Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:31

'O, həyat yoldaşımı həmişəlik analıqdan məhrum edib'


Ultrasəs müayinəsi
Ultrasəs müayinəsi

“Həkimə gedirik ki, dərdimizə çarə etsin. Həkim şikəst edib atır kənara... Məhz həkimin bilgisizliyi üzündən 24 yaşlı həyat yoldaşım ağır xəstəlik tapıb. Vaxtında əməliyyata götürülməsəydi, daxilindəki çürümə bir az da davam etsəydi, indi həyatda yox idi. Ailəmizin gələcəyi məhv olub. Həkim məhv edib. O, mənim həyat yoldaşımı həmişəlik analıqdan məhrum edib. Bax, bu həkimlər gənc ailələri belə dağıdır”.

Ucar rayonu, Şahlıq kənd sakini Xəzər Muradov “Qaynar xətt”ə yazır ki, Mingəçevir şəhərində yerləşən "Tələbə" poliklinikasının Ailə Planlaşdırması şöbəsinin həkimi İradə Mirzəliyeva ailəni gələcəksiz, bir nəsli davamçısız qoyub.

Buna da bax:​ Ana körpəsinin ölümündə həkimləri günahlandırır

AYDA 3 DƏFƏ ULTRASƏS MÜAYİNƏSİ

Xəzər Muradovun sözlərinə görə, 4 il öncə ailə həyatı qurub. İki ildən sonra övladlarının olmamasından əndişələnib müayinədən keçmək qərarına gəliblər. Mingəçevirdəki “Tələbə" poliklinikasına üz tutublar. Gənc gəlin Vəsilə Muradova müayinələrdən keçəndən sonra həkim İradə Mirzəliyeva ona ağır dozalı iynə və dərmanlardan ibarət resept yazıb:

“Follikulların yoxlanılması adı ilə ayda 3 dəfə olmaqla, bir il həyat yoldaşımı ultrasəs müayinədən keçirərək hər dəfəsində ağır dozalı iynə-dərmanlar yazdı. Sonradan anladıq ki, həyat yoldaşımı ayda 3 dəfə ultrasəs müayinəsi ilə yoxlamaq – insanın bədənini nəyi var şüalandırmaq, əslində, tamahkarlıqdan irəli gəlirmiş. Çünki hər dəfə müayinəyə, resept yazılmasına görə həkimə pul verirdik. Bir gün də Vəsilənin vəziyyəti ağırlaşdı. Məlum oldu ki, müalicə tamamilə aparılıb, yoldaşımın uşaqlığına infeksiya düşdü, onu təcili əməliyyata götürdük. Cərrah-həkim bildirdi ki, səhv müalicə nəticəsində Vəsilənin uşaqlıq borusunda çürümə gedib. Uşaqlıq borusu cərrahiyə yolu ilə götürüldü. Bununla da İradə həkim bizi ömürlük övlad üzünə həsrət qoydu. Bir ailənin yarımçıqlığına, bir canın ömürlük şikəst qalmasına səbəbkar oldu”.

Buna da bax:​ Ana həkimlərin cəzalandırılmasını istəyir

Xəzər Muradov Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə müraciət edib. Ancaq onu hələ də dəvət edib izahatını almayıblar.

“Tələbə” poliklinikasındansa “Qaynar xətt”in suallarına, hələlik, cavab gəlməyib.

MƏHKƏMƏ YOLU

Hüquqşünas Vaqif Alıyev deyir, əgər ekspertiza nəticəsində pasiyentin iddiaları təsdiqini tapsa, həkim cinayət məsuliyyətinə cəlb oluna bilər:

“Deyirsiniz ki, pasiyent prezidentə, onun xanımına müraciət edib. Əslində, vətəndaşların işi, belə deyək, ona görə daşdan çıxır ki, onlar məsələni hüquqi müstəvidən kənarda çözməyə üstünlük verirlər. Məsələn, düşünürlər ki, prezidentə müraciət etsələr, tədbir görüləcək və sairə. Əslində isə vətəndaş vaxt itirir. Çünki məktub yolladığı qurum həmin məktubu dolayısı ilə həmin poliklinikaya göndərəcək ki, araşdırılsın. Poliklinika da, təbii ki, ittihamları üzərindən atacaq. Halbuki, vətəndaş dərhal məhkəməyə müraciət etməlidir. Həkimə qarşı iddialar qoyulmalıdır. Sağlamlığına zərər dəyib, ömürlük ana olmaqdan məhrum edilib, maddi ziyana düşüb və sair iddialar irəli sürülməlidir”.

Buna da bax:​ Zaqatalada uşaq ölümü – günah öləndədir?

Hüquqşünas deyir, pasiyentin əlində həkimin imzasıyla müayinə, dərman reseptləri varsa, bu, müraciəti daha da asanlaşdıracaq.

XS
SM
MD
LG