Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:42

Türkmənistanda kütləvi veloyürüşün pulu kimdən çıxılır


Aşqabadda velosipedə 30 metrlik abidə ucaldılıb, iyun, 2020-ci il
Aşqabadda velosipedə 30 metrlik abidə ucaldılıb, iyun, 2020-ci il

Türkmənistanda Ümumdünya Sağlamlıq Gününə hazırlıqlar başlanıb. Hakimiyyət minlərlə dövlət qulluqçusu və tələbəni 7 aprel tədbirlərinə səfərbər edir.

AzadlıqRadiosunun türkmən xidməti yazır ki, tədbirlər böyük şəhərlərdə kütləvi veloyürüşlə başa çatacaq. İdman geyimlərində olan iştirakçılar ölkənin milli bayrağının rənglərinə boyanmış yaşıl rəngli velosipedləri sürəcəklər.

Ən böyük yürüş isə paytaxt Aşqabadda olacaq, ona avtoritar prezident Sərdar Berdiməhəmmədov və digər dövlət xadimləri başçılıq edəcəklər.

AzadlıqRadiosu-nun yerli müxbirləri xəbər verir ki, minlərlə dövlət qulluqçusu və tələbə işdən, məktəbdən çıxarılaraq tədbirlərə hazırlaşmağa aparılır.

Martın 26-da qərbi Balkan vilayətindən 1200 dövlət qulluqçusu Türkmənbaşı sahil şəhərinə mərasimlərdə iştiraka aparılıb.

Avaza kurort şəhərində aprelin 7-nə planlaşdırılan kütləvi velosiped yürüşünə hazırlığa işçilər, tələbələr cəlb olunub.

Hər idarə 3-10 arası iştirakçı göndərməlidir

Yerli mənbələrin radioya dediyinə görə, onların arasında tibb işçiləri, müəllimlər, polis əməkdaşları, rayon məhkəmələri və prokurorluq işçiləri olub. Hakimiyyət hər bir təşkilata gücündən asılı olaraq veloyürüşə 3-10 arası işçi göndərmək tapşırığı verib.

Tədbir iştirakçıları ilə görüşlərdə dövlət televiziyasının kameraları görünür. Adətən, dövlət televiziyası Ümumdünya Sağlamlıq Gününü idman tədbirləri, konsertlər, rəsmi toplantılarla işıqlandırır.

Hökumət rəsmiləri məsələylə bağlı AzadlıqRadiosuna şərh verməyiblər.

Sərt nəzarət altında olan Türkmənistanda rəsmilər və sıravi adamlar qeyri-dövlət mediasına danışmaqdan imtina edirlər.

Ancaq Avaza şəhərində anonimlik şərtilə danışan bir neçə veloyürüş iştirakçısı iddia edib ki, təşkilatçılar onlara tədbir üçün xüsusi velosiped və geyim vermirlər.

1700 dollar

Rəsmi orqanlar iştirakçıların işəgötürənlərinə – məktəblərə, xəstəxanalara göstəriş verib ki, onların geyim və avadanlığının pulunu ödəsin. Bir çox işəgötürənlər isə həmin pulu işçilərin özlərindən tələb ediblər.

“Təşkilat başçıları, o cümlədən məktəb direktorları işçilərə xəbərdarlıq edirlər ki, pul verməkdən imtina edənlər tutduğu vəzifədən asılı olmayaraq işdən çıxarılacaq”, – Balkanın Bərəkət rayonundan bir müəllim deyib.

Anonimlik şərtilə danışan müəllimin sözlərinə görə, hər bir iştirakçı üçün 1700 dollara yaxın pul yığılmalıdır.

Şimali Koreya ilə müqayisə olunan Türkmənistan minlərlə insanın qatıldığı dəbdəbəli və rəngli paradlar, konsertlər, toplantılar keçirməsilə tanınır. İştirakçılar hər il həftələrlə Müstəqillik Günü paradları və oxşar tədbirlərə hazırlaşırlar.

Hətta 2020-ci ildə, koronavirus pandemiyası vaxtı 7 min nəfərin iştirakıyla velosiped yürüşü keçirilib. Dövlət mediasının məlumatına görə, təkcə Aşqabadda 3 min 500 nəfər yürüşə çıxıb.

Berdiməhəmmədovun idman eşqi

Ümumdünya Sağlamlıq Günü Türkmənistanda rəsmi bayramdır. Ölkənin keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədov tez-tez velosiped sürən, at minən, basketbol oynayan, idman edən yerdə görüntülənir.

Ölkəni 2006-2022-ci illərdə sərt şəkildə idarə edən Berdiməhəmmədov sonradan hakimiyyəti oğluna ötürüb. Ancaq bu ilin əvvəlində özünə “türkmən xalqının milli lideri” adını verib, ölkənin adından bir neçə yüksək səviyyəli səfərlər gerçəkləşdirib.

İxtisasca diş həkimi olan Berdiməhəmmədov hər il apreldə Sağlamlıq və Xoşbəxtlik aylığı elan edir, kütləvi gəzintilər, idman tədbirləri keçirilir.

Dövlət mediası ata Berdiməhəmmədovu sağlam həyat tərzinin öncülü adlandırsa da, türkmənistanlıların çoxu bunu şəxsiyyətə pərəstişi gücləndirən ictimai şou sayır.

Velosipedə ən böyük abidə

2020-ci ildə ölkədə velosipedə dünyada ən böyük abidə ucaldılıb.

Türkmənistan həmçinin “3 min 246 iştirakçı ilə ən böyük velosiped maarifləndirmə dərsi” və “1995 iştirakçıyla ən uzun velosiped paradı”na görə Ginnesin Rekordlar Kitabına düşüb.

Tənqidçilər Aşqabadın rekord qırmaq düşkünlüyünü dövlətin pulunun gərəksiz yerə xərcləndiyini deyir, bu vəsaitin əhalinin həyat səviyyəsini yaxşılaşdırmağa xərclənə biləcəyini vurğulayırlar.

2022-ci ilin martında prezident postuna keçən Sərdar Berdiməhəmmədov da atasının təşəbbüslərini davam etdirir. O, ötən ilin aprelində Aşqabadda veloyürüşə başçılıq edib, bu il də bunu edəcəyi gözlənir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG