Ukrayna qüvvələri bütün cəbhə xətti boyunca ağır döyüşlər aparır, Rusiyanın şimal-şərqdə hücumlarını dəf edir, mərhələli şəkildə irəliləyirlər. Bunu Ukrayna rəsmiləri deyir. Bu arada Kiyevlə Vaşinqton Ukraynaya təhlükəsizlik qarantiyası üzrə danışıqlara başlamalıdır.
Baş qərargahın iyulun 31-də yaydığı məlumata görə, son 24 saat ərzində Ukrayna əsgərləri azı 20 əlbəyaxa döyüşə girib. Rusiyanın havadan zərbələri isə dinc əhali arasında itkilərə səbəb olur, infrastruktura ziyan dəyir.
Şərqi Donetsk vilayətində Rusiya tərəfin atəşindən iki dinc sakinin həlak olduğu bildirilir.
İyulun 31-də səhər cənubdakı Krivoy Roq şəhərində məktəbə raket zərbəsi endirilib, bir nəfərin həlak olduğu deyilir.
Ukraynanın şimal-şərqindəki Sumı şəhərində isə iyulun 30-da Rusiyanın raket hücumçundan iki dinc sakin öldürülüb, azı 17 nəfər xəsarət alıb.
Müdafiə nazirinin müavini Hanna Malyar cənubi Zaporojye vilayətində Ukraynanın əkshücumunda irəliləyişlər olduğunu bildirib.
“Berdyansk və Melitopol istiqamətində tədricən, amma qətiyyətlə irəliləyirik. Əkshücumun bütün istiqamətlərində döyüş davam edir”, – o bildirib.
Prezident Volodimir Zelenski axşam videomüraciətində deyib ki, iyulun 30-u cəbhədə “yaxşı, güclü gün” olub.
Təhlükəsizlik qarantiyaları
Zelenskinin işlər idarəsinin başçısı Andrey Yermak Ukraynanın bir neçə günə Vaşinqtonla Kiyev üçün “möhkəm” təhlükəsizlik qarantiyaları üzrə müzakirələrə başlayacağını deyib. Məqsəd Ukraynanın NATO üzvü olanadək özünü qorumaq qabiliyyətini təmin etməkdir.
“Ukrayna gələn həftə təhlükəsizlik qarantiyaları üzrə ikitərəfli razılaşma ilə bağlı Birləşmiş Ştatlarla danışıqlara başlayacaq”, – Yermak iyulun 30-da Telegram-da yazıb.
“Bu qarantiyalar Ukrayna təhlükəsizliyinin ən etibarlı təminatını əldə edənə, NATO üzvü olanadək qüvvədə olacaq. Ölkəmizdə müharibə getdiyi, NATO-ya üzv ola bilmədiyimiz müddətdə dövlətimiz keçid dövrü üçün ən təhlükəsiz və etibarlı qarantiyaları təmin etməlidir”, – o yazıb.
Yermak onu da qeyd edib ki, tezliklə Ukraynanın təşkilatçılığı ilə Səudiyyə Ərəbistanında görüş keçiriləcək və Zelenskinin sülh planı müzakirə olunacaq. Bu plan isə Rusiyanın bütün qoşunlarının Ukrayna ərazisindən çıxarılmasına əsaslanır.
Zelenskinin xəbərdarlığı
Zelenski iyulun 30-da xəbərdarlıq edib ki, “müharibə”nin Rusiyaya çatması “qaçılmazdır”. Bundan öncə Moskvaya dron hücumu Rusiya paytaxtında aeroportun müvəqqəti qapadılmasına səbəb olub.
“Müharibə tədricən Rusiya ərazisinə qayıdır – simvolik mərkəzlərinə və hərbi bazalarına. Bu, qaçılmaz, təbii və tamamilə ədalətli prosesdir”, – Zelenski iyulun 30-da İvano-Frankivsk şəhərinə səfəri zamanı deyib. Bu şəhər Ukraynanın qərbində yerləşməsinə baxmayaraq, daha öncə Rusiya raketilə vurulub.
Rusiya rəsmiləri iyulun 30-da səhər Moskvaya üç Ukrayna dronunun hücum etdiyini, bir mühafizəçinin xəsarət aldığını, Vnukovo aeroportunun müvəqqəti bağlandığını açıqlayıb.
Rusiyanın Müdafiə Nazirliyi bunu “terror hücumu cəhdi” adlandırıb, bir dronun vurulduyğunu, qalan ikisinin hərəkətinin dayandırıldığını və nəticədə “Moskva-Citi” biznes kompleksinə dəydiyini bildirib.
Rusiyanın yerli Telegram kanallarının iyulun 30-da bildirdiyinə görə, cənub-qərbi Taqanroq şəhərinə dron zərbəsi endirilib, yanğın başlasa da, xəsarət alan olmayıb. Ancaq bu məlumatları təsdiqlətmək mümkün olmayıb.