Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

'Udar'ın hədəfi bura idi...


Sovet qoşunları Bakı küçələrində patrul çəkir. 27 yanvar 1990
Sovet qoşunları Bakı küçələrində patrul çəkir. 27 yanvar 1990

Azərbaycan Xarici İşlər Nazirliyi 1990-cı il 20 Yanvar hadisələrinin növbəti ildönümü ilə bağlı dünən, yanvarın 19-da bəyanat yayıb.

Bəyanatda 1990-cı ilin 20 yanvar hadisələrinin səbəbinə toxunarkən bunlar qeyd edilib: «Bütün bu bəlaların əsasında 19-cu əsrin əvvəllərindən etibarən bölgəyə kütləvi şəkildə köçürülməyə başlayan və xüsusilə də Azərbaycanın tarixi torpaqlarında məskunlaşan ermənilərin əsassız ərazi iddiaları durub…».

Bəs, həmin dövr baş verənlərdə Azərbaycan xalqının SSRİ imperiyasına qarşı azadlıq mübarizəsinin hansı rolu olub?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AzadlıqRadiosuna deyib ki, indi burada iki məsələ və iki xətt var. Onun fikrincə, birinci xətt qəti şəkildə Rusiyanın Azərbaycanla bağlı adının mənfiyə çəkilməməsini diqqətdə saxlayır:

İ.İsmayıl
İ.İsmayıl

«Rusiyadan o qədər çəkingən hərəkət edirlər ki,...»

«Özü də təkcə bu bəyanatda deyil, digər məsələlərdə də belə mövqe tuturlar. Rusiyadan o qədər çəkingən hərəkət edirlər ki, tarix kitablarında hətta 1828-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalını «Azərbaycanın Rusiyaya birləşdirilməsi» kimi yazırdılar. Elə bil ki, nə Cavadxan müqaviməti olub, nə xalq Çar imperiyası qoşunları ilə döyüşüb, nə də qurbanlar olub».

İ.İsmayıla görə, indi də Rusiyadan o qədər asılılıq və çəkingənlik var ki, burada da Rusiyanın, sovet hökumətinin adı çəkilmir, ən yaxşı halda SSRİ-nin ovaxtkı rəhbəri Mixail Qorbaçovun adı qeyd edilir, sanki, bunu o tək edib: «Bunu ona görə edirlər ki, Rusiyadan kifayət qədər asılıdırlar».

İ.İsmayılın fikrincə, mövcud yanaşmada milli-azadlıq hərəkatının qeyd olunmamasının səbəbi hərəkatın rəhbərlərinin indi müxalifətdə olmasıdır:

«...Heydər Əliyevin gəlişindən bəhs edirlər»

«İstər Müsavat Partiyası, istərsə də Azərbaycan Xalq Cəbhəsi Partiyası bura aiddir. Bu səbəbdən milli azadlıq hərəkatının üstündən xətt çəkərək onu göstərmirlər. Buna görə də, 20 Yanvar hadisələrində millətin apardığı milli-azadlıq hərəkatını qeyd etmirlər. Həmin hadisələrdən danışdıqda Azərbaycanın Rusiyadakı nümayəndəliyinə Heydər Əliyevin gəlişindən bəhs edirlər».

İ.İsmayıla görə, bu, tarixin dəhşətli dərəcədə təhrif olunmasıdır.

Q.Hüseynli
Q.Hüseynli

«Bu, milli-azadlıq mübarizəsi idi»

Politoloq Qabil Hüseynli isə mövzu ilə bağlı sualı belə dəyərləndirib: «Sovet rəhbərliyinin və SSRİ prezidenti Mixail Qorbaçovun Azərbaycanı cəzalandırmasının ən əsas məqsədi, səbəbi Azərbaycanda başlamış milli-azadlıq hərəkatının digər müttəfiq respublikalara sıçraya bilməsinin qarşısını almaqdan ibarət idi».

Q.Hüseynlinin fikrincə, hərəkatın milli-azadlıq xarakteri daşıması, millətin vahid milli ideya ətrafında toplanması və bu mübarizəsinə görə Azərbaycan xalqının 1989-cu ildə bütün dünyada «ilin xalqı» elan edilməsi kimi faktlar bütövlükdə baş verən hadisələrin siyasi tərəfini yozmaq üçün əsas amillərdən biridir.

Politoloq əlavə edib ki, separatçıların Azərbaycana qarşı torpaq iddiaları və bununla bağlı Dağlıq Qarabağda başlatdıqları ekstremist hərəkətlər Azərbaycanda da buna adekvat cavabın verilməsinə səbəb olmuşdu:

«Mayak rolu»

«Xalq Azadlıq meydanına toplaşaraq hərəkatı çox qısa müddətdə milli azadlıq hərəkatına çevirdi. Çox qısa müddətdə SSRİ-dən ayrılmaq haqqında sənəd qəbul edildi. Nəticə etibarilə milli azadlıq hərəkatı dövlət müstəqilliyi haqqında Aktın qəbul olunması ilə Azərbaycanın köhnə sovet məkanında milli ideyalar üçün mayak rolunu oynadığını göstərdi».

Xatırlatma

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq dinc əhalini gülləbaran edib. Onda bu əməliyyata «Udar» adı verilmişdi. Sovet ordusu daha sonra Azərbaycanın Neftçala, Lənkəran kimi rayonlarına da daxil olub. O rayonlarda da itkilər olub. Ümumilikdə bu hadisələr nəticəsində 140-dan çox şəxs həlak olub, 744 nəfər yaralanıb. Üstəlik, 841 nəfərin həbs olunduğu bildirilir. Həmin insanlar Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi sayılırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG