Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 09:12

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...


Əhalinin banklara borcu 1 milyard manat artıb – 'Faizlər çox yüksəkdir'
Gözlə

No media source currently available

0:00 0:03:03 0:00

Əhalinin banklara borcu 1 milyard manat artıb – 'Faizlər çox yüksəkdir'

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 7.75-dən 7.25 faizə endirib. "Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib", - qurumun açıqlamasında vurğulanır.

Azərbaycanda son aylar illik inflyasiyanın təqribən 1 faizə düşdüyü bildirilir.

AMB bundan əvvəlki üç qərarında da uçot dərəcəsini endirib.

Uçot dərəcəsi aşağı olarsa, bank kreditlərinin faizləri düşməlidir. Amma bir neçə rübdür davam edən bu proseslərin fonunda Azərbaycanda kredit faizləri azalmır.

Bank faizləri...

Fevralda Azərbaycandakı bankların təklif etdiyi kreditin məbləği 300 manatdan 150 min manatadək dəyişib. Kreditin illik faiz dərəcəsi 11-16 aralığında olub. Mərkəzi Bankın məlumatına görə, 2024-cü il fevralın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20.3 faiz artaraq 24 milyard 362.5 milyon manat təşkil edib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 22.2 faiz azalaraq 454.1 milyon manat olub ki, bu da ümumi kredit portfelinin 1.9 faizinə bərabərdir.

Rüfət Quliyev
Rüfət Quliyev

Deputat: "Pulun maya dəyəri ən azından 16-17 faizdir"

Kredit faizlərinin aşağı düşməməsi ilə bağlı Mərkəzi Bank və başqa uyğun qurumlarla danışmaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, kredit faizlərinin aşağı salınacağı ehtimalı yoxdur: "Biz bu məsələni dəfələrlə qaldırmışıq. Bizə cavab verilir ki, bank krediti faizləri depozit faizlərindən üstəgəl uçot dərəcəsindən, 2-3 faizlik bank gəlirlərindən və bank risklərindən formalaşır. Bunların hamısı üst-üstə gələndə təklif olunan kredit faizləri alınır. Yəni, pulun maya dəyəri ən azından 16-17 faizdir".

Deputatın sözlərinə görə, bazar iqtisadiyyatı olan digər normal ölkədəki kimi, Azərbaycanda da tələb-təklif qanunu mövcuddur: "Belə faizlə verilən kreditlərə tələb varsa, deməli, təklif də olacaq. Bu faizlərlə krediti çox az adam götürərsə, onda banklar faizlərini azaldacaq".

Natiq Cəfərli
Natiq Cəfərli

"Kredit faizlərinə uçot dərəcəsinin çox az təsiri var"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, ölkədə iqtisadi institutlar zəif olduğu üçün Mərkəzi Bankın və onun faiz dərəcəsinin iqtisadiyyatda ciddi rol almasında problemlər var: "Devalvasiyadan öncə (2015) Azərbaycanda uçot dərəcəsi 3 faiz civarında idi. Amma bank faizləri 15-20 faiz olub. Sonra Azərbaycanda uçot dərəcəsi ən yüksək həddə -15 faizə yaxın oldu, amma yenə də kredit faizlərinə bunun ciddi təsiri olmadı. Bu ondan irəli gəlir ki, ölkədə qiymətli kağızlar bazarı, maliyyə, kapital bazarı yoxdur".

Onun fikrincə, bankların kredit faizlərinin yaranmasında uçot dərəcəsinin çox az təsiri var: "Yeganə təsiri odur ki, banklar Mərkəzi Bankdan qısa və ortamüddətli borc alarkən borcu uçot dərəcəsi faizinə uyğun alırlar. Amma borcun həcmi ümumi iqtisadiyyatın həcminə baxanda çox kiçikdir".

"Xarici bankların ölkəyə buraxılması asanlaşmalıdır"

N.Cəfərli kredit faizlərinə təsir edən iki əsas amili göstərir: "Onlardan biri depozit faizlərinin çox yüksək olmasıdır. Banklar bunun 10 faiz civarında olduğunu misal gətirib söyləyirlər ki, bu, bahadırsa, biz krediti da yüksək faizlə verməyə məcburuq. Depozit faizlərini də aşağı çəkə bilmirlər, çünki manatla depozitlərə maraq azalacaq, insanlar manat vəsaitlərini valyutaya çevirəcək. Bu, baş verəndə də valyuta bazarında gərginlik yaranır".

İqtisadçının sözlərinə görə, əsas səbəb rəqabətsizlik mühitidir. O hesab edir ki, kredit faizlərinin düşməsi üçün iqtisadi institutlar güclənməlidir və ciddi rəqabət mühiti yaranmalıdır, xarici bankların ölkəyə buraxılması asanlaşmalıdır.

XS
SM
MD
LG