Keçid linkləri

2026, 12 Fevral, Cümə axşamı, Bakı vaxtı 17:37

Ukraynalı atlet Qış Olimpiya Oyunlarından kənarlaşdırılıb

Vladislav Qeraskeviç
Vladislav Qeraskeviç

Ukraynalı skeletonçu Vladislav Qeraskeviç İtaliyada təşkil olunan XXV Qış Olimpiya Oyunlarından kənarlaşdırılıb. Səbəb kimi onun Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qaydalarına əməl etməkdən imtinası göstərilib.

BOK fevralın 12-də bəyanat yayaraq Qeraskeviçin taxmağı planlaşdırdığı dəbilqənin yarış qaydalarına uyğun olmadığını bildirib. Dəbilqənin üzərində Rusiyanın işğalı nəticəsində həlak olmuş ukraynalı idmançıların şəkilləri yer alıb.

Bəyanatda deyilir ki, BOK, komitənin prezidenti Kirsti Koventri atletlə bir neçə yazışma və üzbəüz görüşlər keçirib, amma ukraynalı idmançı heç bir kompromis variantı qəbul etməyib.

Ona diskvalifikasiya qərarı fevralın 12-də yarışın başlamasına az qalmış bildirilib. Komandası isə qərardan İdman Arbitraj Məhkəməsinə şikayət edəcəyini açıqlayıb.

Ukrayna Milli Olimpiya Komitəsi Qeraskeviçi dəstəkləyir, amma onun diskvalifikasiyasına görə Oyunları boykot etməyi planlaşdırmadığını bildirib.

"BOK ilə heç vaxt qalmaqal istəməmişəm, onu mən yaratmamışam. Qalmaqalı BOK yaradıb, bir çoxlarının ayrıseçkilik saydığı qaydaların şərhi ilə", – Qeraskeviç fevralın 12-də videomüraciətində deyib.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa X platformasında Qeraskeviçə "prinsipliliyi və cəsarəti üçün" təşəkkür edib, BOK-un qərarını tənqid edib, "Gələcək nəsillər bunu utanc anı kimi xatırlayacaq", – o yazıb.

Ukrayna prezidenti Volodimir Zelenski diskvalifikasiyadan öncə sosial şəbəkədə idmançıya açıq dəstək verib: "Qış Olimpiya Oyunlarında milli komandamızın bayraqdarı Vladislav Qeraskeviçə mübarizəmizin bədəlini dünyaya xatırlatdığı üçün təşəkkür edirəm".

XS
SM
MD
LG