Ukraynaya qayıtmayıb. O bunu şəxsi səbəblərlə izah etsə də, ayrıntıları açıqlamayıb.
Buhlak indi yaşadığı yerin MSK üzvü kimi vəzifələrini yerinə yetirməsinə mane olmadığını da deyib: "Mən dövlətim üçün işləmişəm, işləyirəm və işləyəcəyəm. Mənim və ya təşkilatımın tərəfindən hər hansı pozuntu olmayıb. Baş verən hər şey qanuni əsaslarla olub".
Bu il martın 9-dan MSK məsafədən işləmə icazəsini dayandırıb. Eyni gündə Buhlak atalıq məzuniyyətinə çıxıb. Ukrayna qanunlarına görə, atalıq məzuniyyəti uşaq üç yaşına çatanadək sürə bilər. Buhlak məzuniyyətdə olduğu müddətdə vəzifəsində qalıb, ancaq maaş almayıb.
Atalıq məzuniyyətinə görə 41 min dollar alıb
Qanun MSK üzvlərinin xaricdə yaşamasını yasaqlasa da, o, avqust ayından bəri dövlət büdcəsindən uşağın doğulmasına və sağlamlığına görə toplam 1.5 milyon qrivna (41 min dollar) alıb.
"Sxemı"nın hesabatı dərc etməsindən bir neçə gün öncə telefonla əlaqə saxladığı Buhlak istefa ərizəsini təqdim edib-etmədiyi haqda suala cavab verməyib. O, yaşadığı yeri də "Sxemı"ya bildirməkdən boyun qaçırıb.
Buhlak 2018-ci ildə təqdim edilmiş son maliyyə sənədlərində milyonçu kimi göstərilib. Onun dollar, avro və qrivnada toplam varidatı 1.2 milyon dollardır. Üstəlik, Kiyev və civarında evləri, Kiyev yaxınlığında 50 hektar torpaq sahəsi, iki "Land Rover" avtomobili, bir neçə qızıl və titan saatı var.
Avqustda – "Sxemı"nın hesabatı açıqlanandan sonra Buhlakın MSK üzvlüyünə namizədliyini verən partiya – Poroşenkonun Avropa Həmrəyliyi partiyası Buhlakın onun üzvlükdən çıxarılması üçün parlament qətnaməsi təqdim etməyə söz verib. Ancaq parlamentin saytında bununla bağlı hər hansı bilgi yoxdur.