Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 10:45

Ukrayna parlamenti ‘Rusiya vətənpərvərliyinin simvolunu’ qadağan etdi


Ukrayna parlamenti Rusiyada vətənpərvərlik simvolu sayılan, lakin bir çox ukraynanılar tərəfindən Rusiya təcavüzünün rəmzi kimi qəbul edilən qara-narıncı zolaqlı lentlərin ictimai yerlərdə gəzdirilməsini qadağan edib.

Ukrayna Verxovna Radasınının deputatları mayın 16-da müqəddəs Georgi lentlərinin qadağanı barədə qanuna səs veriblər.

Müqəddəs Georgi lenti Rusiyada 1945-ci ildə nasist Almaniyası üzərində qələbənin rəmzlərindən biri sayılır.

Ukraynanın şərqindəki rusiyayönlü separatçılar müqəddəs Georgi lentinin simvolikasından geniş istifadə edirlər
Ukraynanın şərqindəki rusiyayönlü separatçılar müqəddəs Georgi lentinin simvolikasından geniş istifadə edirlər

Lakin Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən separatçıların bu rəmzdən geniş istifadə etməsi, onu Ukraynada separatçılığın və yadelli işğalın simvoluna çevirib.

Prezident Petro Poroşenko tərəfindən imzalanmalı olan bu qanunu pozanların 2550 hrivna (96 dollar) cərimələnməsini nəzərdə tutur. Ağırlaşdırıcı hallarda qanunu pozanlar 15 gün müddətinə həbs oluna bilərlər.

Qanunun qəbul edilməsi Rusiyada bir çox rəsmiləri qəzəbləndirib.

Bir çox ukraynalılar üçün narıncı-qara zolaqlar "Rusiya təcavüzünün" simvoludur
Bir çox ukraynalılar üçün narıncı-qara zolaqlar "Rusiya təcavüzünün" simvoludur

Qanun bu lentin bəzi yerlərdə görünməsinə icazə verir. İsitsnaya görə lent 1991-ci ilədək verilmiş dövlət sənədlərində, mükafatlarında, muzeylərdə, qəbristanlıq və şəxsi kolleksiyalarda görünə bilər.

Millətçi deputat Anton Heraşşenko deyib ki, qanun “Rusiya təcavüzünə” qarşı mübarizəyə kömək edəcək.

Mayın 16-da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün Facebook səhifəsində Ukrayna parlamentinin qərarını “antidemokratik” və “antitarixi” adlandıraraq tənqid edib.

Rusiya xarici siyasətində tanınmış simalardan biri, Federasiya Şurasının üzvü Frans Klintseviç deyib ki, Ukrayna bu qanunla “bütün böyük vətən müharibəsi veteranlarını düşmən elan edib”.

Qanuna 238 səs verilib. Bu, onun qəbul edilməsi üçün lazım olan saydan 12 səs çoxdur.

Tarixi arayış

Sovet simvolikası kimi tanınsa da, müqəddəs Georgi lentinin tarixi daha köhnə vaxtlara gedib çıxır.

Bu lent 1796-cı ildə çariça Yekaterina tərəfindən təsis olunmuş müqəddəs Georgi ordeninin bir hissəsi olub.

Yaranması Rusiya imperiyasının Qafqaz və Azərbaycan da daxil yeni böyük ərazilər işğal etməsi ilə eyni dövrə təsadüf edən bu ordenin lentindən imperiya qoşunlarının bayraqlarında geniş istifadə olunurdu.

Rusiya Cənubi Qafqaz hərbi kampaniyasını davam etdirdiyi bir vaxtda, 1806-cı ildə ayrıca müqəddəs Georgi bayraqları da təsis olunub.

1917-ci ildə oktyabr inqilabının qələbəsi ilə ləğv olunan Georgi lentləri bir də 1941-ci ildə Stalinin qərarı ilə qvardiya qoşunlarının nişanı kimi qəbul olunub.

1945-ci ildə lent yenidən ordenin bir hissəsinə çevrilib. Bu, üzərində Stalinin barelyefi olan Qələbə ordeni idi.

Ordenin və lentin daha bir dirçəlişi, SSRİ-nin çökməsindən sonra, 1998-ci ildə, Boris Yeltsinin hakimiyyəti zamanı baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG