Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:09

Ukrayna deputatı Vaşinqtonun Kiyevə təzyiqinə dair sənədləri açıqlayıb


Andey Derkach

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, Kiyevdə Ukrayna antikorrupsiya bürosu rəsmilərindən biri ilə ABŞ səfirliyi arasında məktublaşma açıqlanıb.

Bu sənədləri mətbuat konfransında Verxovna Radanın deputatı Andrei Derkach açıqlayıb.

O Amerika seçkisinə müdaxilə ilə bağlı cinayət işinin təşəbbüskarıdır.

Deputat bildirir ki, bu yazışmanı ona təhqiqat jurnalistləri veriblər.

Sənədlərdə iddia edilir ki, antkorrupsiya idarəsinin rəis müavini Gizo Uglava bir neçə il ərzində ABŞ səfirliyinə Kiyev və Vaşinqton arasında münasibətlərə xələl gətirən informasiyalar ötürüb.

Derkach-ın sözlərinə görə bu yazışma Ukrayna antikorrupsiya bürosunun ABŞ-ın Ukraynadakı diplomatik missiyasının bu iş üçün ayrılmış nümayəndəsinin tabeçiliyində olduğunu və səfirliyin Ukraynanın hüquq-mühafizə orqanlarına təsyiqlər etdiyini göstərir.

Derkach iddia edib ki, əldə edilmiş sənədlərdə Burisma şirkətinin adı çəkilir.

ABŞ-ın keçmiş vise-prezidenti Joe Biden-in oğlu Hunter məhz bu şirkətin direktorlar şurasında işləyib.

Biden 2020-ci il ABŞ prezident seçkisində Trump-ın əsas rəqibi ola bilər.

ABŞ Konqresinin demokratları Trump-ı Ukrayna prezidenti Volodymyr Zelenskiyə Joe Biden-ə qarşı təhqiqata başlanması məqsədilə təzyiq göstəməkdə ittiham edirlər.

Deputat bunu da bildirir ki, onda Ukraynanın keçmiş baş prokuroru Viktor Shokin-ə Burisma şirkətinə dair təhqiqatda təzyiq edildiyinə dair sənədlər də var.

Derkach sənədləri prokurorluğa təqdim edib. Deputat Verxovna Radada xüsusi komissiyanın yaradılmasına və istintaq sirlərinin məhkəməyə qədər açıqlanmasına dair cinayət işinin bərpa olunmasına çağırıb.

Ukrayna antikorrupsiya bürosunun nümayəndəsi AzadlıqRadiosuna deyib ki, qurum hazırda bu informasiyanı dəqiqləşdirir.

ABŞ-ın Kiyevdəki səfirliyi Derkach-ın açıqlamalarına hələlik münasibət bildirməyib.

Derkach-ın özünə gəldikdə isə o dəfələrlə Verxovna Radaya seçilib.

O 2012-ci ildə moskvayönlü prezident Yanukovych-in Regionlar Partiyasının üzvü idi, lakin 2014-cü ildə Avromaydanın qələbəsindən sonra həmin təşkilatı tərk edib.

Derkach son parlament seçkisində müstəqil namizəd kimi iştirak edib.

Prezident Donald Trump-ın iyulun 25-də Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə telefon söhbəti ABŞ Konqresində Trump-a qarşı impiçment araşdırmasının elan olunması ilə nəticələnib.

ABŞ kəşfiyyatının xəbərçisi bu telefon söhbətindən rəsmi şikayət vermişdi.

Şikayətdə deyilirdi ki, Trump Joe Biden və onun oğluna qarşı təhqiqata başlanması üçün Ukrayna prezidentinə təzyiq göstərib.

Demokratlar Trump-ı təkrar prezident seçilə bilmək məqsədilə öz administrasiyasından sui-istifadə etməkdə günahlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG