Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:41

Poroşenko və Merkel Ukrayna münaqişəsi əsirlərini müzakirə ediblər


Ukrayna prezidenti Petro Poroşenko və Almaniya kansleri Angela Merkel şərqi Ukraynadakı münaqişənin tərəfləri arasında hərbi əsirlərin dəyişdirilməsi zərurəti barəsində razılığa gəliblər.

Merkelin sözçüsü dekabrın 22-də deyib ki, iki lider arasında telefon müzakirəsi olub. Bundan bir gün əvvəl Merkel Rusiya prezidenti Vladimir Putinlə söhbət etmişdi.

Merkelin sözçüsü deyib ki, əsirlərin qarşılıqlı dəyişdirilməsi Minsk razılaşmalarının icrasında mühüm addım olmalıdır.

Sözçü bunu da bildirib ki, “cənab Poroşenko əsirlərin dəyişdirilməsinin tez bir zamanda baş tutması üçün əlindən gələni edəcəyini deyib”.

Ukrayna prezidentinin mətbuat xidməti xəbər verir ki, Poroşenko və Merkel Üçtərəfli Kontakt Qrupunun (ÜKQ) təşəbbüsü ilə Ukraynanın şərqində yeni atəşkəs razılaşması təşəbbüsünə tərəfdar çıxıblar.

Ukrayna, Rusiya və ATƏT-in nümayəndələrindən ibarət ÜKQ dekabrın 20-də bildirmişdi ki, tərəflər arasında dekabrın 23-ü gecəyarısından başlayaraq atəşin tam dayandırılması barədə razılıq əldə olunub.

Merkel və Poroşenko yalnız Yeni il bayramı günləri üçün nəzərdə tutulmuş bu atəşkəsin vəziyyətin daha uzun müddətdə yaxşılaşmasına imkan yaradacağına inanmaq istədiklərini bildiriblər.

2014 və 2015-ci ildə Minsk razılaşmaları imzalanandan bəri bir neçə atəşkəs elan edilsə də, onlardan heç biri davamlı olmayıb.

ÜKQ-nin görüşü zamanı əsirlərin dəyişdirilməsi barədə də müzakirələr olub, lakin bu tədbirin keçirilməsi üçün dəqiq vaxt müəyyən edilməyib.

Bəzi rəsmilər dəyiş-düyüşün ilin sonunadək baş tutacağına ümid edirlər.

Media məlumatlarına görə Ukrayna tərəfində 306 separatçı əsir saxlanır. Separatçıların əlində Ukraynanın 74 əsgərinin olduğu xəbər verilir.

Eyni zamanda Ukrayna və Almaniya liderləri Rusiyanın Birgə Nəzarət və Koordinasiya Mərkəzindən birtərəfli qaydada çıxmaq qərarından təəssüf ifadə ediblər.

Onlar Rusiyanı yenidən bu qrupa qoşulmağa çağırıblar. Bu qrupa habelə Fransa və Almaniya nümayəndələrinin də qoşulması mümkünlüyü müzakirə olunub.

Putin və Merkel dekabrın 21-də Ukraynanın şərqində atəşkəs və əsirlərin dəyişdirilməsi tədbirlərini müzakirə ediblər.

Bu söhbət zamanı Putin Merkelə deyib ki, Rusiya birgə nəzarət qrupunu Ukrayna hakimiyyət orqanlarının “məhdudiyyətlərinə və təxribatlarına” görə tərk edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG