Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:57

Hər gün iki saat tütək çalan oğlan


Tütək çalan oğlan
Tütək çalan oğlan

-

Ramin Deko (Xüsusi olaraq AzadlıqRadiosu üçün)

O, tütəklə Bakının bütün küçə-tinlərini gəzərək beş-on manat çörəkpulu qazanır. Hər gün bir ünvanda bir-iki saat musiqi «ifa» edir və... gedir.

Peşəkar deyil, musiqinin ritmini tuta bilmir, ancaq ürək yanğısıyla oxuyur. Bu, bəlkə öz taleyinə çaldığı ağıdır, bəlkə də pul qazanmaq üçün seçdiyi bir yol. Hər nədirsə, əllərini əsdirə-əsdirə yoldan ötənlərin diqqətini cəlb edir.

ONU MARAQLANDIRAN TƏKCƏ BİR ŞEY VAR

Kimisi acı gülüşlə yanından ötüb keçir, kimisi qarşısına qoyduğu papağına qəpik-manat atır, kimisi də dayanıb seyr edir.

O, diqqətdən çox qorxur. Tamaşa edənlərə gözucu nəzər yetirib üzünü başqa səmtə çevirir. Daha çox boşluğa baxır. Sanki oradan kiminsə gəlişini gözləyir. Polisin, yoxsa papağına pul atacaq bir yoldan ötəninmi? Gözlərinin tez-tez oynamasından asayiş keşikçilərinin hər an onu yaxalayacağından ehtiyatlandığı hiss olunur. Odur ki, dəqiqəbədəqiqə papağındakı pullara baxır. Onu düşündürən, qayğılandıran planın dolması, bəs edəcək qədər məbləğin olmasıdır. Başqa heç nə...

İki-üç mahnıdan bir dayanıb bir az fasilə edir. Tütəyi köynəyinin ətəyinə silib təmizləyir, dərindən nəfəs alır və sonra yenidən ifa etməyə başlayır... Qulağa min cür musiqi sədası gəlir. Yoldan ötən hər kəsin ağzından bir avaz çıxır –«Vahidin qəzəlindən oxuyur», ««Sarı gəlin»i ifa edir», ««Ana» mahnısıdır».

Ərazidə olduğu müddətdə hələ heç kim oxuduğu mahnını dəqiq söyləyə bilmir. Axı, özü də nə ifa etdiyinin fərqində deyil. Onu maraqlandıran təkcə bir şey var - polis gəlməmiş bəs edəcək pulu toplamaq.

Qulağa min cür musiqi sədası gəlir.
Qulağa min cür musiqi sədası gəlir.

İTİ GÖZLƏR, DÜZ SEÇİLMƏYƏN ÜNVAN VƏ...

...Bir xeyli vaxt ötür. Ancaq hələ də soyuq daş döşəmələrdə bardaş quraraq ifasına davam edir.

Ayağa qalxması 4 saat çəkir. Deyəsən, ünvanı bu dəfə düz seçməyib ki, bu qədər gözləməli olub.

Və nəhayət, dostu gəlir və o, papağında pulları daha etibarlı yerə - gödəkcəsinin döş cibinə, ürəyinin üstünə qoyur, tütəyi arxa cibinə dürtür, papağını tozunu təmizləmədən başına taxaraq yola düzəlir. Yandan baxanda başının ortasında qum dənəcikləri dairə şəkli - Yer kürəsinə bənzər forma yaradıb.

Yeyin addımlarla irəlilədikcə arabir arxaya çevrilərək onlara kimin baxdığına diqqət yetirir. Boşluqdan, gözlə görünməyəcək qədər uzaq olan bir yerdən polislərin gəldiyi görünür. O isə hamıdan qabaq bunu duymuşdu, çünki gözləri bu neçə ildə diqqətlə izləməkdən çox itilənib.

***

Tütəkçalan oğlanın yeri hələ də boşdur. Allah bilir, bir də nə vaxt ora qayıdacaq. Ondan qalan yadigar yalnız tütəyindən bahalı mərmərlərə damcılanan ağız suyudur. Bu hopuntunu hətta yağış da yuyub apara bilməyib, ləkəsi qalıb. Yəqin indi başqa bir tində-küçədə özündən iz qoymaqla məşğuldur... Bəs həyatında hansı izlər var, bunu isə özündən başqa heç kim bilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG