Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 12:16

Ukraynanın Gürcü Legionu. ‘Düşmənimiz birdir’


Ukraynadakı Gürcü Legionu
Ukraynadakı Gürcü Legionu

Gürcü Vadim Çxetiani Ukraynada xəstəxanada yatır. O, sentyabrda gürcülər, digər xaricilər və ukraynalılarla birlikdə Rusiya işğalçılarına qarşı döyüşərkən ağır yaralanıb.

45 yaşlı Çxetiani Ukrayna Silahlı Qüvvələrinin əsgəridir, 128-ci dağ hücum briqadasında döyüşür.

Vadim Çxetiani
Vadim Çxetiani

Gürcü Legionu

Ukrayna ordusunda yüzlərlə etnik gürcünün döyüşdüyü bəllidir. Onların çoxu illərdir bu ölkədə fəaliyyət göstərən Gürcü Legionunun üzvləridir. Bu legionda başqa əcnəbilər də var.

2014-cü ildə, Rusiyanın Donbas bölgəsində münaqişə ocağı yaratmasından sonra təməli qoyulmuş Gürcü Legionu sonradan Ukrayna Silahlı Qüvvələrinə birləşdirilib.

Legionun 800-dən 1000 nəfərədək döyüşçüsü olduğu deyilir. Onların yarısını gürcülər, digər yarısını isə başqa millətlərdən əsgərlər təşkil edir.

Gürcü Legionu bu yaxınlarda Donetskin şərqindəki Baxmut şəhəri yaxınlığında bir neçə itki verib. Bu şəhər son həftələr Rusiya ordusunun şiddətli hücumlarına məruz qalıb.

Ölən əcnəbilər arasında gürcüstanlılar çoxdur

Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya tammuqyaslı hücum əmrindən az sonra Ukrayna Prezidenti Volodımır Zelenski xarici ölkə vətəndaşlarına müraciət edərək onları silah götürüb Ukraynanı müdafiə etməyə çağırdı. Kiyev rəsmiləri bu prosesi asanlaşdırmaq üçün xüsusi sayt da yaratdılar.

Onlarla ölkədən minlərlə könüllünün bu çağırışdan sonra Ukraynaya gəldiyi deyilir. Hərçənd bu rəqəmlərə şübhə edənlər də var.

Ukrayna ordusunda döyüşən əcnəbilərin dəqiq sayı bəlli olmasa da, itkilərin sayı get-gedə artmaqdadır. Bir hesablamada əhalisinin ümumi sayı 3,7 milyon nəfər olan Gürcüstandan gedən döyüşçülər arasında itkilərin digər millətlərdən daha çox olduğu göstərilir.

35-dək gürcüstanlı həlak olub

Dekabrın əvvəllərində Baxmut yaxınlığında baş verən son insidentlərin birində beş gürcüstanlının öldüyü bildirilir.

Hərbi ekspertlər Rusiyanın müharibəyə başlamasından öncə 80 min nəfər əhalisi olan Baxmutun strateji əhəmiyyətinin az olduğunu desələr də, Rusiya ordusu, o cümlədən “Vaqner” qrupundan muzdlu döyüşçülər son günlərdə şəhəri davamlı bombardman edirlər.

Gürcü Legionunun yaradıcısı və komandiri Mamuka Mamulaşvili dekabrın 5-də Gürcüstan mediasına deyib ki, müharibə ərzində Gürcüstandan gedən 33 könüllü həyatını itirib.

Mamuka Mamulaşvili
Mamuka Mamulaşvili

Dekabrın 15-də AzadlıqRadiosunun gürcü xidməti bu sayın 35-ə çatdığını bildirib. Bu əsgərlərdən birinin adı Serqo Lısıxdır. O, dekabrın 13-də həlak olub.

Bütün təhlükə və Gürcü Legionunun üzləşdiyi son itkilərə baxmayaraq, Çxetiani Ukrayna ordusuna qoşulmasını düzgün qərar sayır: "Bu il məni inandıran o oldu ki, bu müharibə təkcə Ukrayna üçün və ya hətta Gürcüstan üçün də deyil. Bu müharibə bütün dünya üçündür. Ölkələrimizin – kiçik ölkəmizin və bizdən qat-qat böyük olan Ukraynanın ümumi bir düşməni var”, – o deyir.

Minədək xarici vətəndaş

Çxetianı 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı başladığı müharibədə də döyüşüb. O həm də NATO-nun başçılığı ilə Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) tərkibində Əfqanıstandakı sülhyaratma əməliyyatlarına qatılıb. Ukraynada döyüşən digər gürcülərdən də bəziləri Əfqanıstanda olub.

Ukrayna ordusuna 2018-ci ildə qoşulan Çxetiani çox sayda döyüşlərdə iştirak edib.

Ukrayna rəsmiləri müharibənin ilk günlərində 52 ölkədən 20 min könüllünün gəldiyini deyirlər. Ancaq onlardan neçəsinin silah götürərək döyüşdüyü məlum deyil.

Prezidentin müşaviri Oleksiy Arestovıç iyulun 1-də 1000-dək xarici vətəndaşın Ukraynanın tərəfində döyüşlərdə iştirak etdiyini deyib.

Harvard Kennedi Məktəbinin Belfer Mərkəzinə aid “Russia Matters” saytı avqustda Şərqi Avropa və keçmiş sovet respublikalarından gələn könüllülərin çoxluq təşkil etdiyini yazmışdı. Polşa, Gürcüstan Belarus, Latviya, Litva və Rumıniyanın adlarının daha çox çəkildiyi qeyd edilir.

XS
SM
MD
LG