Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:30

Türkmənistanda turizmin ölməsi


Türkmənistanda otel.
Türkmənistanda otel.

Azadlıq Radiosunun türkmən xidməti Rovshan adlı bir dinləyicisinin Türkmənistanda turizmin acınacaqlı durumundan söz açan açıq məktubunu dərc edib.

Müəllif noyabrın əvvəlində Türkmənistanın turizm zonası sayılan Avazada keçirilən beynəlxalq sərgidə xarici şirkət nümayəndələrinin təmsil olunmadığından yazıb. Onun sözlərinə görə, sərgiyə qatılmağa çalışan şirkət təmsilçilərinin 90%-ə qədərinin Türkmənistan vizası almaq cəhdləri uğursuzluqla nəticələnib. Bəziləri isə vizalarını sərgi bitəndən sonra ala biliblər.

«Sərgidə yalnız iki özbək, bir Belarus şirkəti, Karlovı Varıdan iki otel, bir rus və bir BƏƏ şirkəti var idi. Vəssalam! Ancaq Nazirlər Kabinetinin iclasında baş nazirin müavini sərginin yüksək səviyyədə keçdiyini, 80 ölkənin iştirak etdiyini dedi. İnanmayın. Özü də bunu yoxlamaq çətin deyil. Biz niyə yalan danışaq ki?!», – məktubda deyilir.

«Pitsanın içində tük görüb qaytarirdilar»

Müəllif daha sonra həm də dövlət turizm komitəsi əməkdaşlarının qaldığı oteldə krandan gələn suyun çirkli, paslı və qonur olduğunu yazır:

Türkmənistan prezidenti yenə 'şou göstərir'
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

«Deyəsən, oteldə heç su filtrləri də yoxdur! Yeməyə isə heç sözüm yoxdur! Turizm işçiləri səhər yeməyi yeyə bilmək üçün əllərində boş boşqablar restoranın içində var-gəl edirdilər. Qəhvə tapmaq real deyildi. Belə biabırçı şəraitdə Türkmənistanın dövlət turizm idarəsinə tabe olan otel turistləri, xüsusən də xarici turistləri necə qarşılamağa hazırlaşır? Adamlar sadəcə pıçıldaşmırdılar, hər şeyi çox ucadan deyirdilər! Pitsa sifariş edənlər onun içində tük görüb geri qaytarırdılar, ət yeməkləri sifariş edənlər üfunəti hiss edib zəhərlənməkdən qorxur, yeməyi geri qaytarırdılar. Xarici qonaqlar bizə başsağlığı verir, bütün bunlara necə dözdüyümüzü soruşurdular.

Karlovı Varıdan olan otelin direktoru isterika vəziyyətində idi. O, sərginin özündən və otelin nömrələrindəki, stendlərdəki kir-pasdan və təşkilatçıların özündən şoka düşmüşdü», – məktubda deyilir.

Məktubda daha sonra sərgi müddətində dövlət komitəsinin bir rəsmisinin (məktubda onun adı göstərilib, ancaq radionun türkmən xidməti müəyyən səbəblərdən adı dərc etməyib) bir turizm şirkətinin qadın direktoruna göz verib işıq verməməsindən, hər yerdə onu təqib etməsindən, gizlənsə də, axtarıb tapmasından söz açılır.

«Gender bərabərliyi qanunu niyə işləmir?»

«Hamımız şokda idik. O, qadının şirkətinə lisenziya verməyəcəyinə and içdi. ...Səlahiyyətli orqanlar hara baxır? Gender bərabərliyi haqda qanun niyə işləmir? Sadəcə, müdirin gözəl qadın olmasına görə şirkəti bağlatdırmaq olursa, deməli, Türkmənistanda kişi qalmayıb. O, hətta həmin qadının şirkətini «Turizm» jurnalında dərc edilən operatorların siyahısına, məlumat kitabçalarına və xəritələrə salmağı da yasaqlayır. Hamı var, bircə onun şirkəti yoxdur... Türkmənistanın cinayət məcəlləsində KİV-də yalan məlumat verməyə görə cəza nəzərdə tutulub... Özü də, axı, bu, Türkmənistanda ən yaxşı şirkətdir və bizim ona çatmağımıza hələ çox var!», – məktubda deyilir.

Türmənistanda "sağlamlıq və xoşbəxlik" ayı..
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

Müəllif daha sonra oxucuların diqqətini 2016 və 2017-ci illərdə keçirilmiş sərgilərə aid fotoların tamamilə eyni olmasına yönəldib.

Məktubda turizm sahəsində baş-alıb gedən özbaşınalıq və qanun pozuntuları, məmurların şirkətlərdən xərac yığması, rüşvət verməyən şirkətlərə təzyiqlər haqda detallı məlumat verilir:

«Bəs biz nə edək? Bəli, biz də pul ödəmişik və buna görə çox utanırıq. Bəlkə, ona daha yüksək vəzifəni satın almaq üçün pul lazım olub?».

Radionun türkmən xidməti Asiya Oyunlarına qatılan turistlərin bağlanış mərasimindən öncə ölkəni tərk etdiyini yazmışdı. Məktubun müəllifi həmin məlumatın düzgün olduğunu, ancaq dövlət rəhbərlərinin bu işdə marağına görə məsələnin heç vaxt araşdırılmayacağını da yazıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG