Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Ukrayna Rusiya qarşısında təslim olmayacağını deyir


Ukrayna Minsk razılaşmalarının siyasi bəndlərini yerinə yetirməzdən əvvəl, bir çox başqa tədbirlərlə yanaşı Rusiyaya bağlı separatçıların yaratdığı DXR (Donetsk Xalq Respublikası) və LXR (Luhansk Xalq Respublikası) kimi qondarma qurumların ləğv edilməsini və Rusiya-Ukrayna sərhədi üzərində Ukrayna sərhədçilərinin nəzarətinin bərpa olunmasını tələb edib.

Ukrayna tərəfinin bu tələbləri barədə özünün Facebook səhifəsində Ukraynanın Minsk danışıqlarındakı əsas nümayəndəsi Leonid Kuchma-nın xüsusi təmsilçisi Darya Olifer yazıb.

Tələblərdən biri də Rusiya ilə sərhəd də daxil bütün Ukrayna ərazisində müşahidəçilyin ATƏT missiyasının nəzarətinə verilməsidir.

Bundan başqa Kiyev Ukrayna ərazisindən bütün xarici qoşunların çıxarılmasını, Donbasda qarşı duran qüvvələrin ayrılmasını və separatçılara tabe ərazilərdə Ukrayna seçki orqanlarının işinə imkan yaradılmasını tələb edir.

Ukrayna bildirir ki, yalnız bundan sonra Donetsk və Luhansk vilayətlərindəki bəzi ərazilərdə seçki keçirilməsi və bu ərazilərə xüsusi statusun verilməsi mümkündür.

Bundan əvvəl Ukrayna tərəfinin bu tələblərini xarici işlər naziri Vadim Pristayko və prezident Volodymyr Zelenskiy səsləndirmişdilər.

Oktyabrın 15-də Minskdə keçirilən danışıqlarda Ukrayna və rusiyayönlü separatçılar Donbasda qoşunların geri çəkilməsinə dair razılığa gələ bilməyiblər.

Ukrayna nümayəndələri bundan əvvəl bildirmişdilər ki, qoşunların təmas xəttindən geri çəkilməsi üçün 7 gün ərzində atəşkəsin pozulmaması şərtdir.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov deyib ki, Moskva Kiyevin bu şərtlərinin onun Minsk danışıqlarının şərtlərindən geri çəkilib-çəkilməməsi demək olduğu barədə qərara gəlməlidir.

O əlavə edib ki, Kiyevin bu şərtləri Moskva üçün gözlənilməz olub.

Özünü müstəqil elan etmiş DXR-in rəhbəri Denis Pushilin deyib ki, Minsk razılaşmasının tətbiq olunması üçün Ukrayna dövləti tamamilə "demontaj" edilməli və “yeni” Ukrayna yaradılmalıdır.

Bundan əvvəl rusiyayönlü separatçılar Kiyevin yeni şərtlərinin qeyri-məqbul olduğunu bildirmişdilər.

Son günlər ərzində Kiyevdə və Ukraynanın başqa şəhərlərində Rusiyaya güzəştlər edilməsinə qarşı etiraz aksiyaları keçirilir.

Ukrayna prezidenti Volodymyr Zelenskiy deyib ki, o Rusiya ilə danışıqlarda “kapitulyasiyaya” razı olmayacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG