İllərdir ki, Donbasda separatçılara qarşı Ukrayna hökumətinin tərəfində döyüşən üç batalyon könüllü şəkildə silahlarını hüquq-mühafiə orqanlarına təslim edib.
Ukrayna Millətçilərinin OUN təşkilatına aid Şeyx Mənsur batalyonu, habelə Ukrayna Könüllü Ordusunun 8-ci batalyonu sentyabrın 11-də silahlarını könüllü şəkildə Donetskdəki milli polis qüvvələrinə təhvil verib.
Milli Polisin internetdə dərc etdiyi şəkillərdən artilleriya qurğularının, pərli raket qumbaralarının, yeşiklərlə güllə və partladıcıların təhvil verildiyi görünür.
Ukrayna Milli Polisinin rəis müavini Vyacheslav Abroskin, ölkə hərbçiləri və təhlükəsizlik qüvvələri ilə yanaşı silahların təhvil verilməsinə nəzarət edib.
Sözü gedən üç batalyon sırf könüllülərdən ibarət döyüş birləşmələrinin silahlarını təslim edən son qruplaşmaları idi.
Ukrayna könüllü batalyonlarının əksəriyyəti 2014-2015-ci illərdə ordu və polis qüvvələrinə daxil edilib.
Sovet İttifaqının çökməsindən sonra, Rusiya öz qoşunlarını Krıma və Donbasa göndərəndə Ukrayna ordusunun vəziyyəti ürəkaçan deyildi və separatçıalra qarşı müqaviməti məhz könüllü batalyonlar həyata keçirirdilər.
Sonrakı illərdə könüllü batalyonlar nizami Ukrayna ordusu ilə çiyin-çiyinə döyüşürdülər. Əksər könüllülər sonradan Ukrayna ordusu sıralarına qəbul edilib.
18-ci əsrdə Rusiya çarıçası Yekaterinaya qarşı döyüşmüş çeçen mücahidin adını daşıyan Şeyx Mənsur batalyonu Moskvaya qarşı çıxan çeçen döyüşçülərdən təşkil edilmişdi.