Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Mitinqə görə bağlanan metro stansiyaları açılıb 


Bakı metrosu, 26 mart 2019
Bakı metrosu, 26 mart 2019

Oktyabrın 19-da saat 13:00-da Bakı metropoliteninin fəaliyyəti müvəqqəti dayandırılmış "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları saat 17:00-dan sərnişinlərin giriş-çıxışına açılıb.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

***

Bakı metrosunun bəzi stansiyalarında bu gün, oktyabrın 19-da saat 13:00-dan fəaliyyətin müvəqqəti dayandırılmasına qərar verilib.

Bu barədə “Bakı Metropoliteni” qapalı səhimdar cəmiyyətinin (QSC) oktyabrın 19-da yaydığı məlumatda yazılır.

Buna səbəb kimi Milli Şuranın oktyabrın 19-da mitinq keçirmək istəyi göstərilir.

“Bakı Metropoliteni” QSC məlumatında bildirir ki, bu addımı strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması məqsədilə atır.

Demokratik Qüvvələrin Milli Şurasının aksiyası Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb.

Milli Şura bu aksiyanın keçirilməsindən ötrü BŞİH-ə şəhərin mərkəzinə yaxın 3 yer təklif etmişdi.Amma BŞİH bu yerlərinn heç birini münasib saymayaraq, Milli Şuraya Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsini təklif etmişdi.

Bundan sönra, Milli Şura rəhbərliyi bu cavabla Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığının pozulduğunu bildirərək razılaşdırılmamış aksiyaya qərar veriblər.

Bakı şəhər Baş Polis İdarəsi də bəyan edib ki, icazəsiz aksiyanın qarşısı alınacaq.

Təşkilatçıların bildirməsinə görə, aksiyada siyasi məhbuslara azadlıq, uşaqlara aylıq müavinətin verilməsi, qaz və elektrikin əvvəlki qiymətlərlə satılması kimi tələblər daxildir.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar siyasi məhbus sayılan şəxslərin məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb edildiklərini vurğulayırlar.

Bəzi hakimiyyət rəsmiləri də habelə qeyd edirlər ki, ünvanlı sosial yardımlarla birgə uşaqlara aylıq müavinətin verilməsi düzgün olmaz. Azərbaycanda uşaqlara aylıq müavinətin ödənilməsi 2006-cı il yanvarın 1-dən ünvanlı sosial yardımların verilməsi ilə dayandırılıb.

2016-cı ilin noyabrında isə Azərbaycanda qaz və elektrikin qiyməti qaldırılıb. Amma qaz və elektrikin satış qiymətində müəyyən limit də tətbiq edilib. Həmin vaxtdan enerjidaşıyıcılar müəyyən limit çərçivəsində əvvəlki qiymətə satılır.

XS
SM
MD
LG