Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Ukrayna Avromeydanın beş illiyini qeyd edir


Prezident Petro Poroshenko və xanımı xatirə mərasimində
Prezident Petro Poroshenko və xanımı xatirə mərasimində

Prezident Petro Poroshenko Ukraynada Avromeydan etirazlarının başlanmasının 5-ci ildönümünü qeyd edən nümayəndə heyətinə başçılıq edib. Bu etirazlarda ölkənin Qərbə daha çox yaxınlaşması və inteqrasiyası tələb olunurdu.

Poroshenko noyabrın 21-də Kiyevdəki Müstəqillik meydanında 2013-2014-cü ilin üç ayı ərzində dinc etirazlar zamanı öldürülənlərin xatirəsinin yad edilməsi mərasiminə qatılıb. Bu etirazlar həm də moskvayönlü prezident Viktor Yanukovych-ə qarşı yönəlmişdi və o nəticədə Rusiyaya qaçmağa məcbur olmuşdu.

Yadetmə mərasimində həm də baş nazir Volodymyr Hroysman və parlamentin spikeri Andriy Parubiy iştirak ediblər.

Burada əsasən təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüş 100-dək fəalın əksəriyyətinin həlak olduğu yerdə qoyulmuş Səmavi Yüzlüyün Qəhrəmanları abidəsinin önünə əklillər düzülüb.

Daha sonra Jitomir regionunda çıxış edən Poroshenko deyib: “Ləyaqət və azadlıq ukraynalılar üçün adi sözlər deyil. Bizim xalq üçün bu sözlər bütün yaşdan olanlara həyat deməkdir. Ləyaqət İnqilabı tiranlığı və diktaturanı heç vaxt qəbul etməyən xalqın əbədi azadlıq təşnəsinin məntiqi davamı olub”.

Yanukovych-in devrildiyi 21 fevral 2014-cü il tarixinin ardınca gələn həftələrdə Rusiya Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq edib və eyni zamanda Ukraynanın şərqindəki moskvayönlü separatçılara dəstək verməyə başlayıb.

Noyabrın 21-i Ukraynada rəsmən Firavanlıq və Azadlıq Günü kimi qeyd olunur. Bu Ukraynada 2004-cü il narıncı inqilabının başlanğıcı sayılır.

2005-2011-ci illərdə Ukraynada Azadlıq Günü kimi tanınan bu bayram Yanukovych-in dövründə ləğv olunmuşdu. Poroshenko 2014-cü ildə prezident olduqdan sonra bu günün qeyd olunmasını bərpa edib.

Noyabrın 21-də Ukrayna boyunca müxtəlif tədbirlər və mərasimlər keçirilib.

"Səmavi Yülüyün" portretləri
"Səmavi Yülüyün" portretləri

Demokratik Təşəbbüslər Forumundan Iryna Bekeshkyna-nın dediyinə görə 80-dək Ukrayna təhlilçisi, politoloqu, fəalı və media təmsilçisi arasında aparılmış sorğuda iştirak edənlərin “mütləq” çoxluğunun fikrincə Avromeydan üsyanı qalib gəlib.

Sorğuda iştirak edənlər bildiriblər ki, “Avropaya inteqrasiya yolunun bərpa edilməsi” ən böyük nailiyyət sayılmalıdır. Bu nailiyyət Ukraynanın Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalamasına və ölkə vətəndaşlarına blokun ərazisinə vizasız gediş-gəliş hüququ verilməsinə yol açıb.

Bununla yanaşı bir çox ekspertlər bildiriblər ki, inqilabdan sonra islahatlar yolundan “sapınmalar” baş verib və cəmiyyətə lazım olan bir sıra dəyişikliklər həyata keçirilməyib.

Bundan başqa Avromeydan zamanı həlak olmuş 100 etirazçının qətli üçün məsuliyyət daşıyanların həbslərinin ləngliyindən narazılıq ifadə olunub. Bu hadisələr zamanı habelə təhlükəsizlik qüvvələrinin 13 nümayəndəsi həlak olmuşdu.

Ukrayna Baş Prokurorluğu xüsusi istintaqlar departamentinin rəhbəri Serhiy Horbatiuk noyabrın 21-də deyib ki, hazırda nümayişçilərə qarşı 470 cinayət üzrə təhqiqat aparılır.

O əlavə edib ki, bu işlərdən 289-u məhkəmələrə göndərilib və indiyədək 52 nəfərin təqsiri sübut olunub. 9 nəfər azadlıqdan məhrum edilib.

Lakin Horbatiuk təəccübləndiyini bildirib ki, şübhəlilərdən 33-ü indiyədək Daxili İşlər Nazirlyində və Milli Polis Qüvvəsində işləməkdə davam edir. O məhkəmələri astagəlliyinə görə tənqid edib.

Horbatiuk deyib ki, “Avromeydan cinayətlərinin araşdırılması hökumətin prioritetinə çevrilməyib”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG