Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 14:12

BMT Baş Assambleyası Ukraynanın ‘Krım qətnaməsini’ dəstəklədi


Dekabrın 19-da keçirilmiş səsvermədə BMT Baş Assambleyası “Ukraynanın Krım Muxtar Respublikasında və Sevastopol şəhərində insan haqlarının vəziyyəti” adlı qətnaməni dəstəkləyib.

Ukrayna və daha 30 ölkə tərəfindən təqdim olunmuş qətnamənin leyhinə 70, əleyhinə Rusiya, Belarus, Qazaxıstan və Çin də daxil 26 ölkə səs verib. 77 ölkə bitərəf qalıb.

Ukraynanın BMT-dəki Daimi Missiyası bildirib ki, qətnamə Ukrayna və Rusiya arasında silahlı münaqişənin olduğunu təsdiq edir və habelə Rusiya tərəfindən 2014-cü ildə qanunsuz olaraq ilhaq edilmiş bu ərazidə Rusiya qanunlarının retroaktiv şəkildə tətbiqini pisləyir.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib ki, bu qətnamə indiyədək Ukrayna münaqişəsinə dair BMT-də qəbul olunmuş “ən sərt sənəddir”.

BMT Krımda insan haqlarının pozulmasına dair ilk qətnaməni bir il əvvəl qəbul etmişdi.

Klimkin Tvitterdə yazıb: “Rusiya üzərinə təzyiq artırılıb”.

BMT-dəki Ukrayna diplomatları bildiriblər ki, krımlıların guya 2014-cü il referendumunda Rusiyaya birləşməyə səs verdiyini iddia edən Rusiya, Baş Assambleyada bu qətnamənin dəstəklənməməsi üçün üzv ölkələrə ciddi təzyiq edib.

Ukraynanın BMT missiyası Rusiyanın işğalı altında olan Ukrayna vətəndaşlarının zorla Rusiya vətəndaşları edilməsini pisləyib və qanunsuz həbs edilmiş ukraynalıların dərhal azad olunmasına çağırıb.

Qətnamə bütün insan haqları pozuntularına dərhal son qoyulmasını, qanunsuz həbs edilənlərin azadlığa buraxılmasını tələb edir. Qətnamə Rusiyanı Beynəlxalq Ədalət Məhkəməsinin yarımadadakı Ukrayna vətəndaşlarının bütün hüquq və azadlıqlarının bərpasını tələb edən keçid hökmünün icrasına çağırıb.

Qətnamədə habelə Rusiyadan Krım tatarlarının Məclisini “ekstremist təşkilat” elan edən qərarını ləğv etməsi, etnik tatarların üzərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması istənir.

Qətnamə Rusiyanı yarımadada Ukrayna və tatar dillərinin tədrisinin saxlanmasına çağırır.

Qətnamədə Rusiyanın BMT İnsan Haqları Missiyasını Krıma buraxmaması pislənir və Moskvadan jurnalistlərə və insan haqları müdafiəçilərinə yarımadaya maneəsiz giriş verilməsi tələb edilir.

Ukrayna prezidenti Petro Poroşenko qətnaməyə həmmüəlliflik etmiş və onu dəstəkləmiş ölkələrə təşəkkürünü bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG