Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani bəyan edib ki, onu nazirliyinin bu günlərdə Ukraynadan çıxarılmış 8 Gürcüstan vətəndaşının deportasiyası ilə heç bir əlaqəsi olmayıb.
Tsulukiani noyabrın 20-də deyib ki, Ukrayna Gürcüstanı onun səkkiz vətəndaşının deportasiya edilməsi barədə məlumatlandırmayıb.
Gürcüstanın keçmiş prezidenti və Odessanın keçmiş meri Mixeil Saakaşvili Rustavi-2 telekanalına demişdi ki, Gürcüstanın Dövlət Təhlükəsziliyi Xidməti Ukrayna Təhlükəsizlik Xidməti – SBU-ya Ukraynada ötən həftə saxlanmış və ötən həftəsonu Gürcüstana deportasiya edilmiş şəxslərin adlarını verib.
Saakaşvili bidlirib ki, bu deportasiya siyasi motivlidir, çünki Gürcüstana göndərilən 8 nəfər ona Ukraynada etiraz aksiyalarını hazırlamaqda kömək edirdi.
Deportasiya edilmiş şəxslərdən biri, jurnalist Tamaz Şavşişvili AzadlıqRadiosuna noyabrın 14-də həbs edilərkən SBU zabitləri tərəfindən qəddarlıqla döyüldüyünü demişdi. Bundan sonra onun gözləri yapışqanlı lentlə bağlanmış və o qolları kəndirlənmiş vəziyyətdə mikroavtobusa oturdulmuşdu.
SBU-nun sözçüsü Olena Hitlyanska noyabrın 20-də AzadlıqRadiosuna müsahibəsində Şavşişvilinin dediklərini təkzib edib və bildirib ki, ona qarşı heç bir qeyri-insani hərəkətə yol verilməyib.
Saakaşvili 2004-2013-cü illər arasında Gürcüstanın prezidenti olub, amma hazırda onun barəsində dövlət çevrilişinə cəhd ittihamı ilə cinayət işi açılıb.
O 2015-ci ildə Ukrayna prezidenti Poroşenko tərəfindən Odessa vilayətinin meri təyin ediləndə Gürcüstan vətəndaşlığından imtina etmişdi.
Lakin Saakaşvili 2016-cı ildə bu vəzifəsindən istefa edərək Poroşenkonun müttədfiqlərini onun islahatlarına mane olmaqda ittiham etmişdi.
Bundan sonra ötən iyunda Saakaşvili Poroşenkonun sərəncamı ilə Ukrayna vətəndaşlığından məhrum edilmişdi.
Sentyabrın 10-da Saakaşvili sərhədə toplaşmış tərəfdarlarının köməyi ilə Polşadan Ukrayna ərazisinə keçib və bu hadisədən sonra adamları hakimiyyətə qarşı etirazlara çağırır.
Poroşenko etirazlardan məqsədin ölkədəki vəziyyəti sabitsizləşdirmək olduğunu deyib.
Ukraynanın qüdrətli prokuroru Yuriy Lutsenko Saakaşvili və onun tərəfdarlarını ölkədə xaricdən maliyyələşən çevriliş hazırlamaqda ittiham edib.