Oktyabrın 23-ə keçən gecə Rusiya ordusu Ukraynaya kamikadze dronları və qanadlı raketlərlə hücum edib.
Odessa, Dnepropetrovsk, Kiyev və Xmelnitski vilayətlərində hava hücumundan müdafiə (HHM) sistemləri işə salınıb.
Odessa vilayəti üzərinə hücum üç saata yaxın çəkib və bu zaman 9 dron vurulub.
Vilayət hərbi administrasiyasının başçısı Oleq Kiper bildirir ki, dronlardan birinin parçaları porta bağlı infrastrukturun damını dağıdıb.
Kiperin sözlərinə görə nəticədə yaranmış yanğın söndürülüb.
Xarkov vilayətinə raket hücumu nəticəsində 6 poçt işçisinin həlak olduğu və daha 17 nəfərin yaralandığı xəbər verilir.
Region qubernatoru Oleh Sinehub deyib ki, poçt qovşağı Xarkov yaxınlığındakı Korotiç kəndində yerləşirdi.
İlhaq edilmiş Krımdan
Xmelnitski vilayəti hərbi administrasiyası başçısının birinci müavini Sergey Tyurin deyib ki, vilayətə hücum edən dronların hamısı vurulub, itki və dağıntı yoxdur.
Kiyev hərbi administrasiyasından bildiriblər ki, hava hücumu iki saatadək davam edib.
Administrasiyanın rəhbəri Ruslan Kravçenko deyib ki, kritik infrastruktur obyektlərinə və yaşayış infrastrukturuna zərər dəyməyib.
Ukrayna silahlı qüvvələri komandanlığının məlumatına görə Rusiya ordusu ilhaq olunmuş Krımdakı Çauda burnundan Ukraynanın cənubi, mərkəzi və şərqi regionlarına 13 Şahed dronu buraxıb.
Komandanlıq bütün dronların vurulduğunu bildirir.
Habelə Rusiyanın Su-34 təyyarəsindən X-59 raketi atılıb və bu raketi HHM Dnepropetrovsk üzərində vurub.
Bundan başqa Kiyev vilayətinə tipi məlum olmayan dronla hücum edildiyi və həmin dronun vurulduğu xəbər verilir.
Dronlu sentyabr ayı
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, sentyabr ayı ərzində Rusiya ordusu Ukrayna üzərinə Şahed dronları ilə rekord sayda hücumlar edib.
Bütünlükdə ölkə üzərinə 503 PUA buraxılıb.
Ukraynadakı Defense Express agentliyinin məlumatına görə Rusiya sentyabr ayı ərzində Ukraynaya 19 gün hücum edib.
Sentyabrda Ukrayna üzərinə orta hesabla hər gün 26 dron buraxılıb. Sentyabrın iki günü ərzində isə dronların sayı günə 44 olub.
Ukrayna HHM sentyabr ayı ərzində Rusiyanın 396 dronunu vurduğunu bildirir.
Avdiyivka uğrunda qanlı döyüşlər
Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Ukrayna Rusiyanın belə hücumlarını cavabsız qoymacaq.
Rusiya Ukraynanı dron zərbələrinə tutduğu bir vaxtda ölkənin şərqində Avdiyivka yaşayış məntəqəsi üzərinə hücumunu davam etdirir.
Bu qəsəbə Donetsk şəhərinin 15 kilometrliyində yerləşir.
Bu da xəbər verilir ki, Rusiya müharibə başlanandan bəri məhz Avdiyivka istıqamətində ən böyük hücumuna keçib.
Avdiyivkada hazırda 30 minlik mülki əhalidən yalnız 1600 nəfər qalır.