Keçid linkləri

2024, 25 İyun, çərşənbə axşamı, Bakı vaxtı 10:36

Ukrayna Consona təşəkkür edir, Conson ‘London sizinlədir’ deyir


Boris Consonun portreti Kiyevdəki şəkil qalareyasında
Boris Consonun portreti Kiyevdəki şəkil qalareyasında

Boris Conson baş nazir vəzifəsindən istefa çıxışında deyib ki, Britaniya Ukraynanın azadlıq mübarizəsinə ehtiyac olduğu qədər dəstək verəcək

Boris Conson baş nazir vəzifəsindən istefa çıxışında deyib ki, Britaniya Ukraynanın azadlıq mübarizəsinə ehtiyac olduğu qədər dəstək verəcək.

O habelə deyib ki, Ukraynaya hərbi, siyasi, humanitar dəstək onun baş nazirliyinin ən böyük nailiyyətlərindən biri olub.

O lap bu yaxınlarda Kiyevə səfər etmiş, bu həftənin əvvəllərində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmüşdü.

The Independent yazır ki, Conson baş nazir kimi son çıxışında deyib:

“Qoy bunu indi deyim ki, Ukrayna xalqı bilsin: Biz burada Birləşmiş Krallıqda sizin azadlıq uğrunda mübarizənizi nə qədər lazımdırsa o qədər dəstəkləyəcəyik”.

Conson deyib ki, o, Britaniyanın Ukraynaya Qərbin dəstəyini səfərbər etməsi ilə qürur duyur.

Boris Consonun istefa xəbərindən dərhal sonra Ukrayna siyasətçiləri keçmiş baş nazirə dərin təşəkkür ifadə ediblər.

Britaniya fevralın 24-də Rusiyanın Ukraynaya səbəbsiz və haqsız hücumunun ilk günündən bu ölkəyə silah-sursat və hərbi təlimlərlə böyük dəstək verib.

Ukrayna prezidentinin baş müşaviri Mixaylo Podolyak Twitter-də yazır ki, “cənab Conson həmişə Ukraynaya dəstəyin ön xəttində olub” və Rusiya ilə müharibənin nə qədər ciddi məsələ olduğunu “mərd-mərdanə” açıq bəyan edib:

“Silahlar, partnyorluq, koalisiya. Çox sağ olun, cənab Conson, biz bilirik ki, qələbə Ukraynanın gələcəyinin rəmzidir. Biz qalib gələcəyik, çünki bütün sivilizasiyalı dünya tamamilə Ukraynanın tərəfindədir”.

Ukraynanın millət vəkillərindən Oleksi Qonçarenko da Consona təşəkkürünü bildirib:

“Ukrayna bizim üçün etdiyiniz hər şeyə görə sizə sonsuz minnətdardır. Siz əbədi olaraq bizim tariximizdə qalacaq və gələcək qələbəmizdə iştirak edəcəksiniz. Çox sağ olun!”

Ukrayna XİN-in sözçüsü Anton Geraşşenko da ürək sözlərini bildirib:

“Biz Ukraynanın dəstəklənməsində tutduğunuz güclü mövqeyə görə sizə minnətdarıq. Biz sizə qüvvət arzu edirik. İstədiyiniz vaxt ölkəmizin qonağı ola bilərsiniz”.

XS
SM
MD
LG