Fevralın 14-də NATO-nun Brüsseldəki baş qərargahında Ukraynanın müdafiəsi üçün təmas qrupunun Ramştayn çərçivəsində 19-cu iclası başlanıb.
Media xəbərlərində deyilir ki, bu iclasda Ukraynanın silah-sursat və raketlərlə təchizatının artırılması məsələsi müzakirə olunmalıdır.
İclası ABŞ-ın müdafiə naziri Lloyd Ostin açıb. Ostin üç gün əvvəl xəstəxanaya düşməsi ilə bağlı son anda Brüsselə səfərini təxirə salsa da, foruma onlayn formatında qoşulub.
Ostinə bu yaxınlarda prostat vəzinin xərçəngi diaqnozu qoyulmuşdu və onu ötən bazar xəstəxənaya “sıdıik kisəsindəki problemlərlə” bağlı gətirmişdilər.
O iclasın açılışında deyib:
“Bu namərd və əsasız müharibəni başlayanda Putin düşünürdü ki, Ukrayna süqut edəcək. Amma o çox yanılırdı. Ukrayna bu müdaxiləyə heyrətamiz mətanət və fenomenal bacarıqla tab gətirdi”.
“Kreml hələ də ümid edir ki...”
Pentaqon rəhbərinin sözlərinə görə Kreml hələ də ona ümid edir ki, təmas qrupuna üzv olan ölkələrin Ukraynaya marağı azalacaq və partnyorların ona dəstəyi zəifləyəcək.
Lakin Ostinin sözlərinə görə bu baş verməyib:
“Amma mən, elə siz də, indi hər vaxt olduğundan daha çox əminik ki, bu təmas qrupu qətiyyətlə doludur və sarsılmazdır. ABŞ Ukraynanın yanında qalır və Ukraynanı Putinin imperialist təcavüzünə qarşı mübarizədə dəstəkləməkdə davam edəcək”.
Ostin bildirib ki, “ABŞ da daxil koalisiya üzvləri Ukraynanı dəstəkləyirlər və bu, düzgün yoldur, çünki bu Birləşmiş Ştatların özünün təhlükəsizliyinin təməl maraqlarındadır. Ukrayna təslim olmur və biz də təslim olmayacağıq”.
Ukraynanı bu iclasda həm də ölkə ordusunun yeni baş komandanı Aleksandr Sırski təmsil edir.
Ukrayna uğrunda koalisiyalar
Ramştayn qrupunun görüşündən əvvəl Brüsseldə ilk dəfə olaraq Almaniya və Fransa müdafiə nazirlərinin səviyyəsində hava hücumundan müdafiə koalisiyasının iclası keçirilib.
Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, belə bir koalisiyanın mövcudluğu Ukraynanın havadan müdafiəsini xeyli gücləndirəcək.
Ümumilikdə bu koalisiyaya 15 ölkə daxildir. Onlar Ukraynanın hava hücumundan müdafiəsi üzrə koalisiya yaradılmasına dair memorandum imzalayıblar.
Pistorius bunu da bəyan edib ki, Alamaniya Polşanın rəhbərliyi altında zirehli texnika və tank koalisiyasına qoşulacaq.
Nazir deyib ki, onun ölkəsi demək olar hər gün Ukraynaya silahlar verir.
Pistorius bunu da bəyan edib ki, Almaniya bu il Ukraynaya ötən il olduğundan 3-4 dəfə çox artilleriya sursatı verəcək. Almaniyanın bu il üçün artilleriya sursatı xərcləri 3.5 milyard avrodur.
Bu arada məlum olub ki, Kanada Ukraynaya verilən F-16 qırıcılarına texniki xidmət göstərilməsi üçün 44 milyon dollar xərcləyəcək.
Bu barədə məlumatı Kanadanın müdafiə naziri Bill Blear verib.
Kanada naziri bunu da vurğulayıb ki, onun ölkəsi Danimarka və Fransa ilə əməkdaşlıqda Ukraynaya təyyarələr və ukraynalı pilotların təlimi üçün heyət verəcək.
Ramştayn iclası açılmazdan az əvvəl Niderland Ukraynanı dronlarla təchiz edən koalisiyaya qoşulub.